Təhsil üzrə mütəxəssis, İlia Dövlət Universitetinin professoru Manana Ratiani sosial şəbəkədə Gürcüstanın təhsil sisteminin problemlərindən biri olan əməkhaqqı siyasəti haqqında yazıb:
“Etiraza (seçkilərin yenidən keçirilməsi, ədalətsiz olaraq həbs olunanların azad edilməsi tələbindən başqa) niyə qoşulduğumu dəqiq qeyd etmək istəyirəm. Bu gün təhsilin problemlərindən biri haqqında yazacam:
Gürcüstanda təhsil naziri ayda təxminən 4000 ABŞ dolları alacaq, müəllimlərin əməkhaqqı isə 600 dollara qədərdir.
Direktorların orta əməkhaqqı əksər hallarda müəlliminkindən azdır. Texniki heyətin əməkhaqqı lap aşağıdır. Nazirin əməkhaqqı təqaüdə çıxmış müəllimin ayda alacağı məbləğdən çox, yəni gündə 376 laridir.
Niyə susmamalıyıq?
Büdcənin pulundan şəxsi privilegiyaları üçün istifadə edən, eyni zamanda qeyri-bərabərliyi inkişaf etdirən və ictimaiyyət qarşısında hesabat verməli olduğunu düşünməyən rejim formalaşıb.
Əgər bizdə müəllim və nazirin əməkhaqqı arasındakı nisbət 1:6,8-dirsə, İrlandiyada bu fərq minimal, 1:1,9-dur. Bu, daha ədalətli və bərabər sistemin göstəricisidir. Avropa ölkələrində əməkhaqqının bərabərsizliyi ilə bağlı kifayət qədər yüksək həssaslıq var. Bu, Gürcüstan üçün nümunə olmalıdır.
Biz seçkilərin təkrar keçirilməsindən sonra tələb etməliyik:
• Ədalətli əməkhaqqı siyasəti;
• Müəllim və direktorların işinin layiqli qiymətləndirilməsi;
• Məktəblərə daha çox muxtariyyət;
• Büdcə xərclərinin şəffaflığı.
Unutmamalıyıq ki, bir ildən çoxdur nazirlik əməkhaqqının artırılmasını anons edirdi. Həqiqətdə isə artım yalnız bir kateqoriyaya, baş müəllimlərə toxunub. 20 minə yaxın ibtidai sinif, eləcə də aparıcı və mentor müəllim artımdan kənar qalıb. Müəllimlər bir-birinə qarşı çıxdı, çünki artıma dərs saatları səbəb olub. Bu, həmçinin gənc müəllim olmaq istəyənlər üçün qapını bağladı. Rəhbərlik və texniki heyətin əməkhaqqının artması yalnız 10 % təşkil edib.
Nazirlik bununla da kifayətlənmədi və ictimaiyyət tərəfindən narazılığı örtmək üçün məktəb direktorlarından minnətdarlıq postu yazmağı tələb etdi.
Başqa problemlər haqqında da mərhələli şəkildə yazacam. Çünki İctimai kanalda bu kimi ictimaiyyət üçün aktual problemlərə efir vermirlər. Ona görə də hamı Uznadze 52-də, qapalı qapı arxasında nə baş verdiyini, necə ədalətsiz qərarlar qəbul edildiyini bilmir”.
Mənbə: edu.aris.ge