Cəmiyyətimizdəki bir çox dostluq əlaqəsinin istismar, zəiflik, səmimiyyətsizlik üzərində qurulduğunu müşahidə etmək mümkündür. Məsələn, ailə başçısının, cəmiyyətin (qrupun, yaxud da kollektivin) digər kişi fərdləri ilə dostluğunu götürək, bu dostluq əlaqəsini daha yaxşı aydınlaşdırmaq üçün bir az təfərrüatlara yönəlmək lazımdır, qeyd etmək lazımdır ki, hamının dostluğa və dostluq əlaqələrinə ehtiyacı var.
Düşünün heç bir dostunuz yoxdur... Özünüzdən başqa... Yəqin ki, Daniel Defonun “Robinzon Kruzo” romanındaki Robinzon Kruzo surətindən çox da fərqiniz olmazdı. Hətta maddi cəhətdən özünüzü təmin etsəniz belə, bu, sizin üçün çətin ola bilərdi. Tom Henksin “Didərgin” (Cast Away) filmində bu vəziyyətin ən keyfiyyətli surətdə canlandığını görə bilərik.
Bu filmdə Tom Henks quru və hava yolları üzərindən xidmət göstərən adını çəkməyi lazım bilmədiyim bir nəqliyyat şirkətinin əməkdaşı rolunda çıxış edir. Səyahətə çıxdıqları təyyarə qəzaya düşür. Şirkətin təyyarədəki bütün əməkdaşları həlak olur, yalnız bir nəfər sağ qalır. O bir nəfər illər boyu adada sağ qalır, maddi cəhətdən özünü təmin edə bilir yalnızlığın gətirdiyi çarəsizlik hissi ilə, voleybol topuna qaş-göz, ağız-burun cızıb onunla ünsiyyət yaratmaq istəyir.
Ailə başçısı da özü üçün dostlar seçir. Çünki bu, ona yaşaması, özünə yer tutması və digər mühüm səbəblər üçün lazımdır. Bu dostluq əlaqəsindəki digər mənfi göstəriciləri hələlik bir kənara qoyub, istismar barədə qısa bir misal çəkmək istəyirəm: Bu yaxınlarda mənimlə eyni mühitdə yaşayan bir atanın oğluna belə bir nəsihət etdiyini eşitdim, nəsihətin məzmunu belə idi: Səndən böyükləri səni nəyə buyursalar yerinə yetir, hətta mənimlə düşmənçiliyi olsa belə!
Bu nəsihət əslində əla sayıla bilər. Ancaq yarımçıq deyilib. Çünki həmin ata övladına kimin buyruğuna baxmalı və kimin buyruğuna baxmamalı olduğunu da izah etməli idi. Məsələn, əli-ayağı sağlam, olduqca gümrah bir kimsə azyaşlını xudbincəsinə buyurur ki, getsin ona siqaret alsın, yaxud içki alsın, yaxud da nəsə alsın. Qeyd etdiyim kimi, azyaşlını necə buyurmaq lazımdır onu da bilmir. Xudbincəsinə, azyaşlının ruhunu incidəcək şəkildə buyurur. Yeri gələndə isə Allah-Təalanın insana verdiyi ayaqdan, qulaqdan, barmaqdan danışır. Amma əlini-ayağını işlədib öz işini özü görmək istəmir. Bunu azyaşlı hiss edir, sınır, etiraz edə bilmir, qəlbinə atır. Bu və bu kimi qeyri-sağlam rəftarların nəticəsində azyaşlının şəxsiyyətinin formalaşması gecikir, bəzən də heç formalaşmır. Gələcək üçün özünü ifadə etməkdə çətinlik çəkən, yeri gələndə, birgə iş gördüyü insanları, xalq demişkən, düzdə qoyan, bəzi hallarda “yaxşı oğlanların” yanında suyulan, dostunu və dostluğunu beşqəpiklik edən qeyri-sağlam fərdlər əmələ gəlir.
Bu barədə çox danışmaq istəmirəm. Nəticədə, yenə xalq demişkən “ilanın başı körpə ikən əzilir”, gələcəyin mükəmməl dostluqları məhz gücsüz vaxtında məğlub edilir.
