1744-cü ildə Nadir şahın fərmanı ilə Borçalı Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alınaraq Kartli-Kaxeti çarlığının tabeçiliyinə verilmişdir. Fərman Gəncə bəylərbəyinin Nadir xan Əfşarın Muğanda şah elan olunmasına qarşı çıxması ilə izah olunur. Sonralar isə 1783-cü ildə Çar Rusiyası ilə Gürcüstan arasında bağlanmış “Georgiyevsk traktatı” nəticəsində Gürcüstan, o cümlədən də Borçalı Rusiya ərazisinə qatılmışdır.
Vaxtilə Gürcüstan ilə İran arasında diplomatik missiyanı Borçalı sultanları və yerli Azərbaycan türklərindən olan nüfuzlu feodallar yerinə yetirirdilər. Çar Teymurazın ən etibarlı adamlarından biri olan Sultan İbrahim ağa Borçalı öz diplomatik məharəti sayəsində çarlığın Şərq ölkələri, xüsusilə Əfşarlar imperiyası ilə əlaqələrində mühüm rol oynamışdır.
Yunan və romalı salnaməçilərini yaxşı tanıyan məşhur gürcü tarixçi və alim Platon İoselianinin “XIII Georginin həyatı” əsərində Borçalıya, eləcə də azərbaycanlılara aid müəyyən cizgilər vardır. Platon İoseliani Borçalı sultanlarından Sultan Hüseyn oğlunun və Sultan İbrahim ağa Borçalının çara yaxın olduğunu qeyd edir (Sultan titulu 18-ci əsrlərdə xan titulundan aşağı olan feodallara verilirdi – M.M.). O, əsərin əvvəlində Teymurazın sədaqətli dostu Sultan İbrahim ağa Borçalının adını çəkərək yazır: “Həmin vaxtlar qonşu xanlara məlumat verildi. İran hökmdarı Nadir şaha David Turkistanişvilini və Teymurazın sadiq dostu Sultan İbrahim ağa Borçalını göndərdilər. İsmarıcı və hədiyyələri onlar artıq vəfat etmiş Nadir şaha deyil, ondan sonra taxta çıxmış Əliqulu xan Adil şaha çatdırdılar” (Nadir şah öldürüləndən sonra onun qardaşı İbrahim xanın oğlu Əliqulu xan taxta oturmuş, Adil şah adı ilə sikkə və minbərləri zinətləndirmişdi – M.M.) (səh.4).
XIII Georgi hələ çar olmamışdan öncə Borçalı ellərinə tez-tez gedərmiş, Borçalı sultanları ilə sıx əlaqəsi varmış.
Platon İoselianinin yazdığına görə, Telavidə çar İraklinin 1798-cı il yanvarın 11-də vəfat etdiyi zaman onun varisi Georgi tatarların (azərbaycanlıların – M.M.) elçisinin şikayəti ilə Borçalı və Qazaxda imiş, elə buradaca böyük tavadlar, Kartli və Kaxetinin məmurları onun çarlığını təbrik etmişlər. “Fevralın 22-də çar Telaviyə getdi. Kartli və Kaxetinin 130 nəfər tavad və aznauru onunla idi. Çar atasını ağladı. Orada olan baş keşişlərdən bodbeli İohana və rustavili Stepaneyə və ninotsmindalı Mixailə matəm mərasiminin icrasını həvalə etdi. Sonra öz ögey anası çariça Darecanın yanına gedərək ona başsağlığı verdi...” (səh. 50).
Elə İraklinin ölümündən sonra ertəsi gün çar Georgi Borçalıdan söz ustadı xəttat David Cimşerişviliyə onun çarlıq üzüyünə sözlər yazmasını ismarladı.
Göründüyü kimi, Qazax və Borçalı mahal olub. Sonralar, Rusiyanın tərkibinə daxil ediləndə qəza olub. Qəzanın da mərkəzi Şulaveri (İndi Şaumyan adlanan qəsəbə) olub. İndi Bakıda ağzı genişlikdə olan, dəbbələnən üzdəniraq alimlər, ziyalılar, özlərini ortaya atanlar dünən doğulan şair və yazarların tərcümeyi-halını yazanda Borçalı mahalı verir. Axı ondan sonra qəza oldu, bir dəfə də qəza yazın. İndiki reallıqda nə mahal var, nə də qəza. İndi bir müddət işlənən rayon sözü, eləcə də milli hərəkatla hakimiyyətə gələn Zviad Qamsaxurdiyanın dövründə olan prefekt sözü artıq tarixə təhvil verilib.
