İki ildən artıqdır, Qəzza insanlığın ən ağrılı sınaq məkanıdır. Şəhərlər dağılıb, küçələr susub, uşaq səsi bombaların uğultusunda itib. Şəhərin yerlə-yeksan olmuş, dağılmış küçələri, yaralı evlərin divarlarında hələ də çürümüş yaşayış xatirələri qaldı. İndi isə dünya “Qəzza azaddır” deyir. Amma bu azadlıq uçuq binalar arasında hələ də kül içində oynayan uşaqların, aclıqdan qarınlarına daş bağlayan qadınların, torpağa qarışmış unu yığmağa çalışan insanların ağrısını unutdura bilmir.
Xəbərlərdə oxuyuruq: Əsirlər azad edilib, bir çox ailələr illərlə gözlədiyi yaxınını yenidən qucaqlayıb. Dünya bir az nəfəs aldı, insanlar sosial şəbəkələrdə paylaşımlar edir. Amma bir sual var ki, içimdə səssiz-səssiz dolaşır, azad olan Qəzzadır, yoxsa sadəcə xəbərlərin başlıqları?
Çünki o torpaqda hələ də yanmış evlərin qoxusu var. Uşaqların oyuncaqları küllə qarışıb. Bəli, əsirlər buraxılıb, amma o uşaqlar ki, artıq yoxdurlar, bəs onların fəryad edən analarına kim azadlıq verəcək?
“UNICEF” yazır ki, son illərdə 50 mindən çox uşaq Qəzzada ya ölüb, ya da yaralanıb. Təsəvvür edin, hər saatda bir uşaq ölüb. Bu rəqəmlər onlara görə sadəcə statistikadır. Amma bu ağrını-acını yaşayanlar üçün dözülməz əzabdır.
Qəzzada həyat, demək olar ki, yerlə bir olub. Refah, Xan Yunis və Nuseyrat bölgələri tamamilə dağılmış vəziyyətdədir. İnsanlar sadəcə evlərini deyil, həyatlarını itiriblər – həm fiziki, həm də mənəvi mənada. BMT-nin məlumatına əsasən, bölgədə içməli su istehsalı müharibədən əvvəlki səviyyənin 5 faizini təşkil edir.
Yardım təyyarələri ərzaq atarkən çoxu torpağa qarışırdı. O torpağa qarışan unu yığmağa çalışan insanların şəkilləri dünyanın yaddaşına həkk olundu, insanlar diz çöküb göz yaşlarında boğularaq torpaqdan qırıntıları toplamağa çalışdı.
Fiziki dağıntılar göz önündədir, amma görünməyən tərəfi – psixoloji fəlakət daha dərindir. Qəzzada minlərlə