Üç il bundan əvvəl “Bəs oğlanlar hanı” adlı yazımda belə bir fikir irəli sürmüşdüm: “Qızlar cəmiyyətdə fəal iştirak etməyə başladıqca oğlanlar reytinqi tutmayan verilişlər, seriallar kimi efirdən yığışmağa başladılar”. O vaxtkı müşahidələrim və düşüncələrim əsasən məktəblə məhdudlaşsa da universitetə daxil olduqdan sonra oxuyan oğlanların sayının çoxluğunu görüb mövzunun heç də mənim fikirləşdiyim kimi olmadığını anlamışdım. Xoşbəxtlikdən son illər regionlarımızda ali təhsil alan oğlanların sayı sürətlə artır. Lakin məndə indi də başqa suallar yaranır. Doğrudanmı bu artımın səbəbi elmə maraqdır? Yoxsa bu, yalnız hərbi xidmətdən yayınmağın başqa bir formasıdır? Bu suallara cavab tapmaq üçün kiçik araşdırmalar etmişəm və bunları sizinlə bölüşmək istəyirəm.
Bildiyimiz kimi, Gürcüstanda hərbi xidmət 18-27 yaş arası kişilər üçün məcburidir və 12 ay davam edir (müəyyən istisnalar da mövcuddur). Mövcud qanunvericiliyə görə, universitetdə oxuyan şəxslər hərbi xidmətdən təxirə salınma hüququna malikdirlər. Bu isə bir çox gəncin formal olaraq universitetə daxil olmasına, lakin real təhsil prosesi ilə maraqlanmamasına səbəb olur. Gürcüstan Milli Statistika İdarəsinin 2023-cü il məlumatına əsasən, azərbaycanlıların üstünlük təşkil etdiyi Kvemo Kartli bölgəsində universitetlərə qəbul olanların sayı son beş ildə 32 % artmışdır. Bu göstərici ilk baxışdan ümidverici görünsə də, bölgədə fəaliyyət göstərən bəzi müəllimlərin və yerli QHT-lərin rəylərinə əsasən, bu artımın arxasında əsasən hərbi xidmətdən yayınmaq dayanır. “Son 3 ildə universitetlərə qeydiyyatdan keçən oğlanların əksəriyyəti real təhsil almaq niyyətində deyil, onların əsas məqsədi hərbi xidmətdən möhlət almaqdır”, – deyə Marneulidə fəaliyyət göstərən bir təhsil mərkəzinin rəhbəri bildirir. Bu mövzuya diqqət yetirən şəxlərdən biri də psixoloq İrakli Qobexiadır. O, bu tendensiyanı belə izah edir: “Azərbaycanlı ailələrdə oğlan uşağının hərbi xidmətə getməsi bəzən qorxu ilə qarşılanır. Ailələr oğullarını ya fiziki təhlükədən qorumaq, ya da onların “nizam-intizamla əldən çıxacağı” düşüncəsi ilə hərbidən yayındırmağa çalışır. Təəssüf ki, bu qorxu təhsilin keyfiyyətini də təhlükə altına alır”.
Bəs bu qorxunun kökü haradadır? Sovetdən qalma travmalar? Rusiya və Ukrayna arasında davam edən müharibə? Ya da sadəcə olaraq, məsuliyyət daşımağa hazır olmayan bir gənclik? Axı nə üçün onlar hərbi xidmətdən yayınıb universitetlərdə özlərinə “sığınacaq” tapırlar? Məncə, bu vəziyyətin kökləri təkcə bu günün qorxularında deyil, həm də dünənin susqunluqlarında gizlənib. Sovet dövründən miras qalmış kollektiv yaddaşda hərbi xidmət heç vaxt sadəcə bir vətəndaşlıq borcu kimi təqdim olunmayıb – o, daha çox sərtlik, itki, vətəndən uzaqlaşmaq və bəzən də iztirabla assosiasiya olunub. Bu travma nəsildən-nəslə ötürülüb, üstəlik, bugünkü geosiyasi reallıqlarla, yəni Rusiya-Ukrayna müharibəsi, regionda sabitliyin qeyri-müəyyənliyi ilə daha da güclənib. Bəziləri düşünürlər ki, bu müharibə böyüyüb III Dünya müharibəsinə çevrilib Gürcüstandan da yan keçməyəcək. Digər tərəfdən, biz bir gənclik yetişdirmişik ki, o, hərbi intizamı yox, fərdi azadlığı üstün tutur. Onlar üçün bir illik hərbi xidmət sadəcə vaxt itkisi deyil, bu, həm də özlərini kəşf, inkişaf və reallaşdırma yolunda qarşılarına çıxan sərhəddir. Universitet isə onların gözündə sanki bir azadlıq adasıdır. O adada olmasalar, bəlkə də suyun içində boğulacaqlarını düşünürlər. Amma bütün bunlara baxmayaraq, bir il itirməmək üçün dörd ilini bu adada keçirmək də onlara müsbət bir nəticə qazandırmır, əksinə, həm onların özlərinə, həm də ətraflarına mənfi təsir göstərir.
