İnsanların ən çox danışdığı mövzulardan biri də günü-gündən artan qiymətlərdir. Marketə, aptekə gedəndə, kommunal xidmətlər üçün ödəniş edəndə, yaxud gündəlik ehtiyaclarımızı qarşılamağa çalışanda qiymətlərin əvvəlki kimi olmadığını görürük. Bir zamanlar əlçatan hesab etdiyimiz məhsullar indi bir çox ailə üçün ciddi xərcə çevrilib. Maaşlar da eyni sürətlə artmadıqda bahalaşma insanın həyatına daha ağır təsir göstərir.

 

Bahalaşma yalnız rəqəmlərin dəyişməsi deyil. Qiymətlərdəki bir neçə qəpiklik və ya bir neçə larilik artım milyonlarla insanın gündəlik həyatında böyük çətinlik yarada bilər. Çünki heç bir ailənin büdcəsi sonsuz deyil. İnsan qazandığı pulun hesabını bilməlidir. Belə ki, ayın sonuna qədər ərzaq, kommunal xərclər, yol pulu, geyim, dərman və digər ehtiyaclarını qarşılamağa çalışmalıdır.

 

Ən çox diqqət çəkən məsələlərdən biri ərzaq məhsullarının qiymətləridir. Çörək, yağ, süd məhsulları, ət, tərəvəz, meyvə və digər gündəlik lazımlı malların qiymətindəki dəyişiklik ailələrin büdcəsinə birbaşa təsir edir. İnsan əvvəllər müəyyən məbləğə aldığı məhsulları indi daha baha qiymətə almağa məcbur olur. Nəticədə, ailələr ya daha az alır, ya daha ucuzunu axtarır, ya da heç almırlar.

 

Əvvəllər ailə büdcəsində müəyyən qədər qənaət edib uşaqlara yeni paltar almaq, ailə ilə istirahətə getmək və ya gözlənilməz xərclər üçün kənara pul qoymaq mümkün olurdu. Amma artıq bu imkanlar getdikcə azalır. İnsanlar artıq “evə nə almalıyam?” sualından çox, “nəyi almasam da olar?” sualını verməyə başlayıblar.

 

Bahalaşmanın təsiri yalnız market səbətində hiss olunmur, yol xərclərinin, kirayələrin, təmir işlərinin və digər gündəlik xərclərin artması da ailə büdcəsini sıxır. Bir sahədəki qiymət artımı digər sahələrə də təsir göstərir. Məsələn, yanacağın bahalaşması digər məhsulların son qiymətinə təsir edir. Beləliklə, qiymət artımı zəncirvari şəkildə gündəlik həyatın müxtəlif sahələrinə yayılır.

 

Bahalıq insanların psixoloji vəziyyətinə də təsir göstərir. Daim pul hesabı aparmaq, gələcək ayın xərclərini düşünmək, gözlənilməz xərc çıxacağından narahat olmaq insanları çox yorur, stres yaşadır. Ailə daxilində maddi sıxıntıların artması bəzən münasibətlərə də öz təsirini göstərir. Çünki maddi problemlər sadəcə iqtisadi məsələ deyil, həm də sosial və psixoloji problemdir.

 

Bahalılığın ən ağır məqamlarından biri də uşaqların ehtiyaclarının qarşısında seçim etmək məcburiyyətində qalmaqdır. Valideyn övladının istədiyi hər şeyi almaq istəyir, lakin bəzən büdcə buna imkan vermir. Uşaq üçün adi görünən bir istək, bəzən valideyn üçün aylıq hesabı başdan dəyişmək demək ola bilər.

 

Bəs bahalaşmanın qarşısını almaq mümkündürmü və bunun üçün nə etmək lazımdır?

 

İlk növbədə, qiymət artımının səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Bazarda sağlam rəqabətin təmin olunması, süni qiymət artımlarının qarşısı alınmalıdır. İnsanlar bazarda qiymətin niyə dəyişdiyini bilməlidir. Şəffaflıq olmadığında cəmiyyətdə narazılıq və inamsızlıq artır.

 

Digər tərəfdən, insanların gəlirləri ilə xərcləri arasında tarazlıq yaradılmalıdır. Çünki yalnız maaşları artırmaq kifayət etmir. Əgər aldıqlarının qiymətləri gəlirdən daha sürətlə yüksəlirsə, maaş artımının təsiri qısa müddətdə yenidən itə bilər. Əsas məqsəd insanların real alıcılıq qabiliyyətini qorumaq olmalıdır.

 

Bahalaşma ilə mübarizə yalnız dövlətin və ya sahibkarların deyil, bütövlükdə cəmiyyətin problemidir. Hər bir satıcı öz hüquqlarını bilməlidir, qiymətləri müqayisə etməli və keyfiyyətlə qiymət arasında düzgün seçim etməlidir. Bütün məsuliyyəti vətəndaşın üzərinə qoymaq düzgün deyil. Çünki büdcəyə qənaət etmək imkanı insanın gəlirindən asılıdır.

 

Bu gün bahalıq haqqında danışmaq əslində insanların həyatından danışmaqdır. Söhbət sadəcə çörəyin, yağın, ətin və ya tərəvəzin qiymətindən getmir. Söhbət insanların necə yaşamasından, övladlarını necə böyütməsindən, gələcəyini necə planlaşdırmasından gedir. İnsan işləyib qazandığı pulla yalnız bu gününü yox, həm də sabahını düşünməlidir. Bir ailə bütün gəlirini gündəlik ehtiyaclarına xərcləyirsə, gələcəyə necə hazırlaşsın? Uşağının təhsilinə necə pul ayırsın? Ev, maşın və ya digər böyük məqsədlər üçün necə yığım etsin? Xəstəlik, işsizlik və ya başqa gözlənilməz vəziyyət zamanı nə etsin?

 

Ona görə də bahalaşmaya yalnız statistik göstərici kimi baxmaq olmaz. Hər qiymət artımının arxasında bir ailənin büdcəsi, bir valideynin narahatlığı, bir uşağın təxirə salınmış arzusu dayanır.

 

Xalqın necə yaşadığı insanların mağazada nə qədər pul xərcləməsi ilə deyil, həmin xərclərdən sonra onların cibində nə qədər pul qalması ilə ölçülür. İnsan qazandığı gəlirlə normal yaşaya, ehtiyaclarını qarşılaya və gələcəyi üçün müəyyən qədər vəsait ayıra bilməlidir. Bahalaşma bu şəkildə davam edərsə, insanların rahatlığı, ümidləri və gələcəyə inamı da bahalaşmanın altında əziləcək.

 

Afaq Azər