Dünyanın hər yerində ictimai inkişaf cəmiyyət üçün lazımı faktordur. Gənc nəslin maarifləndirilməsi və gələcək üçün hazırlanması dövlətin öhdəliyidir. Filosof Con Dyuinin toxunmaq istədiyim bir sözu var: “Təhsil həyata hazırlıq deyil, təhsil həyatın özüdür”. 21-ci əsrdə təhsilin əhəmiyyəti fərqlidir. Müasir təhsil sistemi mükəmməldir, texnologiyanın irəli gəlməsiylə artıq əlçatmaz informasiya, bilgi, elm yoxdur.

 

COVID-19 pandemiyası demək olar ki, həyatımızın hər hissəsində özünü göstərir, xüsusən də təhsil üçün böyük təhdid sayıla bilər. Təhsil ocaqlarının bağlanması, uşaqların və tələbələrin elmdən uzaqlaşdırılması beynəlxalq təhsil sistemində ciddi şəkildə geriləməyə gətirib çıxaracaq. Təhsil qurumları kifayət qədər resurs səfərbər etmir. Kiçikyaşlı şagirdlərin onlayn dərslərinə şahid oluram, qarşılaşdığım mənzərə dəhşət vericidir. Şagirdlər distant şəkildə dərs öyrənməyə hələ hazır deyillər, çünki onlar bu sistem üçün formalaşmayıblar. Dəqiq elmlərin onlayn sistemlə keçirilməsi keyfiyyətsiz biliklə nəticələnir. Şagirdlər eyni qavrayış və biliyə sahib deyillər. Məktəbdə müəllimlər şagirdlərə fərqli diqqət yetirərək onları dərsə cəlb edir, ancaq distant şəkildə bu mümkün deyil, şagird daha da tənbəlləşərək geriləyir.

 

Distant təhsilin bir çox mənfi cəhətləri var, bunlardan biri, bəzi şagirdlərin müxtəlif texniki problemlərə əsaslanaraq dərsə qoşula bilməmələridir. Bir çox ailədə kompüter və ya telefonun olmaması şagirdlər, eləcə də müəllimlər üçün böyük çətinliklər yaradır. Ali təhsil ocaqlarında distant təhsillə gələcəyin mütəxəssislərinin yetişəcəyi inandırıcı deyil. Tələbənin uğurlu bir karyera qurması üçün mütləq auditoriyada dərs keçməsi vacibdir. “Zoom”, “Google meet”, “Teams” proqramları vasitəsiylə dərs keçirilməsi zamanı tələbə sadəcə dərsə “qoşulur”. Distant şəkildə dərslərin keçirilmsinə qarşıyam, çünki gələcək üçün biliksiz, yalnız diplomu olan fərdlərin yetişməsi cəmiyyətimiz üçün həqiqətən də qorxunc və təhlükəlidir. Keyfiyyətli dərslərin keçirilməsi üçün addımın atılmasını bir çox gənc kimi mən də istəyirəm. Unutmayaq ki, “Bütün elmlərin bünövrəsi təhsillə qoyulur”.

 

Laləzar Həsənova

İlia Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi