GEDİŞ-GƏLİŞ
26. KİÇİK MAŞINLARIN BÖYÜK ÜSTÜNLÜYÜ
Niderlandda maşın bolluğudur. İtinə tök, pişiyinə dağıt. Maşınların bolluğu böyük şəhərlərdə özünü daha çox hiss etdirir. Hərəkət zolaqlarında hərəkətdə olan, dayanacaqlarda hərəkətsiz dayanan maşınların arasından keçmək olduqca çətindir. Şəxsi avtomobilini saxlamaq üçün, park etmək üçün xeyli vaxt itirməli olursan. Bu, dünyanın böyük şəhərlərinin əsl baş ağrısıdır. Bir maşınına minib sürəndə sevinirsən, bir də ona dayanacaq tapıb düşəndə. Niderland şəhərlərinin bu maşın sıxlığına rəğmən kiminsə siqnal verməsinə, kiminsə kimisə tələsdirməsinə, kiminsə başını şüşədən çıxarıb kimisə allı-güllü sözlərə qonaq etməsinə, yol üstündə dava-dalaş salmasına təsadüf etməzsən. Ölkədə hər şeyi səbrlə həll etməyə, səbrlə yoluna qoymağa adət ediblər. Elə maşın tıxacları da bu yolla tənzimlənir.
Arada motesikletinin qazını artıran baykerlərə, maşınında musiqini gücləndirən tiplərə də rast gələ bilərsən. Amma bunun nadir hallarda baş verdiyini də söyləməsəm olmaz. Bu yerdə “meşə çaqqalsız olmaz” deyib keçirsən. “Naxırın adını bir qotur dana pozar” məsəlimizi də yada salsaq yerinə düşər. Maşallah, özümüz əməl etməsək də hər situasiyaya uyğun məsəlimiz əlimizin altında hazırdır.
Urbanizasiyanın sürətli gedişi meqapolislərdə avtomobillərin artımını da sürətləndirir. Müasir şəhərlərdə maşınların saxlanması üçün dayanacaqların çatışmazlığı hiss olunur. Nabələd sürücülərin işi isə lap müşkülə çevrilir. Bir az qabaq dediyimiz kimi, bu problem Niderlandın böyük şəhərlərində də hiss olunur. Yeraltı, yerüstü çoxmərtəbəli, minlərlə maşına eyni vaxtda ev sahibliyi edən çoxsaylı müasir avtodayanacaqların inşa edilməsinə baxmayaraq, bəzən bu, problemlərin həlli üçün yetərli olmur. Yetərli olsa belə bu xüsusi dayanacaqlardan istifadə etmək çox adam üçün sərfəli deyil. Bu dayanacaqların xidmətindən gündəlik istifadə isə maşın sahibləri üçün zülümdür. Hər gün bir ətək pul xərcləmək lazım gəlir. O üzdən də maşın sahibləri bu xidmətdən qaçmağa çalışırlar, başqa alternativlər axtarırlar.
Müasir binaların alt qatında bina sakinlərinin avtomobillərini saxlamaları üçün xüsusi qarajların olması da, ildən-ilə sayı artan avtomobillərin dayanacaq, park problemini həll etmək də, deyəsən, aciz görünür.
Niderlandda açıq, meydança tipli avtomobil dayanacaqlarına da rast gəlmək olur. Küçələrin müəyyən yerində də belə pullu dayanacaqlar görmək mümkündür. Bu tipli dayanacaqlara nəzarət videogözlər vasitəsilə həyata keçirilir. Yaxınlıqda yerləşən ödəmə terminalları sənə hər saat üçün nə qədər ödəməli olmağın barədə məlumat verir, sənin kiməsə müraciət etmənə, kimdənsə yardım ummana gərək qalmır. Avtomobilini dayancağa yerbəyer etdinmi, rüsumunu ödədinmi, vəssalam, arxayın ola bilərsən; maşının əmin əllərdədir, çıxıb işlərinin dalınca gedə bilərsən. Belə dayanacaqları yaratmaqla əlidəyənəkli gözətçiyə də ehtiyac olmayacaq. İşin ən maraqlı tərəfi isə avtomobilin park edilməsinə görə ödədiyin pulun kiminsə cibinə yox, məhz dövlətin büdcəsinə daxil olduğuna inanacaqsan.