Bu gün universitet auditoriyalarında iki müxtəlif tələbə tipi paralel şəkildə mövcuddur: biri həqiqətən öyrənmək, inkişaf etmək, sabahkı günə hazırlaşmaq üçün gələnlərdir; digəri isə yalnız hərbi xidmətdən yayınmaq məqsədilə burada olanlardır. Bu ikiliyin yaratdığı ziddiyyət universitet mühitini sarsıdır və təhsilin keyfiyyətini aşağı salır. Real təhsil almaq istəyən gənclər özlərini motivasiyasız və məqsədsiz qrupun içində tənha hiss edirlər. Nəticədə ümumi akademik səviyyə düşür, müəllimlər dərsə maraq göstərməyənlərlə baş-başa qalır, universitetlər isə diplom fabriklərinə çevrilmək təhlükəsi ilə üz-üzə qalır.
Daha təhlükəlisi – bu məsələ artıq cəmiyyətin şüuruna sirayət edib. İnsanlar ali təhsili, diplomu, universitet mühitini ciddiyə almamağa başlayıblar. “Onsuz da oxuyanlar işsiz qalır” və ya “Oxuyur, amma nə xeyiri var?” kimi fikirlər gündəlik dilin ayrılmaz hissəsinə çevrilib. Bu isə gənclərin elmə olan inamını kökündən sarsıdır. Əgər bir gənc öz bacarığı, zəhməti və biliyi ilə qəbul olduğu universitetdə oxuyan, amma ətrafında “ad yazdırıb, gəlməyən” onlarla tələbə görürsə, onun motivasiyası da zamanla zəifləyəcək. Ən narahatedici tərəf isə bu cür davranışların normal hal kimi qəbul edilməyə başlamasıdır. Yəni bir çox gənc artıq universiteti elmi bilik və akademik uğur yeri kimi deyil, sadəcə “əsgərlikdən yayınma vasitəsi” kimi görür. Halbuki ali təhsil hər bir gəncin həyatında dönüş nöqtəsi olmalı, onu cəmiyyətə faydalı bir şəxsiyyətə çevirməli idi.
Təəssüf ki, hazırkı reallıqda bu missiya getdikcə arxa plana keçir. Bəlkə də bu tendensiyanın qarşısını almağın ilk yolu təhsilə giriş motivasiyasının dəyişməsindən keçir. Universitet yalnız seçim yox, hədəf olmalıdır. Ailələr, müəllimlər və dövlət orqanları gəncləri təhsilə yalnız bir vasitə kimi deyil, dəyər kimi yanaşmağa təşviq etməlidirlər. Eyni zamanda, hərbi xidmətin də modernləşdirilərək daha inklüziv və şüurlu bir vəzifə halına gətirilməsi zəruridir. Əgər hərbi xidmətlə bağlı bu qədər qorxu və çəkinmə varsa, deməli bu sahədə də ciddi islahatlara ehtiyac var. Çünki nə hərbi xidmətdən yayınmaqla qazanılmış bir diplom, nə də təhsilin mahiyyətini anlamadan keçirilmiş dörd il bir gəncin həyatını dəyişə bilər. Həm təhsil, həm də vətəndaşlıq borcu şüurlu və məsuliyyətli şəkildə həyata keçirilməlidir. Əks halda, biz universitet məzunu olan, amma nə peşəsi, nə də məqsədi olan bir gənclik yetişdirəcəyik. Bu isə təkcə onların yox, cəmiyyətin də gələcəyinə vurulan ən böyük zərbə olacaq.
Çiyalə OSMANOVA