Əziz dostlar, gözəl insanlar!

 

Maraqlı zəmanədə yaşayırıq, elə gün olmur ki, “Damda yaşayan Karlson”dakı “danışan baş”lardan hansısa ekranlardan evimizə soxulub, əhvalımızı korlamasın.

 

Müasir politologiya elmi yarandığı gündən indiyədək nələr görməyib, hansı nəzəriyyələr irəli sürməyib: Makiavellinin siyasi hiylələrindən tutmuş, Fukuyamanın “Tarixin sonu” və Hantinqtonun “Sivilizasiyaların toqquşması” və ya Cozef Nayın “yumşaq güc” konsepsiyasınaçan…

 

Yüz illər boyu dünya düşüncə mərkəzləri dövlətlərin taleyini, xalqların davranışını və qlobal prosesləri məhz bu cür elmi meyarlarla təhlil ediblər.

 

Türkiyənin Qoblini Cübbəli Əhmədin saqqalsız versiyası, bizim cahanşümul “politoloq”umuzun ritorikasına baxın: “ar olsun Borçalıdakı Azərbaycanlı kişilərə, xəcalət çəksin o qadınlar, – deyir, – İrəvanda Göy məscidi İran ermənilərə verir, niyə gedib ona etiraz etmirlər…”

 

Dünya siyasi fikri bu nəhəng intellektualın, elm, irfan, qanacaq sahibinin yeni «elmi metod»unun qarşısında susur.

 

Açığı “bunu kimsə danışdırır” kimi konspiroloji mülahizələr inandırıcı gəlmir mənə, bu adamın səviyyəsi budur!

 

İrəvandakı Göy məscidin “kupça”sı İrandaymış, indi ermənilərə verirmiş…

 

“Mən izləyirəm prosesləri, – deyir, – hesabatlar hazırlayıram”.

 

Maraqlıdır, kimin üçün hazırlayır o hesabatları, onları oxuyan kimdir?

 

Bu duruşuna, molla intonasiyasına, xütbə vermək həvəsinə və şövqünə görəmi pul-para verirlər ona?

 

Bütöv bir mahalı “ar-həya” imtahanından kəsmək fikri heç Qoblinin də ağlına gəlməzdi.

 

Görünür, klassik siyasi təhlil metodları, statistika, sosioloji sorğular, geosiyasi proqnozlar, filan artıq dəbdən düşüb. İndi əsl politoloq olmaq üçün efirə çıxıb barmağını xəritənin hansısa nöqtəsinə tuşlamaq və o bölgənin bütün əhalisinə bir ağızdan “ar olsun!” deyə qarğış eləmək kifayətdir.

 

Bu adam bizə bir daha sübut edir ki, Azərbaycanda siyasi təhlil aparmaq çox asan işdir. Sadəcə bir az emosiya, bir az ümumiləşdirmə və bir çimdik “ağsaqqal nəsihəti”, bir az qarğış-nifrin qatırsan söhbətə, olur sənə dərin politoloji araşdırma. Qalır bircə xalqın bu dərin elmi həzm etməsi...

 

Zarafat bir yana!

 

Bu gün efirdən barmaq silkələyib bütöv bir mahalın kişilərinə, qadınlarına “ar-həya” dərsi keçməyə çalışan “danışan baş” indiyədək Borçalının hansı real problemini dilə gətirib?

 

Gürcüstandakı soydaşlarımızın torpaq problemləri yaşananda bu “politoloq” harada idi?

 

Borçalıda Azərbaycan dilli məktəblər bağlananda, kadr çatışmazlığı yarananda niyə səsi çıxmırdı?

 

Soydaşlarımızın vətəndaşlıq, işsizlik, miqrasiya və təhsil problemləri illərlə yığılıb qalanda, niyə bir dəfə də olsun “strateji mərkəz” rəhbəri kimi ağzını açıb iki kəlmə təhlil vermirdi?

 

Erməni lobbisinin bölgədəki fəallığına qarşı Borçalı gəncləri təkbaşına mübarizə aparanda bu “vətənpərvər” ekspert hansı küncdə gizlənmişdi?

 

Bütün bu illər ərzində Borçalının dərdinə kor və kar olan birinin, bu gün hansısa siyasi konyunkturaya və ya sifarişə uyğun olaraq bütöv bir bölgənin ləyaqətini hədəf alması siyasi əxlaqsızlıqdan başqa bir şey deyil.

 

Əsl problemləri – məmur özbaşınalığını, sosial ədalətsizliyi, real geosiyasi təhdidləri dilə gətirməyə cəsarəti çatmayanlar həmişə ən asan yolu seçirlər: xalqı və ya konkret bir bölgənin sakinlərini günahlandırmaq. Çünki güclüləri tənqid etmək risklidir, kreslo və efir itirmək təhlükəsi var. Amma zəhmətkeş, illərdir öz doğma yurdunda min bir əziyyətlə milli kimliyini qoruyan Borçalı camaatına efirdən “ar olsun” demək həm təhlükəsizdir, həm də ucuz xal qazanmaq üsuludur.

 

Ən acınacaqlısı isə odur ki, bu “ar-həya moizəsi” hansı şəraitdə səslənir. İllərdir quru sərhədlər, yollar bağlıdır. Borçalı camaatı ilə buradakı doğmaları arasında bir keçilməz sədd yaranıb; insanlar toya, yasa, xəstəsinin yanına, ölüsünün üstünə gedə bilmir, illərdir bu həsrətin, bu çətinliyin yükünü çiyinlərində daşıyırlar. Təzə açılan qatarlar da insanların gediş-gəliş ehtiyacını ödəyə bilmir. “Politoloq” isə efirə çıxanda bu insanların real problemlərini, yolların bağlı qalmasının yaratdığı sosial və insani çətinlikləri, fəsadları təhlil edib, çıxış yolları aramaq istəmir. Görünür, efirin danışan başları üçün real insanların dərdini anlamaq çox çətindir, onlar üçün rahat studiyada oturub, illərdir yolu bağlı qalan bir mahalın insanlarına uzaqdan “ar olsun” göndərmək daha asan və daha “innovativ”dir.

 

Efirdən xalqa “ar olsun” demək asandır. Əsl “ar olsun” isə illərlə bir mahalın taleyinə biganə qalıb, bu gün ucuz siyasi manipulyasiya naminə o bölgənin insanlarını təhqir edən “politoloq”lara düşür!

 

Ar olsun sizə!

 

Etimad Başkeçid