Böyük şəhərlərə gündəlik gedib-gələnlər avtomobillərini şəhər ətrafında və ya şəhərin sakit guşələrində, dayanacaq üçün rüsum tələb edilməyən yerlərdə saxlayaraq lazımi ünvana ya şəxsi velosipedləri ilə, ya da ictimai nəqliyyatla getməyə üstünlük verirlər. Vəziyyətdən çıxış üçün ən yaxşı yöntəm velosipeddən istifadə etməkdir. Velosipedi bəzən avtomobillərin arxasına quraşdırılmış xüsusi platformaların üzərində hər gün gətirib-aparır, çox vaxt isə maşınlarını park etdikləri yerin yaxınlığında yerləşən pulsuz velosiped dayanacaqlarında at kimi çidarlayıb qıfıllayırlar. Binaların arasında, evlərin həyətində belə velosiped dayanacaqları istənilən qədərdir. Belə velodayanaclara getməyə ərinənlər də olur, velosipedlərini harada gəldi saxlayırlar. Hər il polisin minlərlə belə velosipedi yığışdıraraq müsadirə etdiyi də bəllidir. Bunu ona görə qeyd edirəm ki, Niderlandda bizim gözümüzdə xırda görünən hər bir məsələyə diqqətlə yanaşıldığını biləsiniz.
Bir abzasımızı da avtomobillərin necə park edilməsinə həsr etməmiz, düşünürəm ki, maraqla qarşılanacaq. Niderlandda maşınların necə gəldi, nizamsız saxlanılmasına rast gəlməzsiniz. Nə qədər boş yer olsa da, hətta şəxsi həyətində belə maşını lazım olan qaydada saxlamaq bir kult səviyyəsinə yüksəldilib. Küçələrdə, avtomobillərin dayanacaq kimi istifadə edə biləcəyinə icazə verilən yerlərdə sıralanmış onlarla maşın küçənin hərəkət hissəsindən ayrılmış xətdən bir qarış da kənara çıxmadan saxlanılır. Düşünürsən ki, bunun üçün çoxmu zəhmət çəkmək gərəkdir? Əsla, yox. Sadəcə vərdiş etmək, öz hərəkətlərini nəzarətdə saxlamaq, bir qədər diqqətli, bir az da hövsələsi gen olmaq, daha çox da başqalarına hörmət bəsləmək lazımdır. Vəssalam, səndən tələb olunan cüzi bir insani davranışdır, başqa heç nə.
İşıqforların olmadığı yerlərdə, piyada keçidlərində, heç belə keçidlər olmasa da, yol piyadanındır. Sürücü piyadanın keçməsini gözləməli, onun keçdiyinə əmin olduqdan sonra yoluna davam etməlidir. Sizi inandırım ki, çox vaxt yolu keçən piyada başını qaldırıb nə sağına baxır, nə soluna. O üzdən ki, birinci keçmək hüququnun özünə məxsus olduğundan, bu hüququ kiminsə pozmağa cəsarət etməyəcəyindən əmindir. Küçəni keçən yaşlıların ləng hərəkətini, dəcəllik edən uşaqların qəfil atlanışını səbrlə, hövsələ ilə izləyən, üz-gözündə heç bir narazılıq ifadəsi yaranmayan avropalı sürücüləri kənardan müşahidə etmək olduqca xoşdur. Belə situasiyalarda, tələssə belə bunu büruzə verməyən, siqnal verməyi ağlının ucundan keçirməyən avropalı sürücü hirslənməyi, yolu keçən adama irad bildirməyi heç vaxt düşünmür. Bunun hər iki tərəfə – özünə də, piyadaya da narahtlıq yaradacağını, hətta əlavə baş ağrısına səbəb olacağını bilir və yolunun açılmasını tələsmədən gözləyir. Sözarası onu da deyim ki, Avropada, bir qədər də dəqiqləşdirsəm, Niderlandda kiminsə tələsdiyini, vurnuxduğunu sezməzsən. Bu, küçədə də, mağazada da, ictimai nəqliyyata minib-düşəndə də, iş yerində də açıq-aydın hiss edilir. Nə piyadanın, nə sürücünün tələskənlik etdiyini görməzsən. Nədən ki, rejimin – iş, istirahət, əyləncə üçün vaxtın düzgün bölgüsü tələskənliyə yer qoymur. Bu üzdən də, qismətinə bir an əvvəl çatmaq, qismətilə vaxtından qabaq buluşmaq kimi əndişələri də yox. Nə gizlədim, dərs almalı örnəkdir.
