“Ali təhsil haqqında” Gürcüstan qanununda həyata keçiriləcək dəyişikliklərin siyahısı məlumdur. Gürcüstan parlamenti bu dəyişikliklər üzərində yaz sessiyası çərçivəsində işləyəcək.

 

Təhsil, eləcə də universitetlərin avtorizasiyası məsələləri ilə bağlı bir çox dəyişikliklər həyata keçiriləcək.

 

Həmçinin birillik (60 kredit) magistratura təhsil proqramının hazırlanmasından söhbət gedir. Həmin proqramı seçən şəxs ümumi magistratura imtahanı verməli olmayacaq. Amma bu halda həmin proqramı başa vurmaq doktorluq proqramında təhsili davam etdirmək üçün əsas olmayacaq.

 

Təhsil, Elm və Gənclərin Məsələləri üzrə Komitənin 2024-cü il üçün fəaliyyət planında ali təhsil istiqamətində qanunvericilik dəyişikliklərindən sonra aşağıdakıların həyata keçiriləcəyini oxuyuruq:

 

• Distant qayda ilə peşə proqramlarının həyata keçirilməsi imkanları müəyyən olunacaq;

 

• Elektron təhsil konsepsiyasında düzəlişlər olunacaq və yenidən formalaşdırılacaq;

 

• Proqram yenidən akreditasiyadan keçərsə magistratura təhsilinin tamamilə elektron həyata keçirilməsi mümkün olacaq;

 

• Elektron təhsil komponentindən qismən və ya tam istifadənin mümkün olacağı təhsil sahələrinin siyahısını Təhsil, Elm və Gənclər naziri müəyyən edəcək;

 

• Ən azı 60 kreditdən ibarət (tənzimlənən təhsil proqramları istisna olmaqla) magistratura proqramını hazırlamaq mümkün olacaq, onun başa çatması doktoranturada təhsilin davam etdirilməsi üçün əsas olmayacaq;

 

• Ümumi magistratura imtahanını vermək ən azı 60 kreditlik magistratura proqramına qəbulun ilkin şərti olmayacaq;

 

• Tədris universiteti ali təhsil müəssisəsi növlərindən çıxarılacaq və universitet termini yeni redaksiyada formalaşdırılacaq; konsepsiyanın hökumət tərəfindən təsdiqi olmadan hüquqi şəxslər avtorizasiya üçün ərizə verə bilməzlər;

 

• Tələbə yerlərinin maksimum sayının müəyyən edilməsi/tələbə yerlərinin maksimum sayının artırılması barədə qərar qəbul edərkən, akademik tibbi ali təhsil proqramı həyata keçirildikdə (akreditasiya çərçivəsində tələbələrin maksimum sayı müəyyən edilmədikdə) avtorizasiya şurası qeyd olunan proqramda tələbə yerlərinin sayını müəyyən edəcək;

 

• Ali təhsil müəssisələrinə dissertasiya şuralarının formalaşdırılması qaydalarını müəyyən etmək imkanı veriləcək; Avtorizasiya Şurası tələbə qəbulu hüququnu təkcə quruma görə deyil, həm də ali təhsil səviyyələrinə görə məhdudlaşdırmaq səlahiyyətinə malik olacaq;

 

• Dekan səlahiyyətlərini icra edən şəxsin 6 aydan çox olmayan müddətə təyin edilməsi məsələsi tənzimlənəcək.

 

Qeyd edək ki, üçillik bakalavr və birillik magistratura təhsil proqramlarının işlənib hazırlanması qaydası Mixail Batiaşvilinin təhsil naziri olduğu dövrdə icra müddəti göstərilmədən təsdiq edilib.

 

Qeyd olunan dəyişikliklər Gürcüstan rəhbərliyi tərəfindən parlamentə təqdim olunacaq və komitə və sessiya müzakirələrindən sonra təsdiqlənəcək.

 

Mənbə: edu.aris.ge