AFİQ MUXTAROĞLUNUN AYAQÜSTÜ DÜŞÜNCƏLƏRİ

 

Tanışlıq

 

Şarmanka sözü və ya şarmanka musiqi aləti  Fatma Muxtarovanın həyatı barədə oxuduğum bir yazıdan beynimdə ilişib qalıb. Yəni ilk dəfə bu musiqi alətinin varlığını böyük sənətkarımızın həyatından bəhs edən həmin yazıdan bilmişəm. Fatma Muxtarovanın qışın soyuğunda şarmanka çalaraq, pul qazanmağa məcbur edilməsi o zaman az qala mənim bu musiqi alətinə nifrət etməmə nədən olmuşdu. Nə gizlədim, uzun illər bundan əvvəl oxuduğum o yazıdan yaddaşımda bu cür ağır təəssürat qalmışdı. Sonralar bu aləti filmlərdə gördüm, tanıdım və şarmankanı canlı olaraq Niderlandda və Almaniyada dinləyə bildim. Düzünü söyləyim ki, canlı görməklə mən şarmankanı bir azca sevdim də.

 

Kiçik arayış

 

Şarmanka nəfəsli-mexaniki musiqi alətidir. Orqan musiqi alətinin bir növüdür. İngilislər onu “street organ” – “küçə orqanı” adlandırırlar. Alət “şarmanka” adını bu musiqi alətində ilk dəfə ifa olunan fransızların “Charmante Catherne” mahnısından almışdır. Şarmankada ifa etmək üçün xüsusi musiqi bacarığına-filana da gərək yoxdur. Əvvəldən lövhə üzərinə yazılmış 6-8 musiqi parçasını alətin mexaniki qolu vasitəsilə ifa etmək mümkündür. Sən çarx qolu fırladırsan, alət də özü üçün ifa edir və qismətində varsa, bir parça çörək yiyəsi olursan.

 

Orqan deyəndə yada kilsə musiqisi düşür. Nədən ki, kilsəyə daxil edildiyi vaxtdan orqan onun ayrılmaz bir parçasına çevrilib.

 

Orqan deyəndə göz önündə dünyanın ən nəhəng musiqi aləti canlanır.

 

Orqanın tarixi miladdan öncələrə gedib çıxır. Musiqi tarixi ilə məşğul olan bilginlər onun mənşəyini Babillə bağlayırlar. Sonra Qədim Yunanıstan, Qədim Roma bu musiqi alətinə yiyələnir, ona yeni şəkil verir və orta yüzilliklər Avropasına miras qoyur. O vaxtdan indiyəcən orqanın çeşidli növləri meydana çıxır, alətə bu və ya digər elementlər daxil edilir.

 

Orasını da deyim, Avropanın klassik və müasir bəstəkarları orqan üçün xüsusi musiqi parçaları bəstələmişlər. Elə bizim Azərbaycan bəstəkarları da bu musiqi aləti üçün nələrsə yaradaraq, musiqi xəzinəmizə öz töhfələrini vermişlər. Qara Qarayev, Nazim Əliverdibəyov, Sevda İbrahimova, Aqşin Əlizadə kimi bəstəkarlarımız orqan üçün əsərlər bəstələyərək, bu sahəyə adlarını yazdırmışlar.

 

Və şarmanka icad olunur. 1702-ci ildə italyan Covanni Barberi Avropa və Rusiya küçə musiqiçilərinin çörək ağacına çevrilən bu mexaniki musiqi alətini araya-ərsəyə gətirir.

 

Şarmankanı orqanın gəzərgi variantı saymaq olar. O üzdən ki, şarmanka küçə musiqiçilərinin çörək təknəsidir. Bu çörək təknəsi küçədəkilərin səxavəti ilə dola bilir. Niyəsini deyimmi? Şarmanka heç bir orkestrə daxil edilmir, konsert salonlarının qapısı onun üzünə hər deyən açılmır. Qısa kəssəm, şarmanka çörəyi daşdan çıxan musiqiçilərin alətidir.

 

Orqan və ya şarmankanı Qafqazın tuluq zurnası ilə də müqayisə etmək olar. 

 

Uşaqlıqdan kiçik bir xatirə

 

Şarmanka kiçik musiqi alətidir. Yəni orqandan dəfələrlə kiçik. Onun daha kiçiklərini qarmon, akardeon kimi qucaqda, bir qədər böyüklərini isə dördtəkərli kiçik arabalarda gəzdirirlər. Dördtəkərli arabada quraşdırılmış şarmanka ilə küçələri dolaşmaq, daha çox tamaşaçının diqqətini cəlb etmək mümkündür.

 

Bu dördtəkərli qutu – şarmanka yarımürgülü uşaqlıq xatirələrimi dümsükləyib-dürtmələyib oyatmaq üçün yetərli oldu və mən bir anın içində uzaqlara – uşaqlığıma yolçuluq edə bildim.