Niderlandda maşın bolluğundan artıq xəbərimiz var. Bu bolluğun səbəblərindən biri də avtomobil yollarının rahatlığıdır. Avtomobillərin sel kimi axdığı yollar – istər şəhər küçələri, istər də şəhərlərarası magistrallar – səliqə-sahmanı, təmizliyi, nizam-intizamı ilə görənləri heyran edir. Şəhərlərarası yolların müasir standartların fövqündə duran mürəkkəb bir sistem olmasını xatırlatmadan keçmək istəmirəm. Asfalt və ya beton örtüklü bu cür müasir yollarda səfərə çıxan yolçuların yorulacağını, usanacağını xəyalından belə keçirə bilmirsən. Yolboyu səni müşaiyət edən gözoxşayan yaşıllıqların, təkrarsız kənd və şəhər mənzərələrinin sənin ruhuna bir dinclik gətirəcəyini əminliklə söyləmək olar. Yol kənarlarında bir dənə də olsun atılmış kağız, plastik, metal qırıntısına rast gələ bilməzsən. Atılsa belə o tullantını oradan qaldırıb yerinə qoyacaq xidmət işinin başındadır, tullantıların sayı artmadan onu təmizləyəcək.
Şəhər küçələri adətən daş və ya kərpiclə döşənir, səkilərin də əksəriyyəti belədir. Şəhərlərin qədim hissələrində asfalt və betondan istifadə olunması nadir hadisədir. Yağıntının bol olduğu Niderlandda, bu, çox önəmli bir yolsalma, şəhərsalma elementidir. Nə qədər gur yağsa belə yağış və qar sularının selə çevrilmə ehtimalı bu vasitə ilə önlənir. Yağış suları işlək kanalizasiya sisteminin köməyi ilə yığılsa da, daş və kərpic örtüklərin arasından da tezliklə torpağa sorulur. Həm də bu yolla şəhərlərdə istixana effektinin qarşısı alınır. Bir sözlə, şəhər küçələrinin bu cür döşənməsi ekoloji tarazlığın, insanların sağlamlığının qorunmasına xidmət edir.
Niderlandda maşınlar o qədər çoxdur ki, daş atsan maşına dəyər, iynə atsan yerə düşməz. Yol qovşaqlarında sağından-solundan, başının üstündən, ayağının altından keçən, rəngləriylə göyqurşağını andıran irili-xırdalı avtomobillərin yaratdığı əlvanlığa həyacan qarışıq bir heyrətlə baxırsan. Benzinlə, dizel yanacağı və ya elektrik enerjisi ilə çalışan avtomobillərin hərəkətini izləmək, o hərəkətin bir üzvü olmaq adama qəribə hisslər yaşadır. Bütün Niderland miqyasında maşınların nizamlı hərəkəti onun vahid bir mərkəzdən idarə olunması təəssüratı yaradır. Düzdür, avtomobillərin hərəkətinin idarəolunmasının avtomatlaşdırıldığı yerlərə də təsadüf olunur. Ölkə ərazisində quraşdırılmış videogözlər vasitəsilə hərəkətə nəzarət də həyata keçirilir. Bütün bunların hamısından istifadə olunur, texnoloji yeniliklərin hərəkətin tənzimlənməsinə uğurla tətbiq olunması da bir gerçəklikdir. Amma, mən bunları bilsəm də, avtomobillərin hərəkətinin idarəolunmasını böyük bir orkestrin dirijor çubuğu ilə idarə edilməsinə bənzətməyi fikrimdən keçirirəm.
Ağır tonnajlı yük maşınlarını, elə orta tutumlu daşımaçılıqla məşğul olan maşınları da bura qatsaq, ictimai nəqliyyat sektorunda xüsusi yer tutan avtobusları bir kənara qoysaq, yerdə qalan minik avtomobillərinin çoxluğu yenə də diqqətdən yayınmayacaq. 2019-cu ilin məlumatlarına görə, Niderlandın avtomobil parkında 12 mln 700 min ədəd irili-xırdalı maşın olduğu söylənir. Bunun da təxminən üçdə iki hissəsi minik avtomobillərindən ibarətdir. Öz tərəfimdən minik avtomobillərinin təxminən 80-90 faizinin kiçikölçülü maşınlardan ibarət olduğunu ehtimal edirəm. Burada bahalı marka avtomobillərə də rast gəlmək olar. “Tesla”nın, “Mersedes Benz”in ən son modelləri də var. Ancaq nəhəng ciplər bu ölkədə nadir hallarda gözə dəyir. Bir az diqqətli olsan bu avtomobillərin sahiblərinin ya ərəb, ya türk, ya fars olduğunu da müəyyən edə bilərsən. Son model “Porsche”dən düşənin 99 faiz ərəb olacağını baxmadan da deyə bilərsən. Neftin puludur, sağa da səp, sola da. Qız bişirməyə çıxıb, qız tutacaq. Buna görə kişinin xətrinəmi dəyəcəyik? Şərq xalqlarının dəbdəbəyə meyilli olması bu sektorda da özünü göstərir. Avropalının düşüncəsi belə avtomobillərə artıq pul verməyi, dövlətə belə avtomobilə sahib olduğuna görə bir ətək rüsum ödəməyi qəbul etmir, onun düşüncəsində buna yer yoxdur. Mən artıq mövzumuzun ən ağrılı nöqtəsinə çatdığımızı da anlayıram. Bu barədə növbəti abzasda danışaq.