Bakıda Borçalı cəmiyyətləri bir-birilə yarışa çıxıb. Zəlimxan Məmmədlinin vaxtında bu adla olan cəmiyyətin xeyli işlər gördüyünü bilənlər bilir. İndi bu adda iki cəmiyyət var. Birinin sədri Dəyanət Osmanovdur. 13 ildir yalnız bəyanatlar və başsağlığı yazmaqla məşğuldur. O birisi də iş adamı, əslən qarayazılı olan Ramiz Həsənovdur. Onu da deyim ki, Ramiz Həsənov Qardabanidəndir. El dilində desək, qarayazılı. Qarayazı, Qareubani vaxtilə Tiflis quberniyasına daxil olub. Onun Borçalı ilə heç bir əlaqəsi yoxdur. Qarayazı cəmiyyəti yaratsa idi pis olmazdı. Nə isə.
Bakıda mütrübdən tutmuş saxta aliminə kimi bu adı özünə təxəllüs götürüb. Get, öz kəndinin adını adına yaraşdır. Məsələn, Nurəddin Qasımlı, Məhəmməd Sadaxlı, Əhməd Sadaxlı, Mamed Algetli, Aslan Gorarxılı... İnandırım sizi, bu adı götürənlərin heç biri Borçalının tarixi, bu günü barədə heç nə bilmir. Sadəcə elə bilir ki, Borçalı adını işlətməklə şöhrət qazanacaq. Əslində, heç Borçalı olmayan saxta alimlər və bu adın kölgəsinə sığınanlar Borçalının adını batırırlar.
Sultan İbrahim ağa Borçalı İbrahim ağa Borçalı təxəllüsünü ilk götürən sultandır. Ondan sonra II İraklinin mühafizə dəstəsinin başçısı Xudu Borçalıdır. II İrakli onu Xudiya deyə çağırırdı. Xudad da çağıranlar vardı. Sovet dönəmində ilk dəfə bu adı özünə yaraşdıran Eyvaz Borçalı olub.
Borçalı torpağı – əzəli sevdam,
Adını adına yaraşdırmışam.
Könlüm alışanda bir misra qovdan,
Odumu oduna yaraşdırmışam.
Doğrudan da özünə yaraşdırıb. Borçalı da gözəl yaraşdırılıb.
M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu, M.Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə bölməsini bitirən Eyvaz Borçalı gürcü klassik şair Nikoloz Barataşvilinin şeirlər toplusunu Azərbaycan dilinə tərcümə etmişdi. Bu hadisə Gürcüstanda rəğbətlə qarşılanmışdı. O dövrlər Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Vasili Mjavanadze Eyvaz Borçalını qəbul etmiş, tərcümə üçün minnətdarlığını bildirmişdi. Söhbət əsnasında onun Borçalı təxəllüsündən imtina etməsini, bunun müqabilində “Sövet Gürcüstanı” qəzetinə redaktor təyin ediləcəyini bildirmişdi. Lakin Eyvaz Borçalı Borçalı təxəllüsündən imtina etməyəcəyini, buna görə də redaktor olmaq istəyində olmadığını bildirmişdi. Bunu Eyvaz Borçalı dostum İmir Məmmədli ilə ona qonaq olarkən bizə söylədi.
Borçalı bəyi Sadıq Yadigarovun soyundan olan, gürcü dilində yazıb-oxumağı öz ana dili kimi bilən Xudu Borçalı və yaxud Xudad bəy İraklinin və onun oğlu şahzadə Aleksandrın yaxın və sadiq dostlarından biri olmuşdu. Tarixi mənbələr göstərir ki, Xudu Borçalı Krtsanisi və Aspindza döyüşlərində fədakarlıqla vuruşmuşdu. II İraklinin nəvəsi Teymuraz Baqrationinin “Yeni tarix” kitabında Xudu Borçalı barəsində belə yazılıb: “Gecə isə o (Çar İrakli – M.M.) Eristavinin oğlu Ağababanı, Muxran batononun oğlu Svimonu – Nasaxçıbaşını (Nasağ – ərəb-fars sözüdür, sağ olmayan mənasını verir. Günahkarın bədən üzvlərini kəsmək, onu şikəst etmək cəzası. XVIII əsrin II yarısında məhkəmənin qərar və hökmlərini həyata keçirən məmur – M.M.), şücaəti ilə bütün Gürcüstanda tanınan, igid Xudiya Borçalını göndərdi və Aspindza körpusünün uçurulmasını onlara həvalə etdi. Onlar çarın bütün əmrlərini yerinə yetirdilər” (Səh. 53).
