URBANİZASİYA
20. DAM MEYDANINDA GÜNƏŞLİ BİR GÜN
Amsterdam Niderlandın, lap elə Avropanın və dünyanın da turizm mərkəzlərindən biridir. Kanalları ilə “Şimalın Venesiyası” adlandırılan bu şəhər az qala turistlərin ilboyu axın etdiyi, ayaqaltına çevirdiyi bir şəhərdir. Amsterdamı dünya turizmnin ən hərəkətli marşrutlarından birinə çevirən bir tərəfdən görməli, gəzməli yerlərinin bolluğudursa, digər tərəfdən bu şəhər özünün “Qırmızı fənərlər küçəsi”ndən başlayan “seks cənnəti” ilə, dünyanın əksər ölkələrində “qadağan olunmuş meyvə” sayılan “narkotik cənnəti” ilə məşhurdur. Başqa ölkələrdə fahişəliklə məşğul olmağa, narkotik maddələrdən istifadə etməyə görə cəzalar, hətta ölüm cəzası belə nəzərdə tutulduğu halda Niderlandda bütün bunlar aradan qaldırılmış, bu nemətlərdən dadmaq istəyənlər üçün “yalançı cənnət” yaradılmışdır.
Fevralın əvvəllərində Amsterdamda günlük-günəşlik bir havanın ləzzətini yaşayan minlərlə turistin dolaşdığı küçə və meydanların qələbəliyinə qarışmaq adamın könlünə qəribə bir rahatlıq bəxş edirdi.
Birincisi, belə bir hava ilin-günün bu vaxtında heç ələ düşən deyil. Nədən ki, buralarda hələ qışın oğlan çağıdır, yağış-qar mövsümüdür.
İkincisi, turistlərin uzaqlarda – vətənlərində, evlərində buraxıb gəldikəri, gündəlik yaşayışlarında zor-xoş əməl etmələri gərəkən milli davranış buxovlarını yenicə ayaq basdıqları bu yerlərdə hərəkət azadlığı əvəz etmiş, bunu onların üz-gözündə əks olunan məmnunluq ifadəsindən də sezmək mümkündür. Onlar doğma yerlərində sıxıldıqları mental dəyərlərdən, davranış qaydalarından, əxlaq normalarından, birgə yaşayış üçün tələb olunan digər məhdudiyyətlərdən, qısa bir müddət də olsa, azad olduqlarının sevincini yaşamaqda idilər. “Kimdir bizi tanıyan” – deyib, turistliyin bəxş etdiyi sərbəstliyi son damlasına qədər yaşamaq istəyirdilər. Nə demək olar, insan xisləti hər zaman belədir. Turistlərin daha çox ziyarət edib dolaşdığı Amsterdamın küçə və meydanlarında siqaret kötüklərinin çoxluğu adamı bunun turistlərdən qalma bir “iz” olduğuna inandırır. Nədən ki, Amsterdamın başqa səmtlərində, turistlərin seyrək-seyrək göründüyü yerlərdə belə bir mənzərə ilə qarşılaşmaq, belə bir halı müşahidə etmək mümkün deyil. Çoxsaylı siqaret kötükləri bunu turistlərin əməli saymağa, onların ayağına yazmağa imkan verir. Elə gözümüzlə gördüklərimiz də bunu təsdiqləyir.
Adamların hər yerdə qayır-qayır qaynaşmasının, turistlərin küçə və meydanları doldurmasının digər bir səbəbi də, koronavirusun hələ beyinlərdə rəsmiləşməməsi, ÜST-ün hələ onu pandemiya elan etməməsi ilə bağlı idi.
Dam meydanında iynə atsan yerə düşməzdi. Səmtsiz, diqqətsiz bir hərəkətinlə kiminsə ayağını tapdalamağın, kiminləsə toqquşmağın an məsələsi idi.