Artıq Niderlandda minik avtomobillərinin əksərinin kiçik maşınlardan ibarət olduğunu hamımız bilirik. Mən bunu artıq bir neçə dəfə vurğuladığımın da fərqindəyəm. Bunu bilərəkdən etdiyimi də danmıram. Bizim Gürcüstanla, elə Azərbaycanla müqayisədə Niderlandın avtomobil parkının kiçikölçülü maşınlardan ibarət olması ilk baxışdan diqqəti çəkə bilər. Amma əslində bu belə deyil. Niderlandda bu maşınların əksəriyyəti yenidir, bizim maşınlara nisbətən son bir-iki ilin məhsullarıdır. Bizim maşın parklarımızın avtomobilləri nə qədər böyük görünsələr də, öz köhnəliyi, qocalığı ilə geridə qalır. Bizim maşınların böyük hissəsi Avropa maşınları ilə müqayisədə metal qırıntısı hesab edilməlidir. Məsələnin digər yanı mənəviyyatla bağlıdır. Avropalı üçün avtomobil hərəkət vasitəsidir, rahatlıq, vaxta qənaət mənbəyidir. Bizim avtomobil sahibi olma düşüncəmiz, bir çox sahələrdə olduğu kimi, deformasiyaya uğramış düşüncədir. Məni sərt fikir səsləndirməkdə qınayanlar olacaq. Canları sağ olsun, bir gün onların da niyə belə kəskin danışdığımı anlayacaqlarına ümidvaram. Bizim insanımız avtomobilə görüntü üçün, kimdənsə fərqlənmək üçün, kimdənsə üstünlüyünü nümayiş etdirmək üçün, kimisə mənəvi cəhətdən, statistikaya baxsaq, həm də fiziki cəhətdən əzmək üçün lazım olan bir vasitə kimi baxır. Cəmiyyətdə fərqlənmək nişanı hesab etdiyi nəhəng cipə minib-düşərkən həm xaşal qarnının ağırlığından, həm də maşının minib-düşmək üçün namünasib olmasından bu qədər əziyyət çəkməyə dəyərmi? Mənim fikrimi soruşan olsa, cavabım bəlli. Sizin nə cavab verəcəyinizi bilmirəm.
Çox qısaca bir məsələ barədə də fikrimi bildirməyə çalışacam. Niderlandda heç kim artıq pul verib avtomobili üçün palindroma, “zerkalni nömrə” dediyimiz dövlət nişanı almağa ehtiyac duymur. Düşünürəm ki, heç holland bunu ağlının ucundan da keçirməz. Burada belə bir ənənə yoxdur. Hollandların bir-birindən fərqlənmək üçün meydanları genişdir. Bu kiçik ölkənin sakinləri elm, sənət, idman və sair sahələrdə bir-birilə yarışmağı daha çox sevirlər, nəinki hər hansı əşyaya sahibliyə görə rəqabəti.
...Niderlandda maşın bolluğudur. Kiçik avtomobillər isə daha çoxdur. Bu maşınlar bir neçə səbəbdən çoxluq təşkil edir. Belə minik avtomobilləri ucuzdur, hər bir adamın almaq imkanı var. Dövlətə buna görə az vergi ödəyirsən. Niderlandda avtomobil sahibləri mühərrikin gücündən asılı olaraq vergi ödəyirlər. Yanacaq sərfi azdır, yenə büdcənə qənaət edirsən. Şəhərlərin maşın sıxlığında böyük ölçülü maşınlara nisbətən kiçik ölçülü maşınlara yer rahatlıqla tapılır, bu problemi daha tez yoluna qoya bilirsən. Adama bundan artıq nə lazımdır? Allahdan ölümmü gəzirsən? Bu kiçik minik avtomobillərdən al, işini aşır...
Afiq MUXTAROĞLU
Niderland