“İrakli gəldi və Aspindza körpüsünün dirəklərini dağıtdırdı və Kürə tökdürdü” (Oman Xerxeulidze “Çar II İraklinin həyatı”, Kartlis tsxovreba, II 1854, səh. 491-492). Bu mənbədə bu igidlərin adları çəkilməyib.
“Gecə isə (aprelin 19-da M.M.) çar Eristavinin oğlu Ağababanı, Svimon Muxran batonunun oğlu nasaxçıbaşını və bütün Gürcüstanda şücaəti ilə tanınan igid Xudiya Borçalını göndərdi və Aspindza körpüsünün uçurulmasını onlara həvalə etdi və onlar çarın bütün əmrlərini yerinə yetirdilər” (Kaxeti həyatının nəticələri, Kartlis tsxovreba, II, səh. 507).
Aleksandr Orbeliani “Ağa Məhəmməd şah Qacarın Tiflis şəhərinə hücumu” əsərində başqa bir yerdə yazır:
“...O ərəfədə gecənin birində Təhməzqulu ağa Xudu Borçalını yanına çağırtdırmışdı. Həmin anlar Xudu Borçalı Aleksandrenin yanında idi. O, Təhməzqulu ağaya dedi:
– Təhməzqulu ağa, mən şahzadə Aleksandreyə deməyə ərk edə bilmirəm, mənə qəzəblənər, bəlkə sən səhər tezdən özün bildiyin kimi deyəsən ki, yeməyimiz daha yoxdur, yaxşı olar ki, yenə də Axalsixeyə qayıdaq, Kür çayının suyu azalanda gələk, Kaxetə doğru yollanaq, yoxsa biz acların başına nəsə gələr.
O birisi gün səhər Təhməzqulu ağa şahzadə Aleksandrenin qarşısında dayandı, çox qəmli idi. Şahzadə ondan soruşdu:
– Təhməzqulu ağa niyə məyussan?
Əvvəlcə Təhməzqulu ağa ona dedi ki, heç bir şey olmayıb.
İkinci dəfə soruşduqda Təhməzqulu ağa hər şeyi danışmağa başladı və sakitcə Xudad bəyin nəsiyyət etdiyini dedi. O, acıqla ona cavab verdi:
– Təhməzqulu ağa, nə söyləyirsən, bu sənin fikrin deyildir, sənə Xudad bəy nəsiyyət verib. Axı bir de görüm, necə qayıdım? Yazıq kaxetlilər yurdu uğrunda qan tökürlər və mənə ismarlayıblar ki, “Tez özünü yetir, başçımız olsun ki, yurd uğrunda qılınc çalaq”. Bundan sonra mən necə qayıdım? Əgər istəyirsinizsə, sən və Xudad bəy gedin və mən burada acından ölüm. Mənim bir ovuc qanım və cəmdəyim, harada istəyir olsun, canım çıxsa da, buradan bir daha qayıda bilmərəm.
Təhməzqulu ağa ömründə belə biabır olmamışdı. Bir şey deyə bilmədi, ölü kimi idi. Nəhayət, güclə səsini çıxartdı və ərklə ona söylədi:
– Ey şahzadə, narahat olmayın, ac qalmarıq, sənin qadan alım.
...Dərhal otuz nəfərlə yola düşdük, ertəsi gün Marabda çölündən bir sürü qoyun oğurladım, gətirib şahzadəyə verdim, amma o, narahat oldu:
– Kimin evini yıxdın, o yazığınmı?
– Qadan alım, artıq əlac yox idi, bəs nə etməli idim? Tanrı sizin istəyinizi yerinə yetirəndə, bu qoyun yiyəsinə birə iki qat mərhəmətlik edin, – deyə Təhməzqulu ağa söylədi.
Şahzadə gülümsəyərək buyurdu:
– Bu sözsüz ki, belə olacaq, əgər Tanrı mənim istəyimi yerinə yetirsə”.
