Bizim buralarda çox qəribə adət və inanclar mövcuddur. Düzü, bunlara adət və inanc deməyə adam tərəddüd edir. Buraların bu yazılmamış qayda-qanunu, bəlkə, dünyanın heç bir məmləkətində yoxdur. Bəlkə də var, biz görməmişik və eşitməmişik. Daha, Allaha şükür, bu internet deyilən zadla dünyanın hər nöqtəsindən məlumat əldə etmək, xəbər toplamaq mümkündür. Ona görə də, indi nəyisə görməmək, eşitməmək, bilməmək və bilməyib quqlda axtarış aparmamaq ayıb sayılır.

 

Bəlkə də bu, heç adətlə, inancla, yazılmamış qayda-qanunla da bağlı deyil. Bəlkə də buraların şəraiti, vəziyyəti – ictimai vəziyyəti, siyasi vəziyyəti, sosial vəziyyəti, iqtisadi və sair vəziyyəti qəribə adət, inanc, yazılmamış qayda-qanun dediyimiz bu “fövqəladə” vəziyyəti yaradır, üzərə çıxarır, yəni böyük Mirzə Cəlilin təbiri ilə desək, bu vəziyyəti təbiət özü yaradır, zənamə özü yaradır...

 

Məsələn, özünü bu vəziyyətin içərisində görmək istəməyən hər kəs şikayət edir, şikayət edir ki, ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır, uçdu ruhim, getdi əqlim, bədəndən can ayrılır, deməzsənmi, uşaqlarımız məktəbə, təhsilə, elmə, alimə deyil, kriminal aləmə maraq göstərir, kriminala təqlid edir, oğru olmaq istəyirlər; səhərdən-axşama çayxanalarda, qumarxanalarda nəşədən çəkib, qumardan oynayıb, təsbeh fırlada-fırlada “zakon talkavat” eliyirlər. Daha müəllim avtoritet sayılmır, avtoritet deyəndə göz önünə tatuajlı, qaşqabaqlı obrazlar gəlir.

 

Məsələn, bu avam camaat həkimi qoyub, xəstəxananı qoyub falçının, cindarın yanına gedir, dərdlərinə dərmanı həkimlərdən deyil, falçılardan, cindarlardan istəyirlər.

 

Məsələn, mübahisəli bir məsələləri olduqda nə hüquq-mühafizə orqanlarına müraciət edərlər, nə məhkəməyə, ya özləri öz yumruqlarının gücü ilə öz məsələlərini həll edərlər, ya da “razborşikə” müraciət edərlər ki, onların bu mübahisəli məsələlərini yumruq gücünə həll etsin.

 

Məsələn, xeyir və şər işlərində ağlı çox olanların əvəzinə pulu çox olanları məclislərinin başında oturdarlar, sözü danışa bilənə yox, susdura bilənə verərlər və sair və ilaxır.

 

Bu misalları uzatmaq da olar, amma indi uzun yazı oxuyan yoxdur deyə mən də məcbur olub uzun sözün qısasından gedirəm.

 

Deməli, yuxarıda sadaladıqlarım haqqında artıq illərdir ki, hamımız şikayət edirik. Amma fikirləşmirik ki, təhsil maraqsız olduqda, müəllim savadsız olduqda, seçkilərin saxtalaşdırılmasında canla-başla iştirak etdikdə, imkanlıların balalarına layiq olmadıqları yaxşı qiyməti yazaraq yaxşı oxuyan şagirdlərin haqlarına tüpürdükdə, şagirddən bilik, bacarıq əvəzinə bayramlarda hədiyyələr gözlədikdə, şagirdləri varlı-kasıb təbəqələrinə böldükdə, imkanına, siyasi iqtidarına görə həmişə varlının, iqtidarın tərəfində olub onları dəstəklədikdə uşaqlarda məktəbə, təhsilə, elmə maraq, inam olarmı, belə müəllim şagird üçün avtoritet olarmı?

 

Və ya səhiyyəsi də elə falçısı, cindarı kimi camaatın cibini soyaraq soxulcan yemək, eşşək südü içmək, üzərlik yandırmaq kimi məsləhəltər verəcəksə, fərq yalnız qiymətdə olacaq ki, camaat da eyni resepti, məsləhəti həkimdən deyil, falçıdan ucuz qiymətə alacaq. Həkimin yazdığı çuval-çuval dərmanların heç bir xeyirinin olmadığını, əksinə, cibinə və mədəsinə ziyanının olduğunu görən xəstə həkimə inanarmı, inanmasa sağalarmı? Elə ona görə də inanmadığı səhiyyəni qoyub şəfanı xurafatın yanında axtaracaq.

 

Və yaxud da hüquq-mühafizə orqanları sənin mübahisəli məsələni həll etməkdə maraqsız olarsa, şikayətinə baxmazsa, məhkəmə sənin hüquqlarını siyasətə, vəzifəyə, pula satarsa, dəyişərsə sən də məcbur olub “razborşikə” müraciət edəcəksən.

 

Bax bizim buralarda belə qəribə adət, inanc, yazılmamış qayda-qanunlar var. Nə qədər ki, xeyir və şər məclislərinin başında ağlı çox olanlar yox, pulu çox olanlar əyləşəcək, söz danışa bilənə yox, susdura bilənə veriləcək, müəllimlər şagirdləri kasıb-varlı siniflərinə böləcək, seçkiləri saxtalaşdıracaq, həkimlər Hippokrat andına sadiq qalmayacaq, falçıyla eyni zehində olacaq, məhkəmə ədaləti satacaq, insan hüquqları ali olmayacaq, bu münbit vəziyyətdə bizim buralarda bu qəribə adət və inanclar, yazılmamış cəngəllik qayda-qanunları mövcud olacaq, biz də ağzımızı Allah yoluna qoyaraq elə hey şikayət edə-edə ömrümüzü bada verəcəyik. Gələcəkləri oğurlanmış uşaqlarımız da oğru olmaq istəyəcək – insanların arasından əqidəsiz insanları; vicdanını pula satan nadanları; dövlətlərin arasından sərhədləri; ürəklərdən kini, nifrəti; yalanını bundan ona, ondan buna satanları; iki sevən arasından o üçüncü adamları; məzlumların ah-zarını; Kərbəladan Füzulinin, Hələbdənsə Nəsiminin məzarını (Nüsrət Kəsəmənli) oğurlamaq üçün deyil, qanunun müəllimin, həkimin, hakimin, ziyalının simasında (əlləri ilə) alınıb-satıldığı bu cəngəllikdə öz “zakon”unu “talkavat” eləmək üçün...

 

Azər MUSAOĞLU