“Demokratiya və azadlıq” məfhumları “mənəviyyatsızlıq və anarxiya” demək deyil. İyul ayının 3-də Tbilisi yaxınlığında bir ərazidə cinsi azlıqların keçirdikləri mərasimdə bu məfhumların bir-biri ilə tərs deyil, düz mütənasib olmasını düşünənlərə, evin içi ilə ictimai məkanda davranış qaydalarını səhv salanlara rast gəldik. Sosial şəbəkələrdə yayılan videodan görsənir ki, cinsi azlıqların (LGBTQI+) heç də hüquqları pozulmur, əksinə sərbəst və rahat şəkildə ictimai məkanda günün günorta çağında qeyri-etik hərəkətləri ilə etik davranış kodeksinə uyğun olmayan nalayiq hərəkətlərini təbliğ edirlər. Bu hadisə iyulun 3-də 5 iyul qarşıdurmasından 2 gün qabaq Tbilisi yaxınlığında baş verir. Təəssüf ki, baş verənlər üzərindən manipulyasiya edib olanları hərə öz istək və arzularına, həmçinin qidalandığı təşkilatların mənafeyinə uyğun çatdırır. “Tbilisi Prayd” təşkilatı 1-5 İyul tarixlərində “Prayd Həftəsi” keçirməyi planlaşdırır. 28 iyun tarixində Avropa Parlamentinin 28 deputatı Gürcüstanın Daxili İşlər nazirinə göndərdiyi Açıq Məktubda “Prayd Həftəsi”nin keçirilməsi üçün şəraitin yaradılmasını diktə edir. Gürcüstan Patriarxlığı isə buna cavab olaraq 29 iyun tarixində dövlətə paradın keçirilməsinə icazə verməmələri ilə bağlı, eləcə də Avropa Parlamentinə və Gürcüstanda akkreditə olunmuş diplomatik korpus nümayəndəliklərinə paradın keçirilməsinə qarşı olmaları, “Ləyaqət Marşının” ləyaqətlə heç bir əlaqəsinin olmaması, əksinə qeyri-ənənəvi həyat tərzini təbliğ etməsi, əxlaq normaları ilə ziddiyət təşkil etməsi ilə bağlı bir neçə bəyanat ünvanlayır. Bununla belə Gürcüstan dövləti “Tbilisi Prayd” təşkilatına Tbilisinin yaxınlığında öz tədbirlərini həyata keçirmək üçün şərait yaradır. 1-4 iyul tarixlərində təşkilatçılar planlaşdırdıqları tədbirləri həyata keçirirlər. Təşkilatçılar iyulun 5-də isə “Ləyaqət Marşı” adlı paradı Tiflisin mərkəzi prospektində Rustavelidə etmək istəklərini bildirirlər. Daxili İşlər Nazirliyindən bunun riskli olması, həmçinin qarşıdurmanın qaçılmaz olması ilə bağlı xəbərdarlıq edilir və “Ləyaqət Marşı” adlı paradlarını onlar üçün ayrılan yerdə keçirmələri tövsiyə edilir (necə ki, 4 gün ərzində edirdilər). Kilsə də öz növbəsində 5 iyul paradının baş tutmaması üçün insanlara çağırış edir. İyulun 5-də isə mövcud vəziyyətdən iqtidar da, müxalifət də, digər qruplar da, hər biri özü üçün bəhrələnməyə çalışır və buna nail də olurlar.
Bura Qafqazdır, Qafqazda müxtəlif millətlərin nümayəndələri yaşayır. Bu xalqların hərəsinin ayrılıqda özünə uyğun mədəniyyəti olsa da, bütün qafqazlıları birləşdirən ümumi xüsusiyyətlər də var. Rusun anasını söysən bunu adi hal kimi qarşılayacaq, ancaq bir qafqazlıya qarşı ana söyüşü etsən həmin dəqiqə ən yaxşı halda başının yarılmasına əmin ola bilərsən. Necə deyərlər “Кавказ дело тонкое”.
Ümumiyyətlə, bir ölkədə etik hesab edilən, digər ölkədə qeyri-etik hesab edilə bilər. Məsələn, dünyanın ən demokratik ölkəsi hesab etdiyiniz Amerikanın bəzi ştatlarında “ölüm hökmü” cəzası leqaldır, ancaq bizim, eləcə də bir çox digər mədəniyyətlərdə bu barbarlıq hesab edilir. “Həyatı bizə bəxş edən Allah həyatımızı əlimizdən ala bilər” ifadəsini tez-tez işlədirik. “Şirinlik” Avropa mədəniyyətində korrupsiya, rüşvət vermək kimi qəbul edilir, ancaq bizdə deputata paxlava verməyə normal baxırlar.
