Dilimizin qrammatikasına əsasən, “mən” şəxs əvəzliyi cəmlənə bilmir. Elə yaxşı da ki cəmlənə bilmir, yoxsa mənəm-mənəm deyənlərin sayı daha çox olardı. “Biz”im bədbəxtçiliyimiz isə şəxs əvəzliyinin birinci şəxsin təkinin birinci şəxsin cəmi ola bilməməsi ilə başlayır. Baxmayaraq ki, buna dilimizin qrammatik qaydası da imkan verir, “mən” “biz” ola bilmir ki, bilmir; “mən” olsa-olsa ya deşik açmaq üçün ucu şiş metal alət – biz olur, ya da öz mənini ucaltmaq, şişirtmək üçün biz olur.
“Mən” “biz” olmayanda isə tək əldən səs çıxmır, tək daşdan divar olmur, tək ağacdan bağ olmur, tək uşaqdan bağça olmur, tək şagirddən məktəb olmur, tək tələbədən universitet olmur, tək adamdan cəmiyyət olmur, tək vətəndaşdan dövlət olmur və sair...
“Mən” “biz” olmayanda təşkilatlanmaq olmur (təşkilotulanmaq olur), ümumi problemlər xüsusi maraqlara çevrilir, ümumi maraqlar xüsusi təmənnaya çevrilir, xüsusi təmənna ümumi əmlakın istismarına çevrilir, ümumi əmlakın istismarı ümumun “biz”liyini, xüsusinin “mən”liyini öldürür və sair...
“Mən” “biz” olmayanda hər yerdə “mən” görünür: güzgüdə də, ekranda da, kürsüdə də, tribunada da, müxalifətin mitinqində də, iqtidarın tədbirində də, dovşanın yanında da, tazının dalında da, imamın qanında da, yezidin canında da və sair...
“Mən” “biz” olmayanda eqo əlinə alır sehirli güzgünü, deyir: “Güzgü, güzgü, söylə görüm kimdi ölkədə ən gözəl?” “Mən”inə o qədər vurulur ki, aya deyir, sən çıxma, “mən” çıxım. “Mən”dən başqa şəxs əvəzliyi tanımayıb, babam “mən”ə kor deyib, hər yetənə vur deyib, burda “mən”əm, Bağdadda kor xəlifə deyib “sən”i, “o”nu gözümçıxdıya salır. “Mən”ini elə göstərir ki, elə bil “biz”im, “siz”in, “o”nların dərdini bilinqual danışan, problemini kosmopolit həll edən, qayğısına etnik qalan başıuca, başıpapaqlı, başıqapazlı bircə budur, deməzsənmi, yanan da “mən”, yamanda “mən”...
“Mən” “biz” olmayanda “mən” oyunçu olur, “biz” tamaşaçı; “mən” aparıcı olur, “biz” dinləyici; “mən” ağıl verən olur, “biz” “tupoy”; “mən” deputat olur, “biz” əhali; “mən” feminist olur, “biz” 14 yaşında ərə gedən; “mən” təhsilli olur, “biz” göyərti satan; “mən” ziyalı olur, “biz” kütlə; “mən” təşəbbüskar olur, “biz” etirazçı, “mən” loyal QHT olur, “biz” radikal müxalifət; “mən” imkanlı olur, “biz” kasıb-kusub; “mən” hörmət edir, “biz” rüşvət veririk; “mən” hüquq-mühafizəçisi olur, “biz” hüququnu bilməyən, qanunu pozan nadan; “mən” Novruz bayramı olur, “biz” Kosa ilə Keçəl və sair...
Və bu “mən” yerlibazlıqdan, qohumbazlıqdan, hətta rayon və kəndbazlıqdan, yekaxanalıqdan, dombaldılmış pafosdan, reklamdan, “qoy mən tox olum özgələri ilə nədir karım”dan, “ancaq mənim avazeyi-şənim ucalsın”dan (M.Ə.Sabir) və bu kimi digər əxlaqsızlıqdan ibarətdir. Bu yerlibazlıq, qohumbazlıq, yekəxanalıq, pafos, reklam, öz mənafeyini düşünmək, mənəm-mənəmlik məni, səni, onu heç vaxt biz olmağa qoymur...
“Mən” hallananda da öz xeyirinə, öz cibişdanı üçün, öz adı-sanı üçün hallanır: mənim, mənə, məni, məndə, məndən deməkdən yerə-göyə sığmır.
“Mən” “biz” olmayanda “biz” bölünərək, parçalanaraq “mən”, “sən”, “o” olur.
Azər MUSAOĞLU