Gecəyarı zəlzələ hamını gecə zülmətinə dəvət etdi. Nəinki kənd, nəinki Borçalı, sanki Borçalıya simsarı çatan hər kəs oyaq idi. Bir anda statuslar canlandı, hamı zəlzələdən yazdı. Kim kimi xətdə gördü əhvallaşdı. Hətta Avropada oğlu, qızı, yoldaşı olanlar belə Türkiyə, Polşa, Almaniyadan zəng gəldiyini, narahat olduqlarını deyirdilər.

 

Bax beləcə 13 fevral öz günlük hökmünü rahatlıqla təhvil vermədi, silkələyə-silkələyə, altı nöqtə ikiylə yola saldı...

 

Qruplarda danışılan cümlələri, statusları, rəyləri oxuduqca düşünürdüm, bu nəyə bənzəyir?

 

Papirosun üstündə Səhiyyə Nazirliyinin xəbərdarlığı var. Onu oxuyurlar, amma bilə-bilə yenə də çəkirlər. İnsanlar beləymiş.

 

Bilməzdən gəlirlər.

 

Həqiqətləri görürlər, görə-görə yenə də görməzdən səhvləri edirlər.

 

Bir anda dünyamız silkələndi. Bunlar bizə ismarıc deyilmi?

 

Həyatımız, varlığımız, illərlə yığılan varidat bir anda son ola bilərdi. Bəs bu qədər asan bir son üçün qəlb sındırmağa, könül qırmağa dəyərmi?

 

Bilmirəm, dünya əvvəlindən belə idi, ya sonradan əməli azdı, amma heç yolu yaxşı yol deyil.

 

Bir zooloq yazırdı ki, mən heyvanları tanıdıqca insanlara nifrət etdim. Vallah hə, bizim heyvanlardan öyrənməli nə qədər öyrənəcəklərimiz var... Mən bunu həmişə şagirdlərimə də deyirəm. Siz heç bir quş görmüsüzmü, özünə iki yuva qursun? Heç bir dələ qonşudan artıq qoza yığmağa cəhd etmədi ki. Tülkü gizlənməyə bir yuvası olduğuna görə məyus olmadı. Qarışqalar, arılar işçi olduqları üçün təbəqə mübarizəsi aparmadılar və s.

 

Bəs insanlar? Nələr yazmaq olar!

 

Adamlar var beş yerdə evi var, amma birində kül töküb mehriban ailə kimi yaşamayıb. Adamlar var ömür boyu pul qazanıb, amma adam kimi xərcləməyib. Adamlar var, vallah, ömründə nə teatr görüb, nə filmə gedib, nə muzey görüb, nə şeir dinləyib. Bunlar bir yana, heç həyatında xeyriyyəçilik nədi bilməz, amalı yemək, geyinmək, gəzmək... mənəviyyatdan xəbərsiz.

 

Bir ürək sevindirmək, bir qırıq könlü almaq, kədərli gözləri silmək, təbəssüm bəxş etmək – bundan böyük zövq bilmirəm.

 

Olmazmı ki, hər gün özümüzə hesabat verək – biz bu gün nə etdik, – deyə. Hansı yaxşı işi elədik, ya xoş olmayan işimiz oldu. Sonra əməl yükümüzü tərəziyə qoyaq. Bax beləcə öz mükafatımızı da, cəzamızı da əvvəlcədən biləcəyik. Mütləq biləcəyik!

 

Zəlzələ möhkəm silkələdi. Bu yerin təkanı deyildi ki, bu haqqın səsi idi. Bizi gecəyarı ayıltmağa gəlmişdi. Mən o səsi eşitdim. Gəlin sizə də deyim:

 

O səs dedi ki, bəsdirin xəbisləşdiz, vicdansızlaşdız. Mən haqqı sizə dəfələrlə görk etdim, anlamadız. Neçə bəlalar yolladım ki, anlayasız. Anlayın ki, cəhənnəmi sizə bu dünyada yaşatmayım. Siz haqqı tanıyın, haqq sizi tapacaq.

 

Unutmayaq, hər şey bir anda təkrar ola bilər...

 

Gəlin dünyanı gözəlləşdirək. Bu o zaman mümkün olacaq ki, həmin hesabatı özümüzlə aparaq, mənəvi tərəzimizlə.

 

Axı dünya fırlanır, öz zəlzələsiylə, tufanıyla, seliylə... Onları hərəkətə gətirənsə insanın əməli, şeytanın arzusudur.

 

Esmira ƏLƏKBƏRLİ