Nə qədər deyirəm, bu insanlardan yazmayacam, oxucular düşünəcək ki, əşi, nə istəyir bu da bu insanlardan, amma olmur.
Nəysə, biz hələ uşaq ikən yarı maraq, yarı qorxunun verdiyi həyəcanla nənə-babalarımızdan “dünyanın sonu” nə vaxt olacaq deyə soruşar, aldığımız cavabları öz xeyrimizə yozar, özümüzü “hələ ona çox var, biz onu görmərik” deyə inandırmağa çalışardıq. Bununla da özümüzə təsəlli verər, nə desələr, inanardıq. Axı uşaq evdə ata-ananın, nənə-babanın hər şeyi bildiyinə, hər şeyə gücü çatdığına inanar, nə desələr ağlı kəsər (Ən azından o vaxt elə idi, indiki Allahsaxlamışlar bizdən çox bilir). Sözüm onda deyil, dünyanın sonunun nə vaxt olacağını yalnız Allah bilər. Ancaq dini kitablardan aldığımız məlumatlara görə, bir çox qiyamət əlamətləri ilə tanışıq. Bunlardan biri də qiyamət yaxınlaşdıqda zamanın, vaxtın, həftələrin, ayların su kimi axıb gedəcəyi, insanın vaxtı çatdıra bilməyəcəyi kimi əlamət göstərilir. Elə həmin qiyamət əlamətidir ki, yaşayırıq. Zamanı çatdıra bilmirik.
Bu dar macalda gözümüzü açıb “hah” eyləyənə kimi axşamı saldığımız dolu-dolu günlərin birində işdən yorğun, bitgin halda evə qayıtdım. Telefonu bir kənara atıb yemək yemək üçün özümə tələsik yer eylədim. Bir qaşıq, iki qaşıq... hər qaşıqda bir bildirim “tıkkıltısı”na loxmalar boğazıma tikildi. 5-10 bildirim deyərkən, gəldi sayı 23-ə çıxdı. Durub baxmasam, olmayacaqdı. Demə, yeni “xəstəlik” yayılıbmış – “varlanmaq xəstəliyi”. Mod düşüb elə bil, hamı eyni mesajı kopyalayıb bir-birinə atır. “Filan firmanın filanıncı ildönümüdür, təbrik edirik, bu mesajı 20 nəfərə göndərin, nə bilim, filan yerdən girin, filan yerdən çıxın, reklamları izləyin, yenidən 20 nəfərə göndərin, qrup olmaz ha!”.
Daha telefon od tutub yanır, vatsap çökür, amma illah-mümkün heç kəs milyoner ola bilmir. Maraqlı orasıdır ki, buna ən çox ali təhsilli insanlar inanır, canla-başla yayır, üstəlik dəfələrlə. Axı bir səhvi bir dəfə edərsən, olmadı, iki dəfə, üç dəfə, ay qadan alım, niyə insanların hissləri ilə oynayırsız? Hələ bəzən sonuna bir “Allahın adını verdim”, “paylaş, Allah xatirinə” sözlərini də yazıb insanları zənn altında buraxırsız. Bu yazıq da beş-üç manat köçürüb birtəhər meqabayt götürüb ki, bir-iki dəfə bir əzizinin səsini eşidə. Qalır iki suyun arasında, bilmir 20 nəfərə göndərə, “Allaha xatir” paylaşa, ya “7 il bəlaya düçar” ola. Çox var-gəldən sonra qərarlaşıb paylaşım etmir, ancaq evdə ayağı səmitsiz stola da dəysə deyir: “Bax, göndərmədim, mütləq onun bəlasıdır”. Tez-tələsik dəstəyə qoşulmağa, gələcək “bəla”nı dəf etməyə çalışır.
Məni qınamayın, bütün bu yuxarıdakıları görəndə yadıma ancaq bir şey düşür. Allah rəhmət eyləsin böyük maarifçi, yazıçı Mirzə Fətəli Axundzadəyə. Bir çox əsərlərində o dövrün cəhalətindən acı-acı şikayətlənərkən, heç düşünməzdi ki, bu bəla hələ 200 ildən artıq davam edəcək.
Allah rəhmət eyləsin böyük şair Mirzə Ələkbər Sabirə. “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz” deyə hələ XIX əsrdə ah-vay edərkən, biz avtomobil də mindik, balonlarla göyə də qalxdıq, amma beynimiz yenə eyni havanı çalır.
İndi bilmirəm yaşadığımız bu XXI əsrdə bu qədər geridəqalmışlığımızmı qiyamət əlamətidir, yoxsa elə qiyamət qopmalıdırmı, bəlkə ayıbımızı yersə örtə.
Lətafət KƏRİMOVA