Deyəsən Platon deyib: “Tərif əsl fikirlərini gizlədənlərin söylədikləri yalandır”... Bir də ki, nə fərqi var, kim deyib – Platon deyib, Aristotel və ya Əli, Vəli, Pirvəli deyib, əsas odur, yaxşı deyib, düz deyib, lap əcəb deyib.

 

Deyir, niyə filan qəzet kimi siz də tərif yazmırsınız, elə tənqid yazırsınız, axı təriflənəsi adamlarımız heç yoxdurmu?..

 

“Axmağın tərifindənsə ağıllının tənəsi yaxşı deyilmi” deyə cavab verib, dalıyca da çırtma çalaraq qışqırmaq istəyirsən:

 

“Әtri xoş,

Dadı meyxoş,

Görәn yerdә qoymaz,

Yeyәn yedikcә doymaz,

Gәl, gәl, ay müştәri!

Gәl, gәl, ay müştәri!..”

 

Əvvəla, filan qəzet kimi tərifləyir, necə tərifləyir, nə zaman tərifləyir, özü bilər. Bizim qəzet filan-bəhmən qəzet olmaq zorunda deyil. Tərifləyən bir qəzet yetmirmi? Sonra da ki, xiyar, pamidor satırıq bəyəm, tərifləyək?..

 

Deyir, heç olmasa yubileylərindəsə bir-iki kəlmə söz yazın.

 

Bəlkə bir-iki rumka da sağlıq deyək? Lülə, tikə, basdırma, yarpaq dolması, kələm turşusu, yanında da kal pamidor turşusu, gürcü xəngəli, plov, Moskovski salat və daha nələr, nələr düzülmüş süfrənin də şəklini manşetə çıxaraq ki, rəngli olsun?..

 

Demək istəyirsən ki, ay ağsaqqal, ay baba, ay yaşlı nəslin nümayəndəsi, çənənin yağını sil, axı filan qoca müəllimin, şairin, deputatın, kənd sovetinin, kolxoz sədrinin, briqadirin, aqronomun, dəlləyin, pullunun, zorrunun təriflənməsini niyə belə canfəşanlıqla arzulayırsan, bundan sənə nə, qohumun deyil, qonşun deyil, ayrı dərdin-azarın yoxdurmu, gedib çayxananda dominonu oynasan, nəvələrinə nağıldan-zaddan danışsan, sənin problemin elə budurmu?

 

Deyir, niyə elə problemdən yazırsız, bir az da yaxşı şeylərdən yazın.

 

Demək istəyirsən ki, görünən dağa bələdçi lazım deyil, yaxşı elə yaxşılığındadır da, problemləri işıqlandırırıq ki, bəlkə bir əncam çəkən ola, həllini tapa. Sənə nanotexnologiya dövründə tövləyə oxşayan məktəbin problemlərinin göstərilməsimi daha faydalıdır, ya o məktəbdə 80 yaşını haqlamış əli təbaşir tutmayan müəllimin şəninə təriflər yazmaqmı?

 

Oxuyan tövlədə də oxuyar deyib, başlayır öz dövrünü, sovet hökumətini ağzı sulana-sulana tərifləməyə, müəllimlərinin onu “eşşək kimi döyə-döyə adam eləməsindən” (öz sözüdür haa) tutmuş əsgərlikdə “stroybatda eşşək kimi işləyə-işləyə kişi olmasına” (bu da öz sözüdür haa) qədər danışaraq “indiki gəncləri” də bəyənmədiyini, onları yaşlılara qarşı çox hörmətsiz olduqlarını pioner andı içirmiş kimi çoxdandır əzbərlədiyi cümlələrlə deyib uzaqlaşır.

 

Arxasıyca qışqırmaq istəyirsən ki, ay ağsaqqal, ay əmi, ay dayı, axı Stalin ölüb, ölüb, ölüb. Şəxsiyyətə pərəstiş dövrü deyil daha. Kimisə tərifləmək sənin nə yaşına-başına yaraşar? Bəsdir onun-bunun qarşısında reverans etdiniz. Əl çəkin bu lazımsız hərəkətdən, jestdən, vərdişdən...

 

Düşünürsən, bəlkə saqqalın ağ deyil deyə səni saymır, bir də yadına düşür ki, qozbeli qəbir düzəldər, üzərində də tərifli epitafiyalı baş daşı, tərifli haa... Məzarı qarşısında da “yevropeyski” bir reverans.

 

Allah rəhmət eləsin!

 

Azər MUSAOĞLU