Bir axşam dükanı bağlamaq üçün yır-yığış etdiyim vaxt qapının ağzında bir itin şöngüyüb oturduğunu, mənə doğma olduğunu, yad olmadığını isbatlayırmış kimi quyruq buladığını, təpinəndə şırvandığını fərq etdim. Artıq qaranlıq düşdüyündən, dükanın solğun işığının zəifliyindən itin nə ənli-cinli olduğunu anşırmaq da mümkün deyildi.
Səsimi qaldırıb iti qovmağıma baxmayaraq, onun ayaqlarını sürüməsindən, könülsüz-könülsüz aralanmasından heç almadım. Onun bu gedişində bir müəmma, bir qəribəlik olduğunu ağlımdan keçirsəm də, bu ağlımdan keçənlərə bir elə də bənd olmadım. O üzdən ki, bizim birja dediyimiz ortalıq yolunda gecə-gündüz sahibsiz küçə itləri qarışqa kimi qaynaşırdı. Dəli sözü, daş atanda itə dəyirdi. Mənim qaranlıqda şöngüyüb baxan iti belə sümsük itlərdən biri hesab etməm də təbii qarşılanmalıdır.
Birjada istənilən cins köpəyə rast gəlmək olardı. Dükanların, yeməkxanaların dörd tərəfində sülənən bu it sürüləri hər mənada təhlükə mənbəyi idi. Az qala bu dörd yolayrıcına insanlarla bərabər yiyələnmişdilər. Onlar da insanlar kimi ərazini nüfuz dairəsinə bölmüş, kənardan gələn və ya zorla gətirilən hər hansı bir itin burada yerləşməsi, özünə bu köpəklər arasında yer eləməsi zülüm idi. Belə bir statusa yiyələnmək üçün yeni sakin gərək bir neçə dəfə boğulmağı, həmcinslərinin dişlərinin bədənində açdığı yaraların acısına dözməyi öyrənəydi. Eyni məkanı paylaşdığı insanların vurduğu zərbələrə, atdığı daşlara, dedikləri nifrin dolu sözlərə sinə gərməliydi.
Bəs nə bilmişdin?! Nə bura Avropadır, nə də bu itlər evləri bəzəyən, sahiblərini əyləndirən süs itləri. Küçənin öz qanunları, öz qəddarlıqları var. Bir loxma yemək üçün gərək həmcinslərinlə boğuşmağa, didişməyə alışasan, insanların vurduğu təpiyin, atdığı yalamanın ağrısına dözəsən. Yoxsa küçədə yaşayamı bilərsən?!
Ayağının biri havada çoynaya-çoynaya gəzən, orası-burası yara-xora olan, bütün bədənini qoturluq basan itlər hər addımbaşı qarşına çıxa bilər. Küçə itlərinin bircə dənəsi də sağlam deyil. Onların hər biri bu və ya digər dərəcədə yaralı, xəstədir. Hələ böyük “qanacaq” yiyəsi sürücülərin vurub şikəst etdikləri, o dünyaya göndərdikləri itləri bu siyahıya salmıram. Bu baş verənləri təsadüfi və ya bədbəxt hadisə kimi dəyərləndirirəm.
Camaat tez-tez “ay bu itlər adama qəfil yönəlir”, “ay arvad-uşağı qapır”, “ay hində toyuq-cücə qalmadı”, “ay it uşağın bağrını yarıb ağürəkləmə elədi”, “ay filankəsə neçə diş batırıb”, “ay nə bilim nə oldu” kimi deyingənliklər edirdi, bu da gedib hökümətin qulağına çatırdı. Bir ara camaatın şikayəti, narazılığı yiyəsiz itlərə qarşı hökumət tərəfindən tədbir görülməsinə gətirib çıxardı. Tədbir deyəndə də, bu, sahə müvəkkillərinin əllərinə TOZ 8 tüfəngi götürüb, bu itlərin beş-onunun leşini ora-bura sərməsindən ibarət oldu. İtləri müəyyən müddət pələsəng elədilər. Ara sakitləşəndən sonra qaçıb dağılan itlər geri qayıtdılar və ya odun satmağa gələn gürcülərin gətirib kəndə buraxdıqları səmə itlərin hesabına daha da artdılar. Elə bizimkilər də sümsük itləri başqa yerlərə aparıb azdırırdılar.
