Bir neçə ay öncə universitetdən evə qayıdarkən yolda gözümə bir kağız parçası sataşdı. Yolu keçirdim deyə tələsik götürüb əlimdəki kitabın arasına qoydum. Sonra necə olubsa o kağızı tamam unutmuşam...
Oxuduğum kitabları adətən bir müddət sonra yenidən oxuyuram. Çünki yenidən oxuyarkən fərqli düşünə bilirəm. Fikir vermişəm, hər dəfə oxuyarkən “burada bu mövzudan danışılırdımı” deyə özümə sual verirəm. Bir sözlə, insan düşüncəsi, insan psixologiyası az bir müddət belə olsa nələrisə özündə dəyişir. Nə isə, bunu kənara qoyaq. Kağız parçası deyirdim haa, onu indi kitabı yenidən açıb oxumaq isdəyərkən tapdım. Kağızda yazılanları oxuyanda nələri hiss etdiyimi ifadə edə bilmirəm. Gözlərim doldu, yazığım gəldi, əsəbiləşdim, sonra nifrət oyandı qəlbimdə, həyatın ədalətsizliyini sorğuladım, bütün duyğu və hissləri eyni anda yaşadım sanki. Bu kağız parçasındakı yazı ruhu öldürülmüş bir qızın göz yaşlarıyla yazdığı həyatı idi:
“Hər kəs atasından danışıb atam onu aldı, atam belə elədi deyəndə, həyatda ola-ola yanımda olmayıb, məni susdurub bir küncdə ağlatdığın üçün çox sağ ol, ata... Sənin yerini dolduracağına inandığım biri var idi.
Məni ilk sən yarı yolda buraxdın, onunla tamamlandığıma o qədər inanmışdım ki, amma söhbət o deyil, yaxşı valideyn öləndən sonra da uşağının xatirəsində qalır. Sən indi sağsan, amma nə fayda? Varlığınla yoxluğun bilinmir. Məni sevdiyinə inandığım adam məni yarı yolda qoydu, eynən sənin kimi... Mənə dedi ki, səni heç atan sevməyib, mən niyə sevim. Qəlbim elə qırılıb ki, nə sənə ürəyimdəki sözləri deyə bilirəm, nə də ona. Bilirsən necədi?
Sonunun gəlməsindən qorxduğum hekayənin sonunu özüm gətirdim. Oxuyarkən suallarla başlayan, vergüllərlə davam edən, nöqtəsini isə özüm gətirdiyim əsər idi o mənim həyatımda. Könül evimin başında durarkən, indi artıq onu evin qapısının kandarında görmək belə məni incidir... Bir vaxtlar o gözlərdə ölüm belə şirin ikən mənə, indi şirin olan həyatda mənasızdı elə bil hər şey.”
Xeyli düşündüm, görəsən atasının sevgisizliyi idi onu həyatdan bezdirən, yoxsa mənasız həyatdan getmək atasının yoxluğunumu bəhanə edirdi hər kəsə. Atasızlığı idi ona dünyanı ağ-qara göstərən, yoxsa elə dünyası əzəldənmi ağ-qara olub...
Dünyaya ilk gəldiyimiz andan tanımağa çalışdığımız insanlar: anamız və atamız... Onlarla birlikdə həyatı, eşqi, sevgini və insanı anlamağa başlayırıq. Beləliklə, ata və ana hamımızın həyatında çox vacib bir təsirə sahibdir. Necə kişi, ya da necə qadın olacağımızı və ya necə bir münasibət yaşayacağımızı, duyğularımızı necə ifadə edəcəyimizi onlardan öyrənirik. Kim bilir sevgini bu qızcığaz kimi kənarda axtaran neçə qızlar var. Buna sövq edən neçə atalar var?
Sevgiyə ehtiyacı olan biri üçün bir təbəssüm, bir xoş söz belə ona bütün dünyaya əvəzdir. Qəlbi təmiz olub sizdən çox şey istəməyənlərdən sevginizi əsirgəməyin. Bir təbəssüm yetər zəhərlənmiş, həyat eşqi sönmüş bir qəlbi işıqlandırmağa, sevgi, şəfqət, mərhəmət hisslərini yenidən oyatmağa.
Ana tərbiyəsi ənənəvi olaraq önəmli hesab edildiyindən, təəssüf ki, cəmiyyətdə ata tərəfindən qıza verilən tərbiyənin vacibliyi lazımi diqqət almır. Bu doğru yanaşma deyil, çünki qızın tərbiyəsində elə məqamlar var ki, bunun üçün məsuliyyət atanın üzərinə düşür və ana nə qədər çalışsa da atanı əvəz edə bilməyib, bilməyəcək də.
Qızın gələcəkdə qadın kimi formalaşmasına, kişilərlə olan münasibətlərinə və həyat yoldaşı seçiminə əsaslı şəkildə təsir edən amil ata ilə münasibətidir. Ata qızının həyatında ilk və ən önəmli kişi nümunəsidir. Onun məsuliyyəti çox böyükdür. Kaş bütün atalar bunu biləydi. Atam həmişə deyir ki, “hər bir qızın ilk qəhrəmanı, ilk sevgisi onun atasıdır”. Mənim üçün atam bütün dünyadır...
Ümumiyyətlə, bütün qız uşaqları üçün ata bütün dünyadır və əgər bu dünya onu sevirsə və qəbul edirsə, həmişə kömək etməyə və qorumağa hazırdırsa, deməli, o heç nədən qorxmaya bilər. O, hər şeyin yaxşı olacağına, həmişə dəstək və qayğı tapacağına inanır, çünki bütün dünya onun tərəfindədir.
Bir övlad üçün ata yenilməz dağdır. Ata meyvəsi tükənməz faydalı bir ağacdır. Onun kölgəsi belə heç bir şeylə müqayisə olunmayan ən qiymətli varlıqdır. Övladın kiçik uğuruna böyük fəxr hissi ilə yanaşan varlıq da məhz atadır.
Heç vaxt yadımdan çıxmaz, biz məktəbi uğurla bitirəndə atamın gözlərindəki fərəh dolu baxışı, dilində isə qürur dolu sözləri, hədsiz-hüdudsuz sevinci məni dünyanın ən uca zirvəsinə qaldırmışdı.
Ata həyatımızın ən müqəddəs, ən ülvi varlığıdır. Ata bu dünyada ömrü boyu yanan əzəmətli, sönməz atəşdir. O atəş ki, işıltısı ilə, istiliyi ilə övladının həyatda xoşbəxt yaşamağına səbəb olur. Bəli, atam mənim həyatda ən böyük xoşbəxtlik səbəbim və həyatımın qəhrəmanıdır.
Əziz valideynlər, uşaqlarınızı sevginizdən, məhəbbətinizdən məhrum etməyin. Uşaqlarınızı ürəksiz böyütməyin. Vaxtında qollarınızı açıb bütün dünyanı qucaqlarmışcasına övladlarınızı qucaqlayın. Çünki sizin dəyər vermədiyiniz qızlar sabah böyüyür, qarşısına çıxan ilk adama aldanır, ərə gedir və ömrü boyu eyni sevgisizlikdən ölür.
Aytən FƏTULLAYEVA