TƏBİƏTİN VƏ TARİXİN HARMONİYASI

2. TƏBİƏTLƏ İÇ-İÇƏ YAŞAYAN XALQ 

 

Hər şeyin gözəli bizdə deyilmi? Uçarda turac, qaçarda ceyran. Uca dağlar, yaşıl çəmənlər. Nəyimiz əskikdir? Heç nəyimiz, hər şeyimiz yerli-yerində. Az qala dünyanın gözü bizdədir. Amma. Bircə bu “əmma” olmasaydı. “Əmma”sız da işimiz aşmır elə bil. Hər gözəlin bir eybi var. Biz olanımıza yağı kəsilmişik, düşmən olmuşuq. Belimizi qıran da budur. Biz heyvanları, quşlar da bura daxildir, qazanda, tavada, şişdə bozartmalıq, qızartmalıq etməyi, qaynatmağı daha çox sevirik, nəinki onların təbiətdə canlı dolaşmalarını. Bu iddiamı əsaslandırmaq üçün şair Eldar İsmayıloğlunun bir şeirini özümə tutalğac seçirəm və həmin şeiri bütövlükdə verməkdən özümü saxlaya bilmirəm. Lütfən oxuyun:

 

Biz mələkləri göydə,

Quşları isə odda yandırıb, şişdə sevdik...

Südüylə böyüdüyün inəyimizin balasını kəsdik,

Sənə toy elədik...

Sən xoşbəxt oldun, oğlum, inəyimiz gözü yaşlı...

 

Toyunda hamının mədəsi necə də xoşbəxt görünürdü...

Bədbəxt gözlərdən.

 

Balıqların sükutunu sevdik,

Balıq qızartmasını da...

Çünki xoşbəxtliyimizi dişlərimizlə geyindik ömrümüzə...

 

Ən gözəl gülləri ən gözəl günlərə dəfn elədik,

Bir dəstə qönçə tumurcuq, qönçə əllərdə can verdi.

 

Bax, oğlum, körpə quzu da mələdi,

Bildi ki, qonaq gözləyirsən,

Bıçağı gətir, sevdiyin ağaclardan ocaq qala...

Qəza namazını axşam qılarsan...

 

Şairimizə çox mətləblərdən xəbər verən bu poetik parçaya görə, təşəkkürümüzü bildirib, mövzunu növbəti abzasda davam etdirməyə çalışaq.

 

Düzdür, şairin şeirdə səsləndirdiyi bir çox müddəalarla razılaşmaya da bilərik. Amma bizim razılaşmamamız nəyisə dəyişmək üçün yetərli deyil. Bu məqamda kiminsə avropalılar inəklərin balasını kəsmirlərmi, ət yemirlərmi, balıq qızartmasından imtinamı edirlər, bayramda-seyranda sevdiklərinə gül bağışlamırlarmı, qonaqlarını acmı yola salırlar, manqal qalayıb kabablamırlarmı kimi sualları sıralayıb, bizə ünvanlamasını da gözlənilən sayırıq. Hə, Niderlandın ət istehsalçısı olduğu, hətta bir sıra ölkələrə ət ixrac etdiyi də məlumdur. Bu ölkə dünya xəritəsinə bənzəyən ağ-qara rəngli ətlik-südlük inəkləri ilə məşhurdur. Ancaq o inəklərin balalarının, yəni ətlik heyvanların kəsilməsi o qədər qapalı şəraitdə həyata keçirilir ki, bəlkə də çoxları yediyi ətin elə bu cür hazır şəkildə vitrinlərə düzüldüyünü, təbiətin elə bu cür yaratdığını düşünür. Məncə, bir fərqimiz bundadır. Az qala unudurdum, Qurban bayramında colma-cocuğun gözü qarşısında heyvan kəsmə mərasimimizi də unutmayaq, bunu da bir qaydaya salmamız gərəkir.

 

Quşlara münasibətdən danışmayım, məncə. Nədən ki, yuxarıda bu barədə xeyli danışdım. Başağrısı olmasın. Kiçik bir müşahidəmi deməklə kifayətlənim. Hər dəfə su mənbələrində şad-xürrəm ömür sürən quşları görəndə bunların indiyədək ətini nə yaxşı şişə çəkməyiblər, biz tərəflərdə olsaydılar bu quşlar çoxdan qazanda qaynadılıb, şişdə bişirilmişdi, qızartmalığı qızartmalıq, bozartmalığı da bozartmalıq edilmişdi, indi çoxdan yeyilib üstündən də su içilmişdi kimi fikirlər məni vəsvəsələndirirdi. Bunlar Niderlandın azad quşlarını görəndə qafamdan keçirdiklərimdir. Nə danı var, nə daldası. Bu düşüncələrimdən sonra nə etməli, biz də beləyik deyib, təskinlik tapmışdım. Bunu da bir fərqimiz saya bilərik. 

