Gürcüstan Milli Statistika Xidmətinin son məlumatlarına görə, 2025-ci ilin IV rübündə ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 % (248,7 lari) artaraq 2466,2 lari təşkil edib.

 

Statistika Xidməti tərəfindən 18 martda dərc olunan məlumata əsasən, orta aylıq məvaciblərin artımı təhsil sektorunda da qeydə alınıb. Daha dəqiq desək, 2024-cü ilin IV rübündə təhsil sahəsində orta aylıq əməkhaqqı 1409 lari idisə, 2025-ci ilin IV rübündə bu rəqəm 1517 lari olub.

 

Bu müsbət dinamikaya baxmayaraq, Statistika Xidmətinin müvafiq diaqramı göstərir ki, təhsil iqtisadi fəaliyyət növləri arasında əməkhaqqının məbləğinə görə hələ də sonuncu yerlərdən birini tutur.

 

Hesabata əsasən, fəaliyyət növləri üzrə ən yüksək əməkhaqları aşağıdakı sahələrdə qeydə alınıb:

 

  • İnformasiya və rabitə – 4373,2 lari (ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 % artıb);
  • Tikinti – 3938,9 lari (17,2 % artıb);
  • Maliyyə və sığorta fəaliyyəti – 3747,7 lari (11,1 % artıb);
  • Dağ-mədən sənayesi – 3386,5 lari (31,8 % artıb).
  •  

2025-ci ilin IV rübündə qadınların orta əməkhaqqı 1952,5 lari, kişilərin isə 2978,9 lari təşkil edib. Əməkhaqlarının illik artımı qadınlarda 173,9 lari (9,8 %), kişilərdə isə 325,1 lari (12,2 %) olub. Fəaliyyət növlərinə görə, demək olar ki, bütün sektorlarda kişilərin əməkhaqqı qadınlarınkını üstələyib.

 

Orta əməkhaqqının yüksəkliyinə görə regionlar arasında Tbilisi və Mtsxeta-Mtianeti liderlik edir.

 

Mənbə: edu.aris.ge