Dam meydanı təxminən yüz metr eni, iki yüz metr uzunu olan bir meydandır. Meydanın qərbində Niderland Kral Sarayı yerləşir. Neoklassik üslubda tikilmiş bu tarixi bina 1655-1808-ci illərdə şəhərin bələdiyyə binası kimi fəaliyyət göstərmiş, yalnız 1808-ci ildən Kral Sarayı funksiyasını yerinə yetirməyə başlamış və bu funksiyanı bu gün də yerinə yetirməkdədir. Sözarası onu da deyim ki, bu, Niderland kralının ölkədə mövcud olan üç sarayından biridir. Amsterdam Kral Sarayı memar Yakob van Kampenin əsəridir. Tikintisinə 1648-ci ildə başlanılan bina 1655-ci ildə bələdiyyənin ixtiyarına verilmişdir. Qədim Roma tərzində tikilmiş bina bu gün də görənləri öz əzəməti ilə heyrətləndirməkdədir. Sarayın tikintisində istifadə olunmuş sarımtıl daşların Almaniyadan gətirildiyi söylənilir. Zamanın rüzgarları, qarı-yağışı bu sarımtıl daşların rəngini tündləşdirsə də, bu daşlardan inşa olunmuş Amsterdam Kral Sarayı öz əzəmətini qoruya bilmiş, onun bu əzəmətini görüb dəyərləndirən insanlar tərəfindən dünyanın səkkizinci möcüzəsi hesab edilməkdədir.
Dam meydanını əhatə edən binalar, tikililər arasında Madam Tüsso muzeyi və Yeni Kilsə (Nieuw Kerk) də ziyarətçilərin diqqətini cəlb edir. Meydanın digər başında, Kral Sarayı ilə üzbəüz İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə 1956-cı ildə ağ daşlardan ucaldılmış abidə yerləşir və yüzlərlə turistin yaşanan anları əbədiləşdirmək üçün bu abidənin fonunda şəkil çəkdirdiklərinə şahidlik etmək mümkündür.
Dam meydanı ilə tanışlığı davam etdirərkən, maraqlı bir mənzərənin şahidi oldum və bu barədə bir qədər geniş bəhs etməyi düşünürəm.
Dam meydanının günbatar səmtində dalğalanan bir neçə Fələstin bayrağı diqqəti cəlb edirdi. Əslində bu bayraqların dalğalandırıldığını söyləmək daha doğru olardı. Nədən ki, hava sakit, günlük-günəşlik idi. O səmtə yaxınlaşdıqda bir neçə ərəbin əyri-üyrü çubuqlara keçirib Fələstin bayraqlarını əllərində sağa-sola yellətdiklərinə şahidlik edə bildim. Bayraqları dalğalandıranların bu yöntəmlə Fələstin xalqının haqq səsini dünyaya çatdırmaq istədikləri ortada idi. Bu həmin vaxtlar idi ki, ABŞ prezidenti Donald Tramp onillərdi çıxmaza girmiş Fələstin probleminin çözümünə dair yeni bir “yol xəritəsi” ilə gündəmə düşmüşdü və dünyanın xəbər qaynaqları da Trampın bu iddiasını tirajlamaqla məşğul idilər. Görünən o idi ki, Fələstin ərəbləri Tramp cənablarının planından əndişəyə düşmüş və narazılığını bu yöntəmlə dünyaya anlatmaq istəyirdilər. Dünya isə onların problemini anlamaq, eşitmək belə istəmir. O üzdən bu fikirdəyəm ki, anlayan, eşidən olsa idi yetmiş ildə bunu çoxdan edərdi. Deməli, Fələstin adlı bu problem dünya xanımın eyninə deyil.
Fələstinlilərdən bir qədər aşağıda, meydanın cənub-şərq tərəfində isə Asiyadan gəldikləri bəlli olan bir qrup qıyıqgözlü adam lövbər salmışdı. Onlar böyük, rəngli stendlər vasitəsilə üz-gözündə işgəncə izləri olan adamların təsvirlərini təqdim edirdilər. Orasını da deyim ki, onların təqdimatı, ifadə tərzi fələstinlilərinkindən daha səliqəli, daha diqqət çəkən idi. Əvvəl-əvvəl bu adamların kim olmasını, nəyə etiraz etdiklərini kəsdirə bilməsəm də, sonunda içimdəki marağı basa bilmədiyimdən onlara yaxınlaşmaq və kimliklərini öyrənmək qərarına gəldim. Orasına da diqqət yetirmişdim ki, bu adamların başları üzərində heç bir bayraq dalğalanmır. Onlar stendlərin qarşısından keçən adamlara vərəqələr paylamaqla özlərini tanıdırdılar. Onlar mənə rus dilində yazılmış bir vərəq verdilər ki, mən burada yazılanlardan onların çinli olduqlarını, Çində təqib və işgəncələrə məruz qaldıqlarını öyrənə bildim.