 

Niderlandda keçirilən toy mərasimləri bizim dəbdəbəli toylarımızla müqayisədə qat-qat sönükdür. Bizim toylarımızın yanında holland toyları çox kiçik, hətta kasıbyana görünür. Nə bizim toy süfrəmiz, nə toyda təqdim etdiyimiz təmtəraq onların toyu ilə müqayisəyə gəlməz. Düzünü desəm, mən toy adətlərimizin qorunmasının, onun etnoqrafik dəyərlərinin daha da gəlişdirilməsinin, hətta bu mərasimimizin dünyaya təqdimatının yollarının axtarılmasının, toy turizminin yaradılmasının və bundan yararlanmağın tərəfdarıyam. Ancaq toy süfrələrimizin tam sadələşdirilməsinin, yemək-içmək mərasiminin dəbdəbə halını almasının əleyhinəyəm. Bu da digər fərqimiz.

 

Niderland mətbəxində balıq məhsullarından geninə-boluna istifadə edilir, dənizin nemətlərindan fərqli yeməklər hazırlanır. Tarixən hollandların dənizçiliklə məşğul olduğunu, dənizçiliyin balıqçılığı da ehtiva etdiyini düşünsək, Niderland insanının balıqçılığa düşkün, balıq tutmaq sevdalısı olduğunu də söyləyə bilərik. Bunu kanallara tilov atan balıq tutma həvəskarlarının çoxluğu da sübut edir. Balıqtutma həvəskarları istədikləri qədər balıq ovlaya bilərlər. Bir şərtlə. Tutduqları balıqları suya atmalıdırlar. Azarını öldürdünmü, əyləndinmi? Bu qədər yetər. Balıqmı yemək istəyirsən? Buyur marketə, istədiyini al. “Balıq istəyənin ayağı suda gərək” məsəli buralarda işə yaramır, keçərli deyil. Bizim brakonyerlərin dərmanla, partladıcı ilə, elektriklə balıqların, balıqlarla bərabər suda yaşayan digər canlıların da kütləvi qətliamını necə həyata keçirdiklərini görən olsa, bizə nə deyər, cəmdəyimizə tüpürməzmi? Bu da başqa bir fərqliliyimiz.

 

Niderland güllər, çiçəklər ölkəsidir. Bu məsələdə hansısa dövlətin Niderlandla bəhsə girməsi də mümkünsüzdür. Bu müasir Niderlandın mübahisəsiz üstünlüyüdür. Minbir əziyyətlə yetişdirilən qərənfillərimiz gözümün önünə gəlir. Onu yetişdirənləri, satışını gerçəkləşdirənləri isə, sovetlərin təqib etdiyini, cəmiyyətin nikahdankənar övladları saydığını, xalqımıza ikrahdoğurucu “gülsatan” adı yapışdırdığını da unutmayaq. 20 Yanvar faciəsinin simvoluna çevrilən qan rəngli qırmızı qərənfilləri məhz bu zəhmətkeş insanlarımız əkib becərirdilər. Lütfən, bunu da unutmayaq. Gülləri sevən Niderland cəmiyyəti, onun aqro-texniki qaydada becərilməsini də, onu dünya bazarına çıxarıb, qazanc əldə etməyi də əla bacarır. Niderland bankirlərinin XVI yüzilliyin sonlarından etibarən dünya miqyasında çox gözəl maliyyə əməliyyatları apardıqlarını, hollandların pul qazanmağın yollarını əla bildiklərini, gül ticarətinin gəlirli sahə olduğunu təcrübədə sınaqdan keçirdiklərini, böyük valyuta vəsaitlərinin ölkəyə gətirilməsinin bir yolunun da gül biznesinə bağlı olduğunu çoxdan mənimsədiklərini yada salıb, gülçülüyün burada mühüm önəm kəsb etdiyini çəkinmədən söyləyə bilərik. Gülün gözəllik qaynağı, gəlir mənbəyi olmasını da xalqlarımızın oxşarlığı hesab edə bilərik.

 

Hollandlar da qonaq gedirlər, onların da qapısını tez-tez qonaqlar döyür. Bunu dəfələrlə müşahidə etmişəm. Onların əziz qonaqlarına quzu kəsdikləri isə tarixə qovuşmuş olmalıdır. Heç onların kiməsə “quzum” deyə müraciət edib-etmədikərini də, kiməsə “gülüşünə quzu kəsim” və ya “yerişinə quzu kəsim” deyib-demədiklərini də bilmirəm. Bir şeyi də bilməyək, dünya dağılmayacaq ki? Bunu nə fərqlilik, nə də oxşarlıq saymayaq. Nədən ki, bu sahədə məlumatsızlığım göz qabağındadır.

