Bu o deməkdir ki, dövlət teatrlarının heç biri gənclər yetişdirmək, onlara təcrübə qazandırmaq marağında deyil. Bu günlərdə məxsusi olaraq bütün nəhəng, iri büdcəli dövlət teatrlarına yazıb, onlardan teatra marağı olan gənclər üçün hər hansı bir təcrübə proqramlarının olub-olmadığını soruşdum. Hər biri konkret olaraq belə bir proqramın olmadığını bildirdi. Hətta həmin teatrlardan birinin verdiyi cavab olduqca tragikomik idi. Mənə bir az da ironiyalı şəkildə dedilər ki, “biz təhsil və təcrübə mərkəzi deyilik”!
Cılız olduğu qədər də, acınacaqlı bir cavab idi bu. Düşünün, bu cavabı verən şəxs dövlət teatrında çalışır və dövlətdən əməkhaqqı alır. Amma ən bəsit bir şeyi bilmir ki, teatrın özü ən böyük məktəb və təhsil mərkəzidir. Və burada belə bir sual yaranır: əgər bu teatrlarda təcrübə proqramları mövcud deyilsə, ölkədə bu sahəyə marağı, bacarığı olan insanlar harada təcrübə qazanmalıdır? Axı teatr sadəcə aktyor və rejissordan ibarət deyil. Bunun rəssamı var, rejissor asistenti var, qrim ustası var, səs və işıq operatoru var, dekoratoru, rekvizitoru, səhnə işçiləri var. Bu saydığım peşə sahibləri harada işləməli və təcrübə qazanmalıdırlar? Niyə dövlətin yüz minlər, milyonlar ayırdığı teatrlar bu sahədə kadr hazırlamır, hazırlamadıqları yetmirmiş kimi, ən azından təcrübə qazanmalarına imkan yaratmırlar?
Sual yaranacaq ki, necə yəni hazırlamırlar, bəs teatrlarda bu sahədə çalışan insanlar yoxdurmu? Əlbəttə, var! Lakin bizim teatrların əksəriyyətinə nəzər yetirsək, görərik ki, orada çalışanların böyük əksəriyyəti ya bədii rəhbərin, ya direktorun, ya da kadrlar şöbəsinin müdirinin dostları, qohumları, ya da “yuxarıdan” birilərinin xahişi ilə qəbul etdikləri şəxslərdir. Bunu haradan bilirəm? Çünki özüm də illərlə dövlət teatrında çalışmışam. Və əksər teatrlarda dövran bu cür dövr eləyir. İstənilən dövlət teatrını ziyarət etsəniz görərsiniz ki, orada ayaqda güclə duran, 20-30 ildir çalışan, amma hələ də nə iş gördüyünü özü də bilməyən kadrlar var.
Vəziyyətin bu cür olmasına baxmayaraq, hələ sıxılmadan təcrübə proqramımız yoxdur deyirlər. Niyə yoxdur, bilirsiniz? Sabah səni, məni, onu, bizi hazırlasalar, təcrübə qazandırsalar, sonra məcburdurlar ki, o həmin yararsız kadrları işdən çıxarıb, yerlərinə bizi götürsünlər. Bu isə sərf etmir. Çünki həmin 30 illik işçilər itaətkardır, heç nəyə qarışmır, heç nəyə etiraz etmirlər. Sən isə kəsilməmiş qarpızsan. Gəncsən, enerjilisən, sabah hansısa bir məqamda bu elə yox, belədir deyə bilərsən. Artıq baş ağrısı lazımdır? Məsələn, o vaxtlar Tbilisi Dövlət Azərbaycan Dram Teatrında işlədiyim zaman bəzən iclas keçirilər və müəyyən məsələlər ortaya qoyulardı. Hərdən deyilirdi ki, filan ağsaqqalın işi və funksiyası nədir bu teatrda? Axı heç işə də düz-əməlli gəlib-getmir. O dəqiqə qiyamət qopurdu ki, “dəyməyin, toxunmayın, qoca adamdı, pulunu qazanır”. Əlbəttə, hamının pul qazanması vacibdir. Amma zəhmətlə, əziyyət çəkərək qazanılması şərtilə. Yaşlı olduğu üçün onsuz da dövlət ona pensiya verir. Bəs işsiz qalan gənclər? Hansı ki, yeni ailə qurublar, övladları dünyaya gəlib və ən əsası, həmin işi də o ağsaqqaldan qat-qat daha yaxşı görə bilərlər.
Bizim Qafqazda, ümumiyyətlə, teatrda, sənətdə müəyyən uğur, təcrübə qazanmış şəxslər özlərini qoyurlar Everest dağının zirvəsinə. Elə davranırlar ki, sanki dünya bunların ətrafında dönür. Hansı ki, bir zamanlar onlar da təcrübəsiz, onlar da yolun başında idilər. Əksər dövlət teatrlarına getsəniz, görəcəksiniz ki, orada çalışanların 90 %-i sizə yuxarıdan aşağı baxır. Sizin gördüyünüz işləri bəsit, həvəskar işi, öz gördüklərini isə teatr tarixinə qızıl hərflərlə yazılmış, nadir tapıntı kimi təqdim edirlər. Bir də diplomlu-diplomsuz söhbəti edirlər ki, teatr və kino sahəsində bu mövzunun hələ də qabardılması olduqca gülüncdür. Böyük teatrların birinin bədii rəhbəri ilə söhbətimdə “Era Teatrı” haqqında danışıb, bundan da motivasiya gözləyirdim ki, sözümü kəsib, “aktyorlarınızın teatr və kino diplomu varmı?” deyə soruşdu. Yoxdur dedikdə isə qayıtdı ki, “onda siz teatr deyilsiniz”. Müəllimə sual verdim ki, sizə teatr və kino universitetində ən çox hansı şəxsin yaradıcılığını keçirdilər? Qayıtdı ki, Çarli Çaplinin. Dedim onda sizin az öncə dediyinizdən belə çıxır ki, Çarli Çaplin sənətkar deyildi, çünki onun teatr və kino diplomu yox idi. Ümumiyyətlə, yaxın keçmişə qədər teatr və kino təhsili deyə bir şey mövcud deyildi. Yeri gəlmişkən, müəllimin səhnələşdirmək üçün əsərlərinə ən çox müraciət etdiyi yazıçı da Vilyam Şekspir imiş. Sadəcə orta təhsili olan Şekspir də görəsən bunların gözündə qeyri-peşəkar, istedadsız olaraqmı görünür? Əlbəttə ki, bütün bunlar ironiyadan ibarətdir. Gerçək isə odur ki, bu gün universitetlərdə, tarix kitablarında Çarli Çaplin, Vilyam Şekspir kimi diplomsuzlar qalıb, bəzi dırnaqarası diplomluları isə görək öldükdən sonra kimsə xatırlayacaqmı?..
Anar RAFİQOĞLU
“Era Teatrı”nın bədii rəhbəri, rejissor