Falun Dafa və ya Falunqun adlanan dini-sosial, bəlkə də dini-siyasi təşkilatın təmsilçiləri olan bu adamlar Çin hökumətinin, Çin Kommunist Partiyasının bu təşkilata qarşı yeritdiyi qanlı repressiya barədə dünyanı məlumatlandırmaq istəyirdilər. 1999-cu ilin iyulundan Falunquna qarşı başladılan bu qanlı divan tutmalar nəticəsində onun yüzminlərlə üzvünün bir çoxu qətl edilmiş, bir hissəsi ölkədə mövcud olan həbs düşərgələrinə salınmış, bir qismi isə Çini tərk etmək məcburiyyətində qalmışdır. Dam meydanında stend qurmuş çinlilər məhz bu olayları dünyanın dörd bir yanından gəlmiş adamlara belə bir yöntəmlə anlatmağa çalışırdılar.
Çindən zaman-zaman gələn, dünya siyasətçilərinin Çinə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istədikləri insanın təməl hüquqlarının pozulmasına dair xəbərlər 2020-ci ilin əvvəllərində daha çox intensivləşmişdi. O sırada uyğur türklərinə qarşı aparılan repressiv təzyiqlərə dair məlumatlar da çoxalmışdı.
Elə bu aralarda, koronovirusun insanları evdə qalmağa məcbur etdiyi günlərdə mən “Finansial Times” qəzetinin Çin bürosunun keçmiş rəhbəri Riçard Makreqorun “Partiya: Çin kommunist hakimlərinin gizli dünyası” (The secret world of China’s communist rulers) adlı kitabını oxuyurdum. Müasir Çin gerçəkliklərini – iqtisadi sıçrayış, idarəçilikdə kommunist partiyasının rolu, idarəolunmanı izləyən zorakılıqların səviyyəsi və əlbəttə ki, Falunqun üzvlərinin təqibi məsələlərini bir araşdırıcı qəzetçinin təsvirlərindən öyrənmək imkanım oldu. Makqreqor bu irihəcmli əsərində Çin kommunistlərinin Falunqun ideyasına tərəfdar olanların başına açdıqları tərs dəyirman barədə də məlumatlar verir. Qısa kəssəm, oxunmalı kitabdır. Çin kommunistlərinin bir çox gizli oyun və mətləblərindən ustalıqla bəhs edən bir kitab olduğu ortadadır.
Bununla da Dam meydanında gördüklərim barədə danışmağa ara vermək istəyirdim. Amma meydanda fələstinlilərin və çinlilərin etiraz piketlərinin fonunda daha aydın görünən, daha əzəmətlə dalğalanan iki bayraq diqqətimi cəlb etdi. ABŞ və İsrail bayraqları. Rəsmi geyimli ABŞ və İsrail bayraqdarları öz ölkələrinin bayraqlarını dalğalandırmaqla sanki, fələstinlilərə və çinlilərə sizin problemlərinizin çözümü bizim əlimizdədir mesajını vermək istəyirdilər.
Bir qənaətimi də söylədimmi bu bölümə nöqtə qoyacağım yəqindir.
Amsterdama turist kimi gələnlərin əksəriyyəti istər fələstinlilərin onillər ərzində gördükləri əzaba, istər də çinlilərin məşəqqətlərinə vaxt ayıracaq, onlarla ilgilənəcək durumda deyillər. Onlar heç Amsterdama bu məqsədlə də gəlməyiblər. Onlar monoton iş-güclərindən, ailə-məişət problemlərindən, streslərindən uzaqlaşmaq, Amsterdamın görməli yerlərini seyr etməklə müvəqqəti də olsa onları sıxan qayğılardan arınmaq üçün üç-beş günlük istirahəti özlərinə rəva bilənlərdir. Amsterdama gəlmək üçün xeyli vəsait xərcləmiş turistin bu ağrıları duymaq, bu acıları özününüküləşdirmək kimi bir marağı yoxdur. O, buraya gözəlliklərin seyrinə dalmaq, fərqlilikləri, müxtəliflikləri görmək üçün təşrif buyurub. Onu laqeydlikdə, etinasızlıqda təqsirləndirməyə tələsməyin. O da enində-sonunda bir insandır. Əgər başqa bir vaxt, başqa bir məkan olsaydı, bəlkə də nəsə düşünər, diqqət yetirər, ən azından təssəli verə bilərdi. Sadəcə indi buna nə vaxt, nə də imkan var. Vaxt az, Amsterdamda isə görüləsi yerlər çox.
Afiq MUXTAROĞLU
Niderland