 

Dördtəkərli bu cür arabadan söhbət açmağım nədənsə mənə yay aylarında dondurma, payızda, qışda isə  pambıq dondurması və ya suda qaynadılıb, muncuq kimi sapa düzülmüş şabalıd satan, iri bədəni, lopa bığı kiçik arabası ilə namütənasiblik təşkil edən kişini xatırlatdı. O da şarmankaçılar kimi, kiçik arabası ilə kəndin dolanbac yollarını dolaşaraq, ailəsi üçün bir parça çörək qazanırdı. Çörək qazanmaq hər zaman və hər yerdə çətin bir peşədir. Mən bunun belə olduğunu indi düşünürəm. Əlli il bundan qabaq belə şeyləri düşünəcək yaşda və başda olmadığımı altını cızaraq söyləyim ki, yanlış anlaşılmasın. Yoxsa deyəcəklər ki, müəllim yaşından qabaq gördüyü duşunu-yuxusunu danışır.

 

Qoca şarmankaçı

 

O, arabasını iki küçənin kəsişdiyi meydançanın, yolayrıcının tam ortasında saxlayır. İlk baxışda bu arabanın əlil və ya qocaların istifadə etdikləri yeriyən əsa, təkərli əl ağacı olduğunu da düşünmək olar. Nədən ki, Avropa şəhərlərində bu vasitədən mütəmadi istifadə edən milyonlarla yaşlı insana rast gəlmək mümkündür.

 

Amma onun arabası fərqlidir, görünüşcə daha cəlbedicidir. Arabaya bərkidilmiş iri ölçülü meymun müqəvvası onu daha gözəgəlimli edir. Arabanın önündəki qotazlar, arxasındakı hərləmə qol-qulp, arabaya bənd edilmiş böyük dəri çanta, arabanı süsləyən ştrixlər ona sirli-mistik, başqa dünyadan gəlmişlik görkəmi verir.

 

Arabaçının-şarmankaçının görünüşündə də bir qəribəlik, hərəkətlərində də heç kimdə olmayan bir fərqlilik sezmək olur. Bəlkə bütün bunlar küçənin tələbinə uyğun olaraq, onun özü üçün yaratdığı imicdir?

 

İri bədəninə yaraşan və onu daha böyük göstərən qar ağı bəyaz köynəyi ağ saqqalı ilə mükəmməl uyum sağlayır. Qara şalvarının üstündən buraxdığı uzun, gen ətəkli köynəyi əyninə bir ölçü böyük kimi görünsə də, şarmankaçının bilərəkdən belə geyindiyini düşünə bilərsən. Kömür qarası ayaqqabıları, gecə zinriyini andıran qara silindri onun geyiminə orijinallıq, təkrarsızlıq bəxş edir.

 

Şarmankaçı çıxışına başlamamışdan öncə silindrini çıxararaq, təzim etməyi unutmur. Şarmankanın üzvü bir hissəsini təşkil edən meymun müqəvvası da onunla birlikdə başındakı şapkanı çıxarır. Görünür şarmankaçı bu sirli qutunun harasındasa, əlinin çatdığı bir yerə quraşdırılmış düyməni basmaqla meymunun başındakı şapkanı mexaniki yolla çıxarır, onu tamaşaçılara təzim edirmiş kimi görsədir.

 

Valideynlərinin nəzarəti ilə küçədə dolaşan kiçikyaşlı uşaqlar bu mənzərədən məmnun qalırlar. Qoca şarmankaçının sirk nömrəsinə bənzəyən bu kiçik jesti irili-xırdalı xeyli tamaşaçının diqqətini cəlb etməyə yetir və o, şarmankasının qolunu fırladaraq, onu hərəkətə gətirir. Ətrafa şən, oynaq musiqi sədaları yayılır. Musiqinin şuxluğu, oynaqlığı ifaçının iri gövdəsi ilə təzad təşkil etsə də, alt qatdan gözəgörünməz daxili harmoniyanın varlığı sezilir.

 

Ayaq saxlayıb bu musiqi parçasını dinləyənlər də var, etinasızlıq edib uzaqlaşanlar da. Qutuya yaxınlaşaraq, meymun müqəvvası ilə oynamaq, əylənmək istəyən balacalar da çoxdur.

 

İlk musiqi parçası sona yetir. Qoca şarmankaçı sol əliylə şapkasını çıxararaq, təzim edir. Təbii ki, meymunun şapkası da təzim üçün çıxır. Tamaşaçılardan bir neçəsi şarmankanın önündə pul qoymaq üçün xüsusi quraşdırılmış daxıla xırda sikkələr atır, bəziləri pulu uşaqlarına verir, bu vəzifəni onlar yerinə yetirirlər. 

 

Şarmankanın yaddaşına yazılmış şux musiqi parçaları bir-birini əvəz edir. Nəhayət, qoca şarmankaçı yolayrıcındakı göstərisini başa vurur. Konserti bir az da uzatmaq, bir-iki nömrə də ifa etmək olar. Amma gərək yoxdur. Həm özü yorulub, həm də insanları bezdirmək, iyrəndirmək olmaz. Hər şeyin dadardoymazı  yaxşıdır, elə musiqinin də.

 

Bir az soluqlanmaq üçün şarmakasını yaxınlıqdakı kafenin qabağına itələyib, boş yerlərdən birinə əyləşir. Yorğunluğunu çıxarmaq üçün qarsona tünd qəhvə gətirməsini söyləyir.

 

...Nə etməli? Hələ qarşıdakı uşaq parkında bir konsert vermək də gərək. Bunun üçünsə bir az dincini almaq, itirdiyi enerjinin yerini doldurmaq lazım deyilmi?..

 

Afiq MUXTAROĞLU

Niderland