Ay həzərat, mən indi deyəcəm Qardabanidə yerimək üçün yol yoxdur, siz deyəcəksiniz ki, ağ eləmə, daha bu qədər də olmaz, elə yer yoxdur ki, orada yol olmasın. “Yollar dünyada çoxdur, Sayı-hesabı yoxdur: Bostan yolu, bağ yolu, Aran yolu, dağ yolu...” (X.Əlibəyli) ay nə bilim nə. İnanmırsınız, düşün Ağmaşenebeli küçəsi boyu uzanan mərkəzi yolun başından axırına kimi yeriyin.

 

Qardabanidə sanki Nazim Hikmətin “Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır” sözlərini şüar edib hamı verib özünü yolun qırağına ki, “obyektdən”, mağazadan, kafedən, salondan, avtomobil təmiri üçün yerlərdən, “moykadan” və daha nələr-nələrdən açıb yolu bağlasın. “Yolun qırağına” yox, yolun ortasına desək daha dəqiq olar, bu insanlar piyadalar üçün nəzərdə tutulmuş, onsuz da dar olan cığırları aşkar şəkildə zəbt ediblər.

 

Ümumiyyətlə, belə təəssürat yaranır ki, Qardabanidə yollar çəkiləndə insanları-piyadaları nəzərə almayıblar, burada yollar maşınlar üçün, “obyekt” tikmək üçün, ağac əkmək və elektrik dirəkləri basdırmaq və digər işlər üçün nəzərdə tutulub. Bir az diqqətsiz yeridinsə özünü ya səkinin ortasına basdırılmış işıq dirəyinə, ya da ağaca çırpmış olacaqsan. Fikirli yeridinsə mağaza sahiblərinin səkilərə düzdüyü meyvə-tərəvəzə, çeşid-çeşid xırdavata, maşın hissəciklərinə, uşaq oyuncaqlarına, velosipedlərə ilişərək yıxılıb üz-gözünü yaralamaq qaçılmazdır.

 

Gedəcəyin ünvanı mərkəzi yolla qət etməyi seçdinsə, Konfutsinin “Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil” məsləhətini mütləq nəzərə alaraq ya bir təhər sürtünə-ilişə yol tapıb yeriməlisən, ya söyüşə-deyişə özünə yol açmalısan, ya da sənin üçün – piyadalar üçün nəzərdə tutulmuş halalca yolundan çəkilib kəlimeyi-şəhadətini pıçıldaya-pıçıldaya avtomobil yolu ilə getməlisən.

 

İnanmırsınızsa uşaq arabası ilə, əlil arabası ilə mərkəzi yolun piyadalar üçün nəzərdə tutulmuş (sözdə) səkilərini çox yox, 10-15 metr uzunluqda qət etməyə cəhd edin.

 

Yağışlı günlərdə səriştəsiz ucuz işçi qüvvəsinin qaş düzəltdikləri yerdə vurub gözünü də çıxartdığı bu səkiləri keçmək üçün isə qayıqdan, yaxtadan-zaddan mütləq nəyinsə olmalıdır.

 

Qardabanidə heç yol qaydaları işarələrini də eyninə alan yoxdur. Burada maşınları piyada keçidlərinin düz üstündə saxlayırlar, avtobus dayanacaqları taksilərin “stoyankasıdır”. Hara baxırsan taksi maşınları ilə doludur. Qardabanidə adam başına 3 taksi düşür, bəlkə də çox. Olsun, Allah ondan da artıq eləsin, amma taksilər üçün xüsusi yerlər olmalıdır. Şəhərdə vur-tut bir-iki alayarımçıq abidə var, onun da qırağına o qədər taksi yığılır ki, elə bilirsən maşın bazarıdır, hərəkət eləmək fiziki olaraq mümkün olmur.

 

Ay başınıza dönüm, axı harada görünüb ki, səkidə maşın təmir edilsin; axı harada görünüb ki, səkiyə plyaj çətiri qoyub altında tualet kağızından tutmuş banana qədər satılsın; axı harada görünüb ki, səkinin ortasına stol-stul düzülüb qəlyan çəkilsin, dönər yeyilsin, qumar oynansın; axı harada görünüb ki, səkidə maşın saxlanılsın... Ay başınıza dönüm, bəs əli uşaqlı qadınlar, uşaq arabaları, əlil arabaları, məktəb uşaqları, yaşlı insanlar, lap elə gənc insanlar necə, hara ilə hərəkət etsinlər?!

 

Ayın 14-ü Qardabani meri Kvemo Kartli televiziyasına müsahibə verərək bildirdi ki, Baş nazir İrakli Qaribaşvilinin təşəbbüsü ilə “Yenilənmiş regionlar” adlı yeni dövlət proqramı çərçivəsində Qardabaninin də haqqında danışdığımız Ağmaşenebeli küçəsi tam reabilitasiya olunacaq. Çox gözəl! Məncə yuxarıda sadaladığım problemləri aradan qaldırmaq üçün bu, əla fürsətdir. Belə ki, cənab mer, problemi daha yaxşı görmək və həll etmək üçün arabir səkilərdə piyada gəzmək həm sağlamlıq üçün, həm də şəhərimiz üçün faydalı olardı.

 

Yolun mədəniyyət olduğu haqqında uzun-uzadı moizə oxumadan yazını Yunus Əmrənin sözləri ilə bitirirəm. Bu yol o yoldan olmasa da “Dağlar nə qədər yüksək olursa olsun, yol onun üstündən keçir” deyir.

 

Azər MUSAOĞLU