İndi isə sizə bir əhvalat danışmaq istəyirəm. Türkiyəli psixoloq Güngör Özyiğit “Ünsiyyətin üç ölçüsü” kitabında bu əhvalatı təsirli şəkildə qeyd edir (Bu əhvalatı mən də həmin kitabdan oxuduğuma əsasən nəql edəcəm): Bir televiziya kanalında üç məşhur tenorun (tenor, ən zil kişi səsi) konsertini dinlədiyini, bu konserti dinləyərkən ruhən uzun illər əvvələ qayıtdığını, təsirlənib-ağladığını yazır.
Konserti hindli dirijor Zubin Mehta idarə edir. Üç məşhur tenor: Lusiano Pavarotti, Plasido Dominqo, Xose Karreras isə səhnədə musiqi ifa edir.
Bu konserti X.Karrerasın xərçəng xəstəliyindən xilas olmasının verdiyi sevinc hissi ilə ona dəstək məqsədi ilə təşgil etmişdilər.
İspaniyada madridlilər və katalanlar arasında münaqişə və rəqabət olduğu bilinir.
Katalanlar İspaniya hökümətindən muxtariyyət tələb edir, bunun uğrunda rəqabət aparır, Madridin təsirindən azad olmaq istəyirdilər.
P.Dominqo madridlidir, X.Karreras isə katalan. 1984-cü ildə iki xalq arasında baş verən siyasi münaqişə Dominqo və Karrerası da bir-birindən uzaqlaşdırır. Olduqca bəyənilən və dünya üzrə tanınan sənətkar olduqlarından hər ikisi də öz şəhadətnamələrində yalnız digərinin çağırılmadığı halda musiqi ifa edəcəklərini qəti şəkildə bildirirlər.
Bədbəxt bir hadisə baş verir. Karreras Dominqodan daha rəhmsiz düşmənlə qarşılaşır: qan xərçəngi diaqnozu ilə ruhən yıxılır. Sonra xərçəng xəstəliyi ilə mübarizəyə başlayır. Bir çox həkimə müraciət edir. Hər çarəyə baş çəkir. Sümük iliyi və qan köçürülməsi əməliyyatları tətbiq olunur. Bu müalicələr üçün ayda bir dəfə Amerikaya getməli olur. Bu şərtlər ucbatından sevimli peşəsində olduqca ləngiyir. Yola və müalicəyə çəkdiyi xərclər səbəbindən maddi vəziyyəti sarsılır.
Pulunun tükəndiyi vaxt ilahi bir əl ona doğru uzanır. Xəbər tutur ki, Madrid şəhərində məqsədi qan xərçəngi xəstələri üçün maddi dəstək olan bir vəqf xidmət göstərir. “HERMOSA VƏQFİ”nin maddi dəstəyi onun bu xəstəlikdən xilas olmağına kömək edir. Yenidən səhnələrə qayıdır. Ulduzu yenidən parıldayır. Qərara gəlir ki, həyatını borclu olduğu vəqfə o da üzv olsun.
Vəqfin qayda-qanunları ilə tanış olarkən öyrənir ki, həmin vəqfin qurucusu və sədri Dominqo imiş. Daha sonra isə Dominqonun bu vəqfi ələlxüsus onun müalicəsi üçün qurduğunu, ancaq Karrerasın öz düşməninin köməyindən imtina edəcəyi ehtimalını nəzərə alaraq adını gizli saxladığını öyrənir. Bundan sonra bu iki sənətkarın birgə çıxışları duyğu yüklü bir teatr səhnəsi təəssüratı yaradır. Dominqonun Madriddəki konsertlərindən birində Karreras konserti dayandırıb təvazökar şəkildə diz çöküb, həyatını borclu olduğu rəqibinə təşəkkür edir. Dominqo onun əlindən tutub qalxmasına kömək edir və öz sənətkar dostunu bağrına basır.
Həmin gün izləyicilərin gözü qarşısında daha böyük bir dostluğun bünövrəsi qoyulur. Və yenə Güngör Özyiğit demişkən, dostluq düşmənliyə qələbə çalır.
Bir cəmiyyət olaraq bizim də dostluğun qələbəsinə ehtiyacımız var. Bunun üçün hamımız nümunə olmağa borcluyuq. Çünki qələbə bizim qələbəmiz olacaq.
Vüqar VƏKİLOĞLU