Hər səhər yuxudan oyanan kimi məni Gürcüstanda xəlq etdiyinə görə Allaha şükür edib yerimdən elə dururam. Məsələn, Allahın iradəsiylə Sudanda, Suriyada, İranda, Əfqanıstanda, yaxud Şimali Koreyada da dünyaya gələ bilərdim – bunu bir anlıq təsəvvür etdikdə tüklərimin ürpəşməsi bir saata yaxın davam edir...
Bir məsəl var, deyir: güldürənin yanında deyil, ağladanın yanında otur. Amma, təəsüf ki, biz bu məsəli hərfi mənada başa düşmüşük – ağladanı əli qələmli, dili kəlamlı, səhvlərini göstərərək doğrunu söyləyən bir ayna, bir tənqidçi kimi yox; əli dəyənəkli, qolçomaqlı, səni hər an təpiyinin altına salıb döyə, söyə bilən “nüfuzlu” biri kimi təsəvvür etmişik. Bəlkə də elə buna görə çox vaxt qorxduğumuzdan ağladanın (gücün) yanında olmuşuq...
Məncə, yumor hissi olmayan insan ciddi psixoloji problemləri olan insandır. Yumor hissi olmayan adamdan təhlükəli, qorxulu adam yoxdur yer üzündə. Məsələn, yumor hissi olan insanı cəzalandırmaq, əzab və işgəncə vermək üçün onu yumor hissi olmayan insanla bir otağa salıb qapısını bağlamaq və ya bir kamerada saxlamaq kifayətdir. Və ya yumor hissi olmayan adama vəzifə vermək yetərlidir ki, sərt, diktatura rejimi yaradıb represiyalar törətsin, əl kəsdirsin, daşqalaq etdirsin, adam asdırsın və sair. Mən həmişə yumor hissi olmayan insanlardan uzaqlaşmışam, qaçmışam.
Yuxarıda qeyd etdiyim el məsəlini hərfi qəbul etdiyimiz üçün çəkdiyimiz filmlər də, seriallar da ağlamalıdır, hazırladığımız televiziya verilişlərimiz də ağlamalıdır, mərasimlərimizdən tutmuş, tarixi günlərimizə kimi əksəriyyəti ağlamalıdır, hətta toylarımızda da, bayramlarımızda da mütləq kədərli, ağlamalı şeirdən, hekayədən, xatirədən danışıb camaatın qanını qaraldacaq biri mütləq tapılacaq. Küçədə kimisə saxlayıb kefini-halını soruşmağa peşmansan, o saat başlayır ağlamağa ki, iş yox, pul yox, problem çox. Evini Allah tiksin, qorxma, səndən nə iş, nə pul istəyəcəm, gülərüzlə cavabımı ver, mənim də kefim yerində olsun, sənin də. Elə bil xəmirimiz göz yaşıyla yoğrulub, mayamız kədərlə tutulub. Axı ağlamağın da öz yeri, öz həddi var. Ağlamayana məmə yoxdur deyib elə məmə yeyənindən, pəpə deyəninə ağlaşma qurmuşuq...
Və kənardan baxanda bizim bu qaramat və ağlamalı durumumuz bir az gülməli də görsənir. Sənin də dodağın bu gülməli duruma qaçıb gülümsəyəndə ələmlərinə nəşə yoluxmasın deyə bütün bu ağlayan ordusu, bu qaraguruh öz ələmdarlarının fətvası ilə sənin təbəssümünə, gülüşünə asılmaq, kəsilmək, şallaqlanmaq hökmü oxuyur, gülməyi qadağan edirlər. Bir sözlə, səni gülən görüb səni də özləri kimi ağlatmağa çalışırlar. İstəyirlər sən də onlara oxşayasan, onlar kimi qaşqabaqlı gəzəsən, onlar kimi qapqara geyinəsən, zarafat etməyəsən, çalıb-oynamayasan, deyib-gülməyəsən, sual verib-tənqid etməyəsən, həyatdan zövq almayasan, sevinc hissin olmaya, elə onlar kimi irticanın xidmətində və keşiyində durasan...
Sevinc hissini itirib həyatdan zövq almayanlar üçün söz də var – anhedoniya. Bunun bir xəstəlik və ya psixoloji hal olmasını deyə bilmərəm, bunu mütəxəssislərin öhdəsinə buraxaq.
Mən yalnız dövlətlərin xəritəsini cızanlara qotur bir təklif edə bilərəm ki, dünyanın ən lazımsız ərazisində Anhedoniya adında bir ölkə yaratsınlar (əsl ölkə adı kimi səslənir) və dünyanın bütün irticaçı, qaragüruh, radikal, qaramat, ilin ayın bütün günlərini ağlar qalmış, qara rəngdən başqa rəng tanımayan, sevinməyi, gülməyi, həyatdan zövq almağı özünə qadağan etmiş, kitabı, yazını, tərəqqini qəbul etməyən, yumor hissi olmayan, yer üzündəki əməli, fəaliyyəti yalnız asıb-kəsməkdən, qan tökməkdən ibarət olan insanları da onların istədikləri qayda və qanunlarla həmin ölkədə yaşamaları üçün dəvət etsinlər, vizasız-zadsız, könüllü olaraq. Və qoy kim taleyinə düşən ölkəni, vətəni bəyənmirsə rədd olsun getsin Anhedoniyada yaşasın, özünün də canı rahat olsun, narahat etdiklərinin də...
Bilirəm, mütləq indi biri durub qabağından qara tökəçək ki, boş şeydir, alınmayacaq, heç gördünüzmü Əfqanıstanın və ya Şimali Koreyanın qayda-qanununu bəyənən kimsə çıxa gedə Əfqanıstanda və ya Şimali Koreyada yaşaya?..
Bəlkə də düz deyəcək...
Müəllif: Azər Musaoğlu