Əgər həqiqəti ancaq pıçıltı ilə danışmaq olarsa, deməli, ölkə düşmənlər tərəfindən əsir götürülüb (Vilhelm Şvebel – alman publisisti).

 

Gürcüstan Konstitusiyasının 17-ci maddəsinə əsasən, fikrin ifadə azadlığı qanunla qorunur, fikrin ifadəsinə görə insanı təqib etmək yolverilməzdir və hər kəs fikir bildirmək azadlığına malikdir. Kütləvi informasiya vasitələri azaddır. Senzura yolverilməzdir. Dövlətin və ya şəxslərin medianı və ya onun yayılması vasitələrini inhisara almaq hüququ yoxdur!!!

 

Məncə, oxumaq bilən, xüsusilə də təhsil müəssisələrində çalışan hər kəsin bundan xəbəri var, olmalıdır da. Yox, əgər yanılıramsa, o zaman yaxşı olar ki, bu müqəddəs 17-ci maddəni iri şriftlə təhsil müəssisələrinin girişlərində, hətta müəllimlər otaqlarının və bütün siniflərin divarlarından assınlar – Mendeleyevin kimyəvi elementlərin dövri sisteminin cədvəli və ya vurma cədvəli kimi. Bilənlər hər gün təkrarlasın, bilməyənlər isə əzbərləsinlər, bəlkə nicat tapdıq.

 

Ümumiyyətlə, ölkə Konstitusiyası və Azərbaycan dilinin izahlı lüğəti oxumaq bilən hər kəsin masaüstü kitabı olmalıdır. Onu da qeyd edim ki, Gürcüstanın Konstitusiyası Azərbaycan dilində də var, yəni burada gürcü dilini bilməməyi bəhanə gətirmək yersizdir. Konstitusiyanı başa düşdük deyə bilərsiniz, bəs lüğət nəyə gərəkdir?

 

Azərbaycan dilinin izahlı lüğətinin niyə masaüstü kitabımız olmasının vacibliyini izah etmək üçün əvvəla lüğətimizdəki iki sözü mənaları ilə burada tirajlayım. Lüğətə əsasən, tənqid – yaxşı cəhətlərini üzə çıxarmaq, nöqsanlarını göstərmək və düzəltmək məqsədilə müzakirə, təhlil; təhqir isə – heysiyyətini alçaltma, mənliyinə toxunma, şərəfsiz etmə; həqarət deməkdir. Bonus olaraq jurnalistika terminləri lüğətindən bunu da əlavə edim: tənqidə görə təqib – yazdığı materiallara, apardığı araşdırmalara, etdiyi çıxışlara və tənqidi rəylərinə görə şəxsin, kütləvi informasiya vasitəsinin (KİV) davamlı təzyiqlərə məruz qalması. Tənqidə görə təqib şəxsin mediaya çıxış, KİV-in yayım imkanlarını daraltmaq, onları gəlirdən məhrum etmək, gözdən salmaq, ictimai qınaq obyektinə çevirmək cəhdlərində özünü göstərir, həmçinin hədələmək, qorxutmaq, fiziki təzyiqə məruz qoymaq, davamlı olaraq məhkəmələrə cəlb etmək, azadlığı məhdudlaşdırmaq və s. formalarda həyata keçirilir.

 

Məncə, bu qədər yetər, qanana hər şey aydındır.

 

Xəbəri olmayana isə xatırlatmaq istəyirəm ki, indi 2022-ci ildir, müstəqil ölkədə yaşayırıq, yəni 1937-ci il çox uzaqlarda qalıb, həqiqəti pıçıltı ilə deməyin, danışmağın zamanı deyil. Stalin çoxdan ölüb. Beyinlərinizi bolşevik təfəkküründən, ürəklərinizi repressiya xofundan təmizləyin artıq. İndi hədə-qorxuyla, təqiblə, şantajla, monlajla, zənglə, tapşırmaqla, adam göndərməklə, “partbiletlə”, Həsən Ağanın qohumluğuyla iş aşmır. “İndi kosmos əsridir – televizor çvetnoy, xakey, futbol, raketa...” (ifadə “Yol əhvalatı” filmindəndir), informasiya, sosial media dövrüdür və sair, və ilaxır.

 

Bu gün Ömər Faiqin, Axundovun, Haqverdiyevin, Üzeyir bəyin, Zərdabinin, Sabirin, Mirzə Cəlilin yazdıqları yenə də aktualdırsa yazıq bizim günümüzə. Böyük Zərdabinin dediyi kimi, qəzet aynadır, güzgüdür. Biz bu güzgüyə baxaraq özümüzə çəki-düzən vermək əvəzinə güzgüyə daş atırıq, sındırmağa çalışırıq. Güzgüyə daş atmaqla eyni zamanda öz əksimizi, özümüzü daşlamış oluruq. Öz əksini güzgüdə görüb əksi ilə toqquşan qoyun kimi. Lətifəsi bizdən uzaq...

 

Azər MUSAOĞLU