Bir ara da kimlərsə sahibsiz itləri tutub harasa aparırdılar. Bu adamların nə məzhəbə qulluq etdiyini kimsə bilmirdi. Söz-söhbət gəzirdi ki, onlar yığdıqları bu irili-xırdalı itləri hardasa çalışıb, işləyən çinlilərə satırlar. Bu xəbərin doğruluğunu da heç kim təsdiqləyə bilmirdi. Düzü, həmin vaxtlarda çinlilər Tiflis ətrafında yol çəkirdilər. Amma onların bizim kəndin sümsük itlərinə müştəri çıxacaqları, bir dəri, bir sümük bu itlərdən mətbəxlərində hansısa delikates hazırlayacaqları adamın qafasına batmırdı.
İndi sahibsiz küçə itlərinə münasibət dəyişib. Onlara əziyyət vermək, öldürmək yasaqlanıb. Bunu edənlərin məsuliyyətə cəlb olunması sıradan bir haldır. Hökumətin hansısa bir idarəsi bu sahibsiz itləri tutub harasa aparır, iynəsini-dərmanını vurur, peyvənd edir, qulağını sırğalayır və gətirib yenə həmin məkana buraxır. Məsələn, məktəblərin həyət-bacasına. İtlər də şagirdlərlə eyni məkanı paylaşaraq, uşaqların əlindən düşən yemək artıqlarını göydə qapıb, şad-xürrəm yaşayır, öz it həyatlarının dadını çıxarıb, öz it dillərində yaradanlarına yəqin ki, şükür edirlər. Sağ olsun hökumətimizi bir problemimizi də belə yoluna qoyub. Hökümətin bu problemi çözmə yöntəminə də bir ağızdan “molodes” deməyimiz pis olmaz.
Daha vətəndaşın it qapmasından əndişəsi də yox. Niyə də olsun axı, it qapsa da quduzluğa yoluxmayacaq. Yuxarıda ərz etdim ki, bu itlərin əksəri tibbi müayinədən keçib, diş batırsa da, iraq-iraq, qulaqlara qurğuşun, quduzluq qorxusu yoxdur.
Ay dad, mən dükanın qabağında gördüyüm və hirsimi başından aşağı tökdüyüm iti tamam yaddan çıxardım, axı. Elə mənim söhbətimin ən maraqlı personajı da həmin it olmalıydı. Qısa kəssəm, bizim bir sümsük, itlikdən çox ziyanvericiliklə məşğul olan itimiz var idi. Sümsüklüyü bir yana, həyətdə hər şeyə başını soxmağı, bir iz tapıb qonum-qonşunun əkinini tapdalamağı cəhənnəmə, arada gözdən yazınıb kiminsə toyuq-cücəsini dişinə çəkməyi də varıydı. Adam ağzını yorub ona it deməyə də utanırdı.
Xülasə, günlərin bir günü xalam oğlu itimizi maşına basıb işlədiyi idarəyə azıtmağa apardı ki, həm qonum-qonşunun yanında xəcalətli olmayaq, həm də bizim bu səmə köpəyimiz yeni yerində-yurdunda ac qalmasın, biz də vicdan əzabı çəkməyək. Sən saydığını say demirlərmi, itimiz bir neçə gündən sonra uzun yolu əlinə alıb özünü işlədiyim dükana yetirmişdi.
Onun evə qayıtmaq arzusu səhərisi gün gerçəkləşdi. Görünür dünən axşam mənim ona üz verməməyim xətrinə dəymişdi. Belə ki, səhər məni dükanın qapısında qarşılayan köpəyimiz bir az da oralarda səmələndikdən sonra axşama özünü həyətimizə çatdırmış, yüz oyundan çıxaraq, gəlişini evdəkilərə bildirmiş, üzünü-başını həyətin daşına-kəsəyinə sürtüb bizim ev adamlarını da xeyli mütəəssir edərək, sümsük olsa da, itin necə vəfalı heyvan olduğunu əyani şəkildə sübut etmişdir.
Afiq MUXTAROĞLU