Aleksandr Orbeliani “1770-ci il Aspindza döyüşü” adlı xatirələrində yazır: “Aspindza döyüşünün əhvalatlarını eşitmişəm: Atamın atası Demetre (və yaxud Dimitri) orada çar İraklinin yanında hər yerdə ondan uzaq düşməyib, qulluqçular və başqaları: çox qocalmış David Demuraşvili, Berela Kobaxidze və Solomon Xatulaşvili o döyüşün əhvalatlarını dəfələrlə danışırdılar. Onlardan başqa Çar İraklinin yük qatırlarının həvalə olunduğu və sən demə, onun mindiyi atlara da qulluq edən, həmin Aspindza döyüşündə onun arxasınca gedən və hər yerdə çarın yanında olan qatırçı (gürcücə də qatırçı yazılıb – M.M.) Süleymandan dinləmişəm. Nəql edənlərin və onları dinləyənlərin bir neçəsindən həmin Aspindza döyüşü əhvalatlarını və bir çox başqa şeyləri eşitmişəm”.
Məhz elə bundan sonra bədii ədəbiyyatda bu faktdan istifadə edilməyə başlamışdı. Bundan ilk dəfə Yakob Qoqebaşvili istifadə etmişdi. Yakob Qoqebaşvili “Aspindza döyüşü” kitabında Xudu bəyin Aspindza döyüşü zamanı göstərdiyi igidliklərdən söz açaraq yazır: “Asanca başa düşə bilərik ki, körpü gürcülər tərəfindən dağıdılmışdı. Həqiqətən də belə idi. Elə başdanca İraklinin düşmən üzərində qələbə çalmağa tam ümidi var idi və düşmənin qaçdığı anda yolunu kəsmək istəyirdi. Buna görə də ötən gecə üç seçmə igid bir neçə nəfər əsgər götürüb gizlicə körpüyə yaxınlaşmalı və onu dağıtmalı idi. Bu igidlər Ağababa Eristavi, Svimon Muxran batono və Xudu Borçalı idi. Onlar gecənin zülmət qaranlığında ustalıqla və sürətlə çarın əmrini elə yerinə yetirdilər ki, düşmən qətiyyən duyuq düşə bilmədi. Ertəsi gün də osmanlılar-ləzgilər üçün bu vəziyyət səhərdən qızğın mübarizə başlandığından nəzərə çarpmamış qaldı. Körpünün dağıdılması işi düşmən qoşununun son gücünü tükətdi, hürkmüş və təşvişə düşmüş qoyun sürüsü kimi pərən-pərən oldu...”
Gürcü şairi Lado Asatiani məşhur “Aspindza” vətənpərvərlik şeirində Xudu Borçalının adını qeyd edir.
Qorxmuş düşmən ordusu
Körpüyə tərəf döndü.
Körpü ki, hətta körpü belə,
Bəzən müharibədə qandaldır,
Xudu Borçalı məgər boş yerə mübarizə aparırdı?
(sətri tərcümə)
Gürcü yazıçısı Akaki Belaşvili özünün “Besiki” romanında Xudu Borçalı ilə bağlı bir neçə fəsil yer ayırıb.
Xudu Borçalı haqqında Nuqzar Şataidze və Kote Kandieri tərəfindən yazılmış tarixi sənədli film də çəkilib və “Xudunun abidəsi” adlanır.
Anzor Salukvadzenin “And kitabı” əsəri əsasında çəkilmiş çoxseriyalı filmdə Xudu Borçalının obrazı yaradılıb. Tiflisdə gürcü dilini ana dili kimi bilən, Borçalıda torpağı və Tiflisdə dükanları olan bu şəxs nədən gedib o vaxtlar II İraklinin tabeliyində olan Axpat gümüş və mis mədənində fəhlə işləyəydi. Elə buradan Həmid Vəliyevin çözələdiyi, uydurduğu yalanlar, bu yalanlar əsasında Sadaxlıdan onun törəmələrinin olduğu yayılmağa başladı. Binnət Əlioğlunun redaktor olduğu “Region press” qəzetində çar Rusiyasına Yadigarovlardan xidmət edən generallardan biri Xudu Borçalı kimi verilmişdi. Axı II İraklinin dövründə medal və ya orden yox idi. Müharibədə şücaətinə, igidliyinə görə o dövrlər qılınc, torpaq, dükan hədiyyə olunurdu. Çar İraklinin bir ordeni var idi, onu da Rusiya çarı Yekaterine vermişdi. Nə isə, bu barədə çox danışmaq olar. İndiki gənclərin bu mövzuya girişmələrinə ümid edirəm.
Mirzə Məmmədoğlu