Bu yaxınlarda zibil qutusunun yanında zibilə atılmış bir neçə kitab gördüm. Marağımdan yaxınlaşıb kitabların üstünü oxudum. Təəssüf hissi ilə Rey Bredberinin “Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır” sözlərini xatırladım. Kitabları yandırmaqdan və oxumamaqdan daha pis şey onları zibilliyə atmaqdır bəlkə də.
Yenə marağımdan əyilib toz-torpağa bulanmış “Təsviri və tətbiqi incəsənət” dərsliyini vərəqlədim. Kimlər var idi: Pikasso, Rafael, Van Qoq, Leonardo Da Vinçi, Mikelancelo, Elene Axvlediani, Davit Kakabadze, Renuar, Eduard Mane, Klod Mone, Rembrant, El Qreko, yerli və dünya memarlıq nümunələri, freskalar, mozaikalar, vitrajlar və sair və ilaxır.
Əlbəttə, kitabı zibilə atan o valideyn (şagirdin dərsliyini zibilə yəqin ki, onun valideyni atmış olar) üçün bu adlar, bu rəsmlər heç nə ifadə etmir, kitabla bərabər dərsliyin məktəbə məxsus olduğu məsuliyyətini də zibilə atır üstəlik. Kitabı (dərsliyi) zibilə atmış valideyn, övladının gələcəyini zibilə atır əslində.
Kitabı zibilə atmaqla kitabda göstərilən dünya mədəniyyətindən, dünya incəsənətindən heç nə əskilmir. Əskilən kitabı zibilə atanın öz “mədəniyyəti” olur. Bəlkə də yuxarıdakı adları ömründə bircə dəfə də eşitməyib, qınamıram.
Yuxarıdakı adları tanımaq üçün rəssamlıq akademiyası, incəsənət institutu bitirməyə gərək yoxdur, axı bütün bunları zibilliyə atılmış bu dərsliklərdən birinci sinifdən öyrənmək olar. Əlbəttə, öyrədən olsa. Yenə də qınamıram.
Çünki bu gün məktəblərimizin çoxunda Təsviri və tətbiqi incəsənət fənnini keçmirlər, ciddi yanaşmırlar. Məktəb direktorları incəsənət dərsini idman və incəsənətin i-sindən xəbəri olmayan müəllimlərə “tapşırır”.
Və beləliklə də incəsənət dərslərində şagirdlərin əlinə topu verib, idman meydançalarında, məktəbin həyətində gələcəyin rəssamlarını, bəstəkarlarını, heykəltəraşlarını, memarlarını məhv etmiş olurlar.
Bu, cinayətdir. Biliyə, savada, təhsilə, gələcəyin potensial incəsənət xadimlərinə qarşı təhsil işçilərinin törətdiyi ağır cinayətdir. Şagirdlərin biliyini şikəst etməkdir, zövqünü korlamaqdır, gözəllik hisslərini öldürməkdir, yaradıcılıq bacarıqlarını, tənqidi düşüncələrini məhv etməkdir, dünya incəsənətindən, dünya mədəniyyətindən təcrid etməkdir.
Kadr yoxdur söhbəti bu cinayətə haqq qazandırmamalıdır. Kadr yoxdur deyə kimya fənnini idman müəllimi tədris etməməlidir. Kadr yoxdur deyə fermer cərrahiyyə əməliyatı aparmamalıdır. Aylıq maaşı artırmaq üçün fənn saatları dəxli olmayan müəllimlərin arasında bölüşdürülməməlidir. Kimsə kiminsə qohumudur deyə, kimsə kimisə “tapşırıb” deyə Üzeyir Hacıbəyovla Üzeyir Mehdizadəni bir-birindən ayıra bilməyənlər, Rafael deyəndə ağıllarına “Rafaello” konfetləri gələnlər incəsənət dərslərini tədris etməməlidirlər. Axı kimi aldadırıq?!
Bu gün nəticə göz qabağındadır. “Təsviri və tətbiqi incəsənət” dərslikləri zibil qutusuna atılırsa günah məktəb direktorlarındadır, müəllimlərdədir. Məktəbdə keçilməyən fənn üçün kadr yetişməsini gözləmək isə absurddur.
Zibillikdə gördüyüm dərslikdə yer almış bu gün rəsmləri milyonlarla pula satılan, dünyanın ən dəyərli muzeylərində sərgilənən Pikassonun “Hər bir uşaq dahi rəssamdır. Çətinlik ondadır ki, uşaqlıq dövründən çıxandan sonra da rəssam kimi qalsın” sözləri ilə tamamlayıram yazını. Bu “dahi rəssamları” isə elə uşaqlıq dövründəcə əlavə dərs saatlarına görə əllərinə fırça, boya vermək əvəzinə top verib məktəbin həyətinə qovaraq daha da “çətinliyə” salan idman müəllimlərinin vicdanına buraxıram. Gedin işinizlə məşğul olun.
Azər MUSAOĞLU