 

Təbiəti sevməkdə, onu qorumaqda biz hansı səviyyədəyik, başqaları hansı? Göbələk toplayanlarımızın az qala torpağı alt-üst etdiklərinin, göbələkləri köklü-köməcli qopardıqlarının, ağına-bozuna baxmadan analı-balalı torbalarına doldurduqlarının dəfələrlə şahidi olmuşam. Elə hər birimiz də bunun ya iştirakçısı, ya da şahidi olmuşuq axı? Heç birimiz yaxamızı qırağa çəkə bilmərik. Tayqada göbələk toplayan sadə rusların hər bir göbələyə necə ehtiyatla yanaşdıqlarını, topladıqları göbələyi kökündən qoparmamaq üçün iti bıçaqla torpaqdan bir qədər yuxarı necə kəsdiklərini gözümün önünə gətirirəm. Göbələklərin yenidən məhsul verməsi üçün bunu şüurlu şəkildə etdiklərini də bilirəm. Milyonlarla göbələyin olduğu bir məkanda rusların bu cür davranışını necə adlandıraq ki, nə şiş yansın, nə kabab?

 

Biz ağacların kəsilmiş halını sevirik – “başı kəsik, gözəl kötük” kimi. Odun kimi, sobamızın yanacağı kimi. Tikinti materialı kimi – evimizin döşəməsi, qapı-pəncərəsi kimi. Kömür kimi – kababımızın odu kimi. Vallah, biz ağacları çox vaxt ayaq üstə duranda deyil, böyrü üstə olanda sevirik. Ayaqüstə duranların bizə heç nə vermədiyini güman edirik. Kəsilmişin əlimizdə dəyənəyə dönməsinə görə, ocağımızda köz üçün yaradığına görə xətrini dağlar qədər istəyirik. Bu, bizim acgözlüyümüzdənmi qaynaqlanır, yoxsa yoxsulluğumuzdanmı? Bunun adını da siz qoyun. Deyəsən, ifrata vardım, ucundan tutub ucuzluğuna getdim. Qüsura baxmayın.

 

Niderland yaşıllıqlar ölkəsidir. Yaz gəldimi yaşıllıqlar hər yerdə səni təqib etməyə başlayır. Qışın çılpaqladığı ağacların arasından görünən evlər, binalar yaşıllığa bürünür, sanki gözəgörünməz bir əl vasitəsi ilə insan gözündən gizlədilir, hər şey yaşıllığın gərdəyi arxasında görünməz olur. Yazın gəlişilə yaşıllığın kükrəməsi, bütün rənglər üzərində hökmranlığı başlayır. Yaşıllığın bu ifrat təntənəsi bəzən başqa rənglərin yoxa çıxdığı, qeybə çəkildiyi təəssüratı yaradır. Yaşıllıq Niderlandı kirdən-pasdan arındırır. Yaşıllıq ölkəni təmiz hava ilə təmin edən ağciyərə bənzəyir. Düzdür, bu işdə ona ölkənin hər yerində mövcud olan su mənbələri də yardımçı olur. Niderlandın yaşıllıqlar ölkəsi olmasını aprel günlərində rast gəldiyim bir xəbər də təsdiqləyir. “Lounli Planet” saytı ölkənin paytaxtı Amsterdamı dünyanın ekoloji cəhətdən ən təmiz və yaşıl şəhərləri versiyasının ilk onluğuna daxil edib. 

 

Gözü aran yerinin bozluğuna alışmış adama Niderland yaşıllığının bolluğu yorucu da görünə bilər. Bu da təbii sayılmalıdır.

 

Bu təbiətə bağlılıq, yaşıllıqlara, gülə-çiçəyə vurğunluq, heyvanlara, quşlara aşiqlik Niderland cəmiyyətinə rahatlıq dolu bir həyat bəxş edib. Təbiətlə iç-içə yaşama, təbiətlə cəmiyyətin vəhdəti, insanın öz ilkin mahiyyətindən – bioloji varlıq olmasından qopmaması, təbiətdən dördəlli yapışması Niderland cəmiyyətinə hirsdən, hikkədən, qəzəbdən uzaq olmağı aşılayıb. Burada hamının başını sallayıb öz işini görməsinin, başqalarının işinə burun soxmamasının, başqalarının həyatını zəhrimara döndərməməsinin bir səbəbi də  təbiətlə bağlılıqdan qaynaqlanmalıdır. Öz enerjisini zəhərə çevirərək, başqalarına ötürmək yerinə təbiətə bağlı qalmaq daha gözəl deyilmi? Öz enerjisini aqressiya səviyyəsinə qaldırıb, bu enerjini bıçağa, gülləyə yükləyərək, kiminsə həyatını puç etmək əvəzinə gülə-çiçəyə, itə-pişiyə sevgiylə yanaşmaq daha doğru seçim deyilmi? Təbiətlə baş-başa qalmaq hollandlara həyatdan zövq almağı, bu “üçgünlük, beşgünlük” dünyanın ləzzətini çıxarmağı, “ayran iç, qulağı dinc” yaşamağı öyrədib. Hər gün təbiət gözəllikləri ilə qarşılaşmaq bu insanlara təbiətin özü kimi sadə olmağı, onun bir parçası olduğunu unutmamağı, ona qarşı ədalətli davranmağı, insanın təbiətsiz bir dəyərinin olmadığını xatırladıb. Və bütün bunlar insan-təbiət harmoniyasının pozulmamasına gətirib çıxarıb.

 

Afiq MUXTAROĞLU

Niderland