Senzura – bu ifadə bu gün xoşumuza gəlməsə də, sən demə, uzun və təzadlı bir tarixi varmış. Platon öz tələbəsi Sokratın ölüm səbəbi haqqında yazırdı ki, eramızdan əvvəl 399-cu ildə Sokrat Afina gənclərinin şüurunu korlamaqda və dinsizlikdə təqsirli bilinərək ölüm cəzasına məhkum olundu. Sonralar bu qadağalar  elmdə, dövlətçilikdə, siyasətdə böyük bir tarix yaşadı. İndiki terminlə desək, senzura uzun və qaranlıq bir yol keçdi. Yalnız 1766-cı ildə ilk dəfə İsveç qanunla senzuranı qadağan edən ilk ölkə oldu. Əlbəttə, hələ demokratiya dediyimiz quruluşa çox vardı. Hələ tarixin neçə imperiyalar dağıdacaq zamanı, neçə hakimlər susduracaq qılıncı vardı.

 

Bizim yaşamağa məcbur olduğumuz cəmiyyətlərdə bu qadağalar hakim idi. Hökümətin qaydaları ilə elə sapı özümüzdən olan baltalar “dom Feyzulla bomba rabatay” deyərək neçə-neçə haqqı boğublar. Fikrim heç də tarix yazmaq deyil, amma bir gerçəkliyin izi ilə ayıbımızı açmaq istədim...

 

Rəsmi olmasa da elə dövlət tapşırıqları olur ki, hətta konstitusiya maddələrindən də kəsərli olur. 30-cu illərdə şəxsiyyətə pərəstişə aparan bütün yolların xəritəsi qanun şəklində yazılmamışdı ki, amma qadağalardan kənara çıxan hər adam yerindəcə məhv edilmişdi. Məqsəd dövlətçiliyi qorumaq idisə... yox-yox, mən qəti şəxsiyyətə pərəstiş yolunu dəstəkləmirəm, hələ ki fikrimin məqsədinə doğru gedirəm.

 

Deyilənə görə, müharibənin ilk ayları imiş. Hitler ordusu sürətlə irəliləyərkən Stalinə xəbər verirlər ki, ölkənin ucqarlarında əhali arasında təşviş var, cürbəcür şayiələr yaratmaqla ruh düşgünlüyü əmələ gəlir. Stalin təcili büronu çağırır və tapşırıq verir ki, qəti əhaliyə bəd məlumatlar verilməsin – itki sayı, geri çəkilmələr, aclıq, mühasirə və s. Qəzetlər və radio yalnız qələbəyə gedən və ya yaxınlaşan bir əhval ruhiyyədə yazılar və musiqili verilişlər verməlidir (Bax: Ştemenko S.M. “Baş ştab müharibə illərində”).

 

Böyük ölkənin o biri başında nə baş verdiyindən xəbərsiz əhali “ana vətən çağırır” deyərək  böyük ümid və inamla bacardığını əsirgəmirdi. Yəni insanlardakı ruh yüksəkliyi sağlam bədəndə sağlam ruhu əsas götürürdü. Əsəbi rahat insanların mübarizəsi də rahat qələbə yönümlü idi. Müharibədən sonra da bu təcrübənin yararlılığı davam etdi. Sosializm qadağaları, senzuralar, yalançı təbliğat o dərəcədə güclü idi ki, əhali sanki İkinci Dünya müharibəsinin fəsad və nəticələrindən xəbərsiz xoşbəxt yaşayırdı. Nə bir kriminal xəbəri, nə də bir sosial faciəni ictimailəşdirmək olmazdı. Hətta 80-ci illərin ərzaq qıtlığı belə mətbuatda hallandırılmırdı. O nəhəng ölkədə nə bir cinayət, nə bir oğurluq, nə bir qəza ictimailəşmirdi.

 

1985-ci ildə Mixail Qarbaçovun SSRİ-yə katib gəlişi yenidənqurma, demokratiya, aşkarlıq devizini də özüylə gətirdi. Aşkarlıq olsun deyə ilk dəfə atom sualtı gəmisinin batması və heyətin faciəli ölmünü olduğu kimi əhaliyə çatdırılması guya demokratiya təcəssümü idi, əslində isə bu götürülən senzuranın özüylə bərabər gətirdiyi aşkarlığın uzun, incə bir yolundayıq gündüz, gecə...

