Universitetdə hazırlıq kursunda oxuyarkən sevdiyim şeylərdən biri bəzi dərsliklər idi. Bəzi deyirəm, çünki elə dərsliklər mövcud idi ki, insan həm biliyini genişləndirir, yeni terminlər öyrənir, həm də dilini inkişaf etdirirdi. Dərsliklərdə mövcud olan mövzular yalnız insana müsbət cəhətlər aşılamaq, onun dünyagörüşünü genişləndirmək və ətrafını dəyişib onu inkişafa yönəltmək məqsədi daşıyırdı. İnsan bəzən düşünürdü ki, kaş bu cür mövzular məktəbdə də keçiləydi. Seçilmiş olan mövzuların əksəriyyəti isə ikitərəfli olurdu, yəni insanı iki tərəf arasında seçim etməyə təşviq edirdi və niyə bu tərəflərdən birini seçdiyini izah etməsini tələb edirdi. Bu da dil öyrənmək istəyən bir şəxsin öyrəndiklərindən istifadə edərək daha çox danışmasına səbəb olurdu. Bu yolla sanki insan həm özünü ifadə etməyi, həm də fikrini müdafiə etməyi öyrənirdi. Amma bunu bütün dərsliklərə şamil etmək, təbii ki, düzgün olmazdı.

 

Bu sayda sözügedən dərsliklərdə verilmiş potlaç mövzusuna toxunmaq istəyirəm, hansı ki, baxmayaraq, əvvəllər bir ənənə halında mövcud olub, amma mən günümüzdə də bəzi hadisələri onunla əlaqələndirirəm. Potlaç əvvəllər ənənəvi bayram və ya şənlik halında qeyd edilən hadisə olub və əsasən ABŞ-da Sakit okeanın sahilində yaşayan tayfalar arasında mövcud olub. Potlaça əsasən, qəbilənin varlıları hər il böyük bir süfrə açaraq hamını dəvət etməli, bütün kasıbları yedizdirib-içizdirməlidir. Süfrədə mövcud olan bütün qida məhsulları olmalıdır. Bütün yemək yeyilməlidir, yeyilməyənlər isə yandırılmalıdır. Süfrədən qalxanda isə gələn qonaqlara müxtəlif hədiyyələr təqdim olunurmuş. İlk baxışda bunu humanist bir əməl olaraq düşünmək olar. Fikirləşmək olar ki, həmin varlı şəxslər kasıblara əl tutaraq öz qəbiləsinin qayğısına qalır. Əslində isə bunların hamısının altında rəqabət, öz statusunu nümayiş etdirmək istəyi yatır. Onlar bu yolla öz var-dövlətlərini reklam edir və bununla rəqiblərini (qəbilədəki digər varlıları) alçatmağa çalışırlarmış. Hətta bəziləri kasıbların evlərini yandırtdırır, sonra isə guya ona kömək edirmiş kimi ya evini təmir etdirir, ya da yeni ev bağışlayırmış. Bütün bunların edilməsindəki məqsəd isə, böyük ehtimalla, qəbilə başçısı seçilmək idi. Və burada əsrlər əvvəl mövcud olan bu ənənənin zamanəmizdəki referendumlarla oxşarlığı ortaya çıxır.

 

Deməli, günümüzdə seçkilərdən əvvəl namizədlərin öz statuslarını nümayiş etdirərək saxta vədlər verməsinin tarixi potlaça dayanırmış. Müasir potlaçı qədimi halından fərqləndirən tək şey süfrənin asfaltla, işıq enerjisi ilə əvəz olunması, amma yerinə yetirilməməsidir. Seçkiqabağı baş verənlərin əksəriyyəti yalnız içi boş vədlərdən ibarətdir. İstər prezident seçkisi, istərsə də parlament seçkiləri olsun, həmişə eyni sözlər ağızlardan düşmür.

 

Mən hələ birinci sinifdə oxuyanda namizədlərin verdikləri vədləri indi də eşidirəm. Hamı inkişafdan danışır, amma bir addım irəli atanda, iki addım geri gedirlər. Həmişə seçkiyə az bir müddət qalanda şəhərin, rayonun mərkəzində əhalini başına yığıb eyni sözləri təkrar edən, ucqar kəndləri gəzib guya onların qayğısına qalırmış, bütün problemlərini həll edəcəkmiş kimi davranan müxtəlif reklampərəst namizədlərlə qarşılaşırıq. Əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün çalışacağıq deyib yola bir neçə kilometr asfalt örtüyü döşətdirir, işığı olmayan küçələrə naqillər çəkdirməyə başlayırlar. Bir də baxırsan iş qaldı yarımçıq. Hər seçkidə təqaüdlər min lari olur, yollar təmir olur, işıqlandırma, su , qaz sistemi çəkilir, amma necə olursa bu ilər başa çata bilmir. Məsələn, yaşadığım küçəni nümunə göstərə bilərəm. Köçdüyümüz vaxtdan yolumuz guya təmir olunur, kanalizasiya sistemi düzəlir, amma hələ də sakinlər (içi mən qarışıq) yağış yağanda küçəyə çıxanda ayaq barmaqlarının ucunda yeriyirlər ki, ayaqqabılar palçıq olmasın. On ildən artıqdır ki, referendum yaxınlaşanda yerinə yetirilməmiş vədlər şkaflardan çıxarılaraq yenidən nümayiş etdirilir. İndi isə 2024-ə gəlib çatmışıq. Baxaq görək bu ilki potlaç necə olacaq.

 

Çiyalə OSMANOVA