İslam təqvimi Məhərrəm ayı ilə başlayır. Bu ay sadəcə bir matəm və yas ayı kimi tanınmamalıdır. Çünki Məhərrəm həm mənəvi dərinliyi, həm də tarixi əhəmiyyəti ilə seçilən, islam tarixində dönüş nöqtələrini ehtiva edən xüsusi bir aydır. Bu ay həm sevinc, həm dərd, həm də dərindən düşünmək üçün fürsət təqdim edir.

 

Hicrətin özü, yəni Həzrət Məhəmmədin (s.ə.s.) Məkkədən Mədinəyə köçü, tarixən Səfər ayında başlamış, Rəbiul-əvvəl ayında başa çatmışdır. Amma buna baxmayaraq, hicri təqvimin başlanğıcı üçün Məhərrəm ayı seçilmişdir. Hicrət islam tarixində və dünya tarixində böyük əhəmiyyət kəsb etdiyi, dünyada hicrətdən sonra yeni bir səhifənin açıldığı üçün Həzrət Ömər dövründə təsis edilən yeni təqvimin ilk ayı olaraq da məhz Məhərrəm ayı seçilmişdir. Bu seçim yalnız xronoloji deyil, həm də mənəvi və simvolik dəyərlərə əsaslanır. Çünki hicrət sadəcə bir şəhər dəyişikliyi deyil, haqq yolunda böyük bir fədakarlıq, ilahi əmrlə həyata keçirilmiş cəsarətli bir qərar idi. Məhz bu səbəbdən Məhərrəm ayı bir başlanğıcın, bir dirçəlişin rəmzi olaraq qəbul edilir.

 

Məhərrəm ayı təkcə Həzrət Məhəmmədin (s.ə.s.) deyil, digər peyğəmbərlərin də həyatında mühüm dönüş nöqtələrinin yaşandığı aydır. Rəvayətlərə görə, Adəmin (ə) tövbəsi bu ayda qəbul olunmuş, Nuhun (ə) gəmisi tufandan sonra bu ayda quruya çıxmış, İbrahim (ə) atəşdən salamat çıxmış və Musa (ə) bu ayda Fironun zülmündən xilas olmuşdur. Xüsusilə Musa (ə) ilə bağlı olan Məhərrəm ayının 10-cu günü – Aşura islam tarixində xüsusi yer tutur. Həzrət Peyğəmbər (s.ə.s.) Mədinəyə hicrət etdikdən sonra yəhudilərin bu gündə oruc tutduğunu görüb səbəbini soruşmuş, onlar da “Bu gün Musa Firondan xilas oldu” cavabını vermişdilər. Peyğəmbər (s.ə.s.) isə buyurmuşdu: “Biz Musaya sizdən daha layiqik”. Və bu gündə oruc tutmağı təşviq etmişdi.

 

Aşura günü orucu günahların bağışlanmasına vəsilə sayılan müstəhəb ibadətlərdəndir. Həzrət Peyğəmbər (s.ə.s.) bu orucu fərqli şəkildə tutmağı – ya bir gün əvvəl, ya da bir gün sonra əlavə etməyi tövsiyə etmişdi ki, digər dinlərə bənzəməkdən fərqlənək.

 

Məhərrəm ayı həmçinin islamdan öncə də, islamdan sonra da haram sayılan dörd aydan biridir. Bu aylarda qan tökmək, müharibə etmək kimi bir çox şeylər qadağan olunmuşdur.

 

Məhərrəm ayında baş vermiş ən əhəmiyyətli hadisələrdən biri də Məhərrəm ayının 10-da, yəni Aşura günündə meydana gələn Kərbəla hadisəsidir. Həzrət Hüseyn və 72 səhabəsi bu ayda haqq uğrunda şəhid edildi. Onlar təkcə bir mübarizə aparmadılar, həm də bir məktəb quraraq gələcək nəsillərə ədalətin, şərəfin və fədakarlığın nə olduğunu göstərdilər. Həzrət Hüseyni Kərbəlaya çağıranlar onu tək buraxsa da, ona qarşı gələnlərin içərisindən onun səfinə keçənlər də olmuşdu. Yəni ki, Kərbəla hadisəsi bir tərəf məsələsi deyil, bir Peyğəmbər aşiqi, bir haqq uğrunda mücadilənin simvolu idi. Kərbəla bir səssiz qışqırıqdır, vicdanların oyandığı bir dərsdir. Hüseyn haqsızlığa tabe olmadı, amma ədalətə tabe olmaq üçün canından keçdi. Onun duruşu zamanları aşan bir çağırışdır.

 

Beləliklə, Məhərrəm ayı bizə yalnız ağlamağı deyil, həm də düşünməyi, öyrənməyi və haqq yolunda səbir və təslimiyyətlə dirəniş göstərməyi öyrədir. Bu ay bir dərs ayıdır. Unutmayaq ki, Hüseynin şəhadəti bir son deyil, yeni bir başlanğıcdır. Hər Məhərrəm vicdanın yenidən dirçəliş vaxtıdır.

 

 

Hacı BƏKİROĞLU