Hər bir dinin və inancın mübarək və müqəddəs saydığı özünəməxsus günləri, gecələri və ayları vardır. Hətta bu günlərə və gecələrə aid ibadət şəkilləri də yer almaqdadır.
İslam dinində də digər zamanlardan fərqlənən mübarək və müqəddəs günlər, gecələr və aylar vardır. Mübarək üç aylar hicri-qəməri təqvimlə Rəcəb, Şaban və Ramazan aylarıdır. Bu il fevral ayının 13-də mübarək sayılan üç ayların ilki olan Rəcəb ayına girmiş olduq.
Bu üç aylar müsəlmanlara dini hissiyat və ibadət iqlimində gündəlik həyatlarını sorğulama, yeniləmə və zənginləşdirmə fürsəti verməkdədir. Üç ayların fəzilətinə dair Hz. Peyğəmbərdən nəql edilən rəvayətlərlə birlikdə dini mədəniyyətdə mübarək sayılıb qeyd olunan Rəğaib, Merac, Bəraət və Qədr gecələrinin bu aylarda olması üç aylara ayrı bir əhəmiyyət verilməsinə, ibadət, dua, zikr və xeyirli işlərlə daha çox məşğul olunaraq dini həssaslığın daha sıx olaraq yaşanmasına zəmin hazırlamışdır.
Rəcəb, Şaban və Ramazan aylarının fəziləti Rəsulu Əkrəmin rəcəb ayı girdiyində “Allahım, Rəcəb və Şabanı bizə mübarək et və bizi Ramazana çatdır!” hədisindən də bəlli olmaqdadır.
Rəcəb ayı İslam dini gəlmədən əvvəl də ərəblər arasında hörmət və ehtiram göstərilən aylardan idi. Bu ayda qəbilələr arasında savaş, soyğun və digər cinayətlər işlənməzdi. İslamın gəlməsiylə də Rəcəb ayı özünəməxsus ehtirama layiq görülmüş və haram aylardan qəbul edilmişdir. Həzrət Peyğəmbər bu ayların haram aylardan olduğunu bir hədisində belə ifadə etmişdir: “... il on iki aydır. Bunlardan dördü haram aylardır. Üçü arxa-arxaya gəlir. Bunlar Zilqadə, Zilhiccə və Məhərrəm aylarıdır. Dördüncüsü də Cəmaziyəl-axir ilə Şaban ayı arasındakı Rəcəb ayıdır.” (Buxari, Təfsir 9) buyuraraq Həzrət Peyğəmbər bu ayın əhəmiyyətini dilə gətirmişdir.
İçində olduğumuz bu ilin fevral ayının 18-nə təsadüf edən Rəğaib qəndili Rəcəb ayının ilk cümə gecəsindədir. Bu gecə Uca Allahın qullarına bol-bol hədiyyələr verdiyi, az ibadətlərinə qarşılıq çox əcr verdiyi bir rəğbət gecəsidir.
Rəğaib qəndili günahlardan təmizlənmə və nurlanıb paklanma üçün bir fürsətdir. Susuzluqdan qurumuş və çatlamış torpaqlar üçün su nəyi ifadə edirsə, Mövlaya aşiq könüllər və saleh əməldən məhrum olanlar üçün də bu gecə odur. Rəğaib qəndili, Rəcəb ayındakı Merac, Şaban ayındakı Bəraət qəndilləri, Ramazan ayını, Ramazan ayı içərisindəki Qədr gecəsini, Ramazan və Qurban bayramlarını müjdələyən mübarək bir gecədir.
Son zamanlarda insanlar dini yaşantılarını arxa plana ataraq əsasən dolanma dərdinə düşərək dünyəvi nemətlərə tərəf yön almaqdadırlar. İnsanların Allaha tərəf yönəlmələrində, etdikləri günahlardan tövbə etmələrində və ibadətlərini artırmalarında Rəcəb ayı və Rəğaib qəndili bir fürsətdir. Çünki bu günlərdən etibarən mənəvi təmizlik mövsümü deyə tərif verdiyimiz üç aylar başlayır. Rəcəb ayı və Rəğaib gecəsi həm də mübarək Ramazan ayına bir hazırlığın başlamasının ilk günləridir.
Dünyada olduğu kimi, ölkəmizdə yaşayan müsəlmanlar da Ramazana hazırlıqları məhz Rəcəbdən başlayırlar. Bu ayda nafilə oruc tutub, zikrlər edib, nafilə namazlarının sayını artırırlar.
Rəcəb ayı içərisində olan bir başqa mübarək gecə də Merac gecəsidir. Merac gecəsi Allahın sevimli Peyğəmbərimiz Hz. Məhəmmədi (s.ə.s.) Məkkədəki Məscidi Haramdan, Qüdsdəki Məscidi Əqsaya apardığı (Baxın. isra, 1) və oradan da göylərə yüksəltdiyi gecədir. Merac gecəsi Cənabı Haqqın Hz. Peyğəmbərə böyük həqiqətlərin ilahi sirlərini göstərdiyi, vasitələri qaldıraraq ilahi vəhyə həmsöhbət etdiyi, öz ayələrini və kainatın sirlərini seyr etdirdiyi, möminlərə namazın fərz qılındığı və biz müsəlmanlar üçün də ilahi lütflərlə dolu olan bir gecədir. Bu gecəni hər kəs nafilə namaz qılaraq, dua və zikr edərək, Quran oxuyaraq keçirə bilər.
Qısacası, bu günlərdə nəfslər hesaba çəkilməli, ana sərmayəmiz olan ömürümüzün harada və necə keçirdiyimiz nəzərdən keçirilməli, əməl dəftərimizə nələr yazıldığı, Məhşər günü qurulacaq böyük divanın tək hakimi Uca Allahın (c.c.) haqqımızda necə bir hökm verəcəyi düşünülməlidir.
Hacı BƏKİROĞLU