Noyabrda imtahan vermək istəyən təcrübəçi (praktikos) statusu olan müəllimlər üçün qeydiyyat 25 sentyabrda başlayıb və 8 oktyabr saat 18:00-a qədər davam edəcək.

 

Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz (NAEC) tərəfindən dərc edilmiş məlumata görə, imtahanın adı bu cürdür: “Qeyri-gürcüdilli məktəblərin/sektorların təcrübəçi müəllimləri və xüsusi təcrübəçi müəllimlər üçün kompetensiyanı təsdiq edən imtahan”.

 

Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin məlumatına görə, təcrübəçi statusu olan və müəllim kimi fəaliyyət göstərənlər yalnız “online.naec.ge” veb-səhifədə elektron qaydada qeydiyyatdan keçə biləcəklər. Qeydiyyat pulsuzdur.

 

Qeyd edək ki, xüsusi təcrübəçi müəllim statusu olan pedaqoqlar yalnız xüsusi baş müəllim imtahanı verə bilərlər. Təcrübəçi müəllim statusu olanlar isə aşağıdakı siyahıda olan fənlərdən birindən imtahan verə bilərlər:

 

• Riyaziyyat (ibtidai pillə);

 

• Təbiətşünaslıq (ibtidai pillə);

 

• Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq  (I-IV siniflər);

 

• Rus dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər);

 

• Erməni dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər);

 

• Gürcü dili qeyri-gürcüdilli məktəblər və sektorlar üçün (ibtidai, baza və ya orta pillə);

 

• Riyaziyyat (baza və ya orta pillə);

 

• İctimai elmlər (baza və ya orta pillə): tarix, coğrafiya, vətəndaş təhsili;

 

• Təbiət elmləri (baza və ya orta pillə): fizika, kimya, biologiya;

 

• Xarici dillər (ibtidai, baza və ya orta pillə): ingilis, alman, fransız, rus dili;

 

• Təsviri və tətbiqi incəsənət;

 

• Musiqi;

 

• İdman;

 

• İnformasiya və kommunikasiya texnologiyaları/kompüter texnologiyaları;

 

• Azərbaycan dili imtahanı;

 

• Erməni dili imtahanı.

 

Qeydiyyat zamanı müvafiq imtahanı gürcü, eləcə də Azərbaycan, erməni, rus dillərində vermək mümkündür.

 

Spesifik imtahan mühiti istəyən iştirakçılar qeydiyyat zamanı “xüsusi şərtlər”i seçməli, 8 oktyabr saat 18:00-a qədər Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzə (ünvan: Tbilisi, E.Mindeli N9), regionlarda isə yerli resurs mərkəzlərə müvafiq sağlamlıq kağızı (forma 100) təqdim etməlidirlər.

 

Xatırladaq ki, qeyri-gürcüdilli məktəblərin təcrübəçi müəllimləri və xüsusi təcrübəçi müəllimləri üçün imtahanlar cari ilin noyabrında keçiriləcək.

 

Mənbə: edu.aris.ge