Gürcüstanın Təhsil və Elm Nazirliyi ictimai məktəb direktoru olmaq istəyənlər üçün müsabiqənin ilk mərhələsinə başlayır. Qeydiyyat başa çatdıqdan sonra məktəb direktoru olmaq istəyənlər üçün imtahanın keçiriləcəyi tarix və imtahan müddəti müəyyən olunub.
Belə ki, imtahan elektron qaydada 2023-cü ilin 22 yanvarında bir sessiya olaraq keçiriləcək. İmtahan saat 12:00-da başlayacaq.
Direktor olmaq istəyənlər qeydiyyat üçün mərkəzə imtahan başlamamışdan bir saat əvvəl getməlidirlər və şəxsiyyət vəsiqəsi, yaxud pasport təqdim etməlidirlər. Gecikmə, şəxsiyyət vəsiqəsinin, yaxud pasportun olmadığı halında aplikantlar imtahana buraxılmayacaqlar.
İmtahanda 2020-ci il fevralın 3-dən fevralın 17-nə kimi, 2022-ci il oktyabrın 24-dən dekabrın 16-na kimi qeydiyyatdan keçmiş, ərizə ilə qeydiyyatın ləğv edilməsini və pulun geri qaytarılmasını tələb etməmiş şəxslər iştirak edə bilərlər.
İmtahan müddəti 5 saatdır. Görmə problemi olan iştirakçılara əlavə olaraq 30 dəqiqə vaxt veriləcək. Görmə problemi olan şəxslər imtahan vaxtının uzadılması məqsədilə Təhsilin İdarə Edilməsi üzrə Məlumat Sisteminə əvvəlcədən müraciət etməli və görmə ilə bağlı tibbi nəticə ilə birlikdə ərizə təqdim etməlidirlər.
İmtahan keçiriləcək mərkəzlər haqqında məlumat 2023-cü ilin 17 yanvarında “directors.mes.gov.ge” veb-səhifəsində yayımlanacaq.
İmtahandan uğurla keçənlər sertifikatlaşdırmanın növbəti – müsahibə mərhələsinə keçəcəklər.
Xatırladaq ki, direktor olmaq istəyənlər üçün imtahan proqramı və test nümunələri 2022-ci ilin 24 oktyabrından “directors.mes.gov.ge” veb-səhifəsində yerləşdirilib. Keçirilmiş vebinarların qeydlərinə isə “el.ge.webinars” səhifəsindən baxa bilərsiniz.
Gürcüstanın Təhsil və Elm Nazirliyinin prioritetlərindən biri məktəb direktoru vəzifəsinə sağlam müsabiqə şəraitində yüksək ixtisaslı və layiqli kadrların cəlb edilməsidir.
Bu istiqamətdə son illərdə bir çox mühüm addımlar atılıb. Həmçinin nazirlik direktor və məktəbin idarəsinin yeni konspesiyasını hazırlayıb. Həmin konsepsiya əsasında da 2022-ci ildə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində məktəb direktoru üçün yenilənmiş standart hazırlanıb.
Mənbə: etaloni.ge