 

Əvvəl cürbəcür qəzetlər çıxdı, nələr yazmırdı o qəzetlər. Qaqarinin sağ olmasından-filan xəzinənin mənbəyinə qədər, demək olar ki, əksər insanları öz əsarətinə almışdı. Sonralar özəl televiziyalar, radiolar fəaliyyətə başladı. Artıq əhalinin özünün də xəbəri yox idi ki, daha uşaqları ixtisaslı fakültələrdə yox, nevroloq və psixoloq fakültələrində oxutsalar yaxşı olardı. Gələcək nəsil artıq psixoloji baxımdan yararsızdır.

 

Bax indi keçirəm yazımın mustafasına, “qlazok”dan baxdığımız faciəyə.

 

Aşkarlığın bizə yaşatdıqlarını sadalasaq 14 milyard sinir hüceyrəmizin fəryadıyla qarışar. Sizcə, elə gününüz olurmu ki, qan qaraldan xəbər olmasın. Saytlar dəridən-qabıqdan çıxırlar ki, əcaib başlıqlarla oxucuya linki açdırmağı bacarsınlar, təki “bəyən” sayı və şərh sayı çox olsun. Bir də görürsən başlıq gedir: “Ər arvadını öldürdü, səbəbi şərh bölməsində”. Onsuz da onun iki səbəbi ola bilər: ya o adam xəstədir, ya da qısqanclıq zəminindədir. Heç oxumağa dəyirmi ki?!.

 

Elə bir kənd yoxdur ki, orada faciəli hadisə olmamış olsun. Ona görə kənd dedim ki, kənddə hamı bir-birini tanıyır. Bakıda baş vermiş son ailə faciəsi kimsənin sığortalanmadığı hadisədir. Aristotel hələ eradan qabaq deyibmiş ki, şəxsiyyəti formalaşdıran 70 % mühitdir. Mən də XXI əsrdə deyirəm ki, 95 % mühitdir. Biz hamımz mühitin yetirmələriyik. Hansı valideyn istəyər ki, övladı pis olsun. Yəqin ki, hər kəs öz ailəsini hamıdan çox istəyir və uyğun tərəfini də hamıdan yaxşı bilir. Bir ailənin soyqırımı bu qədərmi asan ki, onu bu qədər müzakirə etdirirsiniz...

 

Jurnalist etikasından, vicdanından uzaq kəslər! Hər gün bir uyğunsuz xəbərlə mövzunu təzələyir, güya yeni bir xəbər kimi reytinq axtarırsınız. Kiminsə faciəsini bu qədər vasitəyə çevirməyin, nolar. Hansısa bir axmaq onu çəkdi (necə bacarıb, bilmirəm). Bəs siz niyə paylaşırsınız. İstəmədən hər yerdə adamın qarşısına çıxır. İnsafınız yoxdurmu?!

 

Məktəbdə uşaqlar maraqla bir-birinə videolar, şəkillər göndərirlər, o mövzudan danışırlar, hətta qızlar deyir ki, müəllim, adam da qorxur, sanki arxadan baltalı kimsə gəlir. Bax bu da bizə senzurasız aşkarlığın gətirdikləri. Əgər məndə səlahiyyət olsaydı yumşaq senzura tətbiq edərdim. Ən azından kriminal xəbərlərin paylaşılmasını qadağan edərdim.

 

Sağlamlığın kökündə iki səbəb durur: hərəkət və sinir. Texnologiya qan dövranını ləngitməklə laxtalanmanı artırdı, nəticədə orqanizm bir virusa qarşı antiteli hazırlaya bilmir. Aylarla öskürəyin yesiri olur, amma heç tutulan oynaqların, dəyişən rənginin, üyüşən barmaqların səbəbinin fərqində olmadan nəticəni düşünürlər. Medianın üstümüzə bomba kimi tökdüyü əsəb sarsıdan informasiyanın fəsadını yazsam bir qəzet yetməz. Mən özümüzə “qlazok”dan baxanda internetdə senzura istəyərdim. Bəlkə onda “qlazok” tərs göstərməzdi. Özümüzü stresdən qoruyaq. Vəssalam!

 

Sözümün canı: mən qəza xəbərini eşidən müxbirin reportaj hazırlayacağına sevincinin və növbə dəyişərkən həkimlərin bir-birinə bol xəstə arzulamağının şahidi olmuşam. Görəsən Şekspir Hamletin monoloqunu bu dövr üçün yazsaydı “hansı şərəflidir” deyərdi?..

 

Esmira ƏLƏKBƏRLİ