Bəşəriyyət tarixində insanlar dilləri, dinləri, yaşam tərzləri və mühitləri, iş alətləri ilə fərqlənməyə başladığı və əqlin təkamülü formalaşdığı zamandan bu yana fərdləri bir qrup olaraq birləşdirən bir ortaq ünsür var. Bu, etnik faktordur. İnsan qohumluq bağına çox qədim zamanlardan sadiq olub. Ailəmizin üzvü, sonra nəslimizin üzvü, sonra yaşadığımız küçənin, kəndin və ya şəhərin sakini, sonra ölkəmizin vətəndaşı, sonra böyük millətimizin nümayəndəsi və s. həmişə bizə digər insanlardan daha yaxın gəlir. Deməli, görürük ki, insanlar həmişə bir birləşdirici ünsür ətrafında qruplar yaradırlar. Ən böyük insan toplumları din və milli faktorlar əsasında yaranır. Türk milləti olaraq bizi də bir-birimizə yaxınlaşdıran, qarşımıza ortaq hədəf qoyan, adımızı, kimliyimizi müəyyənləşdirən bizim milli mənsubluğumuzdur. Tarix boyu, demək olar ki, bütün millətlər öz kimliyini qorumaq, siyasi azadlığını əldə saxlamaq, ekonomik cəhətdən inkişaf etmək, vətən dediyimiz ortaq yaşam arealının bütövlüyünü qorumaq uğrunda mübarizə aparıblar. Zaman keçdikcə bu qayə insanın qanına hopub, xarakterini müəyyənləşdirib. Bu gün bir türk öz millətinin ağrısını dilə gətirəndə adını “separatist” qoyurlar. Amerika kimi kolonialist bir ölkənin başqa dövlətlərin yaşamına müdaxiləsinə, sərvətini sömürməsinə isə heç kim səs çıxara bilmir, hətta bunun adına “demokratik” dövlət də deyirik. Amerikanın inkişaf prinsipi, siyasi qayəsi, müstəmləkə eşqi ola bilər, amma bizim millət olaraq birləşmə haqqımız ola bilməzmi? Milli hədəf başqalarına niyə adət, bizə isə bidət olub? Bəyəm biz insan deyilikmi? Niyə hər şeyi olduğu kimi qəbul etmirik? Niyə bu vandalizmlə mübarizə aparmaq əvəzinə kolonialistlərə qarşı bir sevdamız olur? Zahiri bəzəkləri aldadır bizi, yoxsa xoş vədləri?
Bəzi məsələlər var ki, tarixə əsaslanaraq öz əksini tapır. Bu gün Təbrizin fəryadına da bir tarixin pəncərəsindən baxmaq lazımdır. Yaxın Şərqdə bir çox millət birləşmək, azad olmaq üçün mübarizə aparır. Biz bu hadisələri tarixə söykənərək qiymətləndiririk. Məsələn, kürdlərin Türkiyə dövlətinin şərqində dövlət qurmaq istəkləri yersizdir, çünkü tarix boyu onların o ərazidə heç vaxt dövləti olmayıb. Amma bizim Təbriz iddiamızı tarixin hər səhifəsi təsdiqləyir. Avropa hüququna əsasən, bir dövlətin tərkibində yaşayan sayca çoxluq təşkil edən etnik qrupun muxtariyyəti və ya azadlığı olamılıdır. Bunlar da olmasa hüquqları tam şəkildə qorunmalıdır. İllərdir soydaşlarımızın İranda öz hüquqlarından məhrum olduqlarını bilirik. İranda yaşayan azərbaycanlılar başqa dövlətlərdə yaşayan etnik azlıqlara bənzəmir. Onlar yaşadıqları Güney Azərbaycanın aborigen əhalisidir və sayca üstünlük təşkil edirlər. İranda türkdilli əhaliylə fars əhalinin sayı təqribən eynidir. Sözdə islamla idarə olunan bu dövlət 40 milyon əhalini bu gün öz dilində təhsildən məhrum edir. Halbuki biz bilirik ki, islam hüququna əsasən, bir islam dövlətində yaşayan xalqların dilləri bərabərhüquqlu olmalıdır. Farslara heç kimin şəxsi qərəzi yoxdur. Atalar yaxşı deyib: “Dəymə mənə, dəyməyim sənə”. Baxmayaraq ki, bu gün İranı idarə edən hər iki şəxs Azərbaycan türküdür, lakin öz soydaşlarına qarşı ədalətsiz siyasəti yenə buraxmırlar. Yuxarıda qeyd etdiyim kimi, bütün millətlərdə soydan gələn bir amil var. Buna əsasən biz bir-birimizin dərdiylə dərtlənirik. Bütün millətlər kimi, bizim də amalımız bir olmaq, varlığımızı qorumaqdır.
Təbrizdə türk əhali üçün muxtariyyət şərtdir. Bunun uğrunda C.Pişəvəri kimi çox insanlar mübarizə aparıblar, amma indi bu mübarizə davam etmir. Təbrizin İranın tərkibində muxtariyyət alması bizim yeni hədəfimiz olmalıdır. İranı parçalamaq, işğal etmək niyəti qətiyyən ehtiva etmədən, Təbrizin haqqı olan muxtariyyət tələb olunmalıdır. İranda olan çaxnaşmalarda Təbrizlilər düzgün mövqe tuturlar, çünkü Pəhləvi rejiminin 40-cı illərdə türklərə qarşı nələr etdiyini yaxşı bilirlər. Pəhləvi Qərbin dəstəyi ilə İranda hakimiyyəti ələ keçirsə təbrizlilərin xəyalları da suya düşəcək. İndiki İran rejimi türklüyə nə qədər qarşıdırsa, qərbyönlü Pəhləvi ondan on qat artıq türk düşmənidir. Təbrizlilər bunu yaxşı bilirlər və Pişəvərinin həyatından dərs çıxarırlar.
Cəlal Yadigarlı