Bura Qafqazdır, bura Gürcüstandır!!! Gürcüstan Avropaya inteqrasiya yolunu seçib, bu yolda büdrədiyi və qalxdığı anlar olub. Ölkənin bir oliqarxın əlində oyuncağa çevrildiyi anları olub, seçkilərə küllü miqdarda pul xərcləyib seçkini udduğu, hakimiyyətdə olduğu vaxtlarda isə seçkilərə xərclənən pulların xalqdan birə beş zəli kimi sorub çıxardığı anları da olub. Bununla belə Avropaya doğru gedirik. Öz mədəniyyətimizi qoruyub, bizi biz edən dəyərləri yaşadaraq inteqrasiya olacağıq, Avropanın yaxşısını götürüb, mənəviyyatımıza zidd olanları qəbul etməyərək, qarşı tərəfi də bizim dəyərlərə hörmətlə yanaşmağa vadar edərək addımlayacağıq. Amsterdamda pozğunluq qanuni peşə hesab edilirsə, Gürcüstanda bu cinayət hesab edilir və Gürcüstan heç vaxt ikinci “Qırmızı fənərlər küçəsi”nə çevrilməyəcək.
Bu gün LGBT-lər Gürcüstanda təşkilat, şirkət, idman zalları və müxtəlif qurumlarda işləyirlər, göründüyü kimi iş yerlərində, ictimai yerlərdə “evlərinin içində etdikləri nalayiq hərəkətləri” nümayiş etdirməyəndə onlara dəyib toxunmurlar. İctimai məkanlarda, cəmiyyətdə özünü aparmağın öz qayda-qanunları var. Anadangəlmə və ya sonradan qazanılmış olmuş fərq etmir, sosial şəbəkədə yayılan videoda etdikləri xəstə hərəkətləri Rustaveli prospektində, insanların sıx olduğu yerlərdə, ictimai yerdə etmək istəklərini bizim cəmiyyət, çoxmillətli Gürcüstan heç vaxt qəbul etməyəcək.
Cinsi azlıqların parad keçirməsinin əleyhinə olanlar bir çox LGBT-lərin ictimai yerlərdə əxlaqsızlıq etmələrindən ehtiyatlanan, bunun təbliğat nəticəsində kütləvi hal alacağından çəkinən, öz övladlarını, əzizlərini qorumağa çalışan insanlardır. Mənim üçün hələlik iki “Şərəf” və “Ləyaqət” paradı var: 9 May – Qələbə Günü və 8 Noyabr – Zəfər Paradı. Üçüncü belə bir paradı Abxaziya və Cənubi Osetiya azad ediləndə qeyd edəcəm.
Gürcüstana heç olmasa bir dəfə səyahət edənlərdən belə tez-tez “avtobus, marşrutka sürücülərinin kilsənin yanından keçəndə necə xaç çəkdiklərini gördük” deyə təəccüblə işlətdiyi ifadələri eşidirik. Gürcüstan bəlkə də dünyada ən inanclı ölkələr sırasındadır.
Xristian və İslam dinlərində homoseksuallığın qəbul edilmədiyi, bunun haram və iyrənc hərəkət olması barədə yazmaq istəmirəm, bu barədə din xadimləri fikirlərini əsaslandırıb danışsa daha münasib olar. Ancaq gündə 5 dəfə namaz qılıb, hər gün müqəddəs kitab oxuyan bizim “ictimai fəallar”ın düşüncələri ilə hərəkətləri arasında 180 dərəcə dəyişikliyi görüb, bu insanların dayanmadan hay-şüvən qoparıb LGBT hüquq müdafiəçisinə, vəkilinə, elçisinə, xoşməramlı səfirinə necə çevrilməsinin müzakirəsini sizin ixtiyarınıza buraxıram.
Bu gün Amerikada cinsi azlıqların sayı 18 milyondan çoxdur və seçkilər ərəfəsində ən çox istifadə edilən qrupdur. Gürcüstanın əhalisi isə 3 milyon 700 mindir. Nəyisə təbliğ edəndə, kimlərinsə elçilərinə çevriləndə az da olsa burnunuzun ucundan bir az o tərəfi görməyi də bacarın.
P.S.
Bu il Marneuli Təhsil Resurs Mərkəzinə təzə direktor təyin ediləndə həmin şəxsin bir neçə il bundan qabaq bir məktəbdə direktor olduğu müddətdə qeyri-etik hərəkət etdiyi üçün təzə təyin edildiyi işdən çıxarılması tələb edildi. Hadisənin bir neçə il bundan qabaq baş verməsinə baxmayaraq etirazlar bu şəxsin direktorluğu müddətində deyil, bu il yeni bir işə təyin edildiyi vaxtlarda başladı. Həmin direktorun çıxarılmasını tələb edənlər bu gün ictimai məkanda nalayiq, qeyri-etik hərəkət edən cinsi azlıqların müdafiəçisinə çevrilib. Obyektivliyinizi sona kimi saxlamağa nə mane olur?
Aygül İSAYEVA
İqtisadiyyat üzrə fəlsəfə doktoru