Bir yerdə oxumuşdum: “Hər küçənin yaddaşı var, bəzisi oyuncaqların, bəzisi isə susqun baxışların daşıyıcısıdır...”
Küçə deyildikdə ilk ağıla gələn asfalt, daş və torpaqdan ibarət yollar olur. Ancaq əslində elə deyil. Sevincimiz, kədərimiz, bir sözlə, bütün duyğularımız bu səssiz küçələrin şahidliyi ilə baş verir. Düzdür, küçələri bəzən uşaqların gülüş səsləri, insanların qəh-qəhəsi, satıcıların yorğun səsləri, avtomobillərin gurultusu bürüyür. Ancaq bu səsli küçələr bəziləri üçün böyük bir səssizliyə çevrilə bilir... Küçələr sadəcə yol deyil, onlar addımlarımızla yazılmış xatirələrdir; görünməz yazılarla dolu və lal olan bir yaddaşdır.
Bir dəfə qrup olaraq bir tədbirə qatıldıq. Bir neçə nəfər evə avtobusla qayıtdı. Biz – üç nəfər metroya qədər piyada getdik. Küçə hər zamankı kimi yenə səsli və insanlarla dolu idi. Nino (ad şərtidir) bir anlıq dayandı. Ona nə olduğunu soruşduqda bir müddət cavab vermədi. Sanki bütün həyatını gözləri qarşısında canlandırırdı. Sonra bir yerdə əyləşdik və dedi: “Sizə küçələrə aid, sevmədiyim, amma məcburən hər gün qulaq asdığım bir hekayə danışacağam”.
Hekayə belə başlayırdı:
“Eka 12 yaşında olanda həyat sanki onun uşaq olduğunu unudub. Vaxtsız böyümək bəlkə də bu deməkdir. Hər bir uşağa ən çox sevgi, dəstək və diqqət lazım olduğu bir vaxtda o, həyatının ən acı günlərini yaşayacaqdı. Ata-anası bir qəzada dünyasını dəyişib. Eka nənəsinin himayəsində yaşayırdı. Lakin nənəsi nə onun, nə də öz ehtiyaclarını qarşılayacaq vəziyyətdə deyildi. Bu səbəbdən Eka hər gün qonşularından yemək üçün nə isə istəməyə məcbur olurdu. Hər səhər oyanıb yaşıdları kimi məktəbə getmək əvəzinə, utanaraq küçələrə çıxırdı. Küçənin hər bir küncünü adı kimi tanıyırdı. Hər gün insanların üzündə müxtəlif ifadələrə şahid olurdu: rəğbət, sevinc, kədər, yorğunluq, nifrət... Bəzən yolda ona kömək etmək istəyən şəxslərin verdiyi bir az pul, bəzən bir tikə çörək, bəzən isə əliboş evə qayıdırdı. Bir il bu cür keçdi. Amma o qorxduğu gün gəldi. Nənəsi də dünyasını dəyişdi. Sonra onu bir sığınacağa yerləşdirdilər. Ona yardım edəcəyini deyən çox adam oldu, lakin yalnız bir nəfər təhsilinə dəstək olub, sonadək yanında dayandı”.
O an başa düşdük ki, hekayədəki Eka əslində bizim daim pozitiv, güclü gördüyümüz Nino imiş. Həmin küçələr onun acı xatirələrinin səssiz daşıyıcısı imiş. Bu gün o universitetdə oxuyur və çox savadlı bir gəncdir.
İnsan keçmişini unuda bilmir. Ona keçmişini xatırladan hər bir səsli küçə bəzən onun üçün səssizliyə çevrilə bilir. Bu gün yenə o səsli küçələrdən keçərkən Ninonu səssizlik bürüyür. Keçirdiyi günlər bir film kimi gözlərinin önündə canlanır...
Bəzən bir insanın gözlərinə baxdıqda nə yaşadığını, nə hisslər keçirdiyini başa düşmək olur. Ancaq o, həyatının bu çətin günlərini pozitivliyində, gülüşlərində elə gizlətmişdir ki, başa düşmək çətin idi.
Son olaraq demək istəyirəm ki, hər küçə sadəcə yol deyil. Bu küçələr bəzi insanların itirilmiş xatirəsi, bəzilərinin isə möcüzəsidir.
Validə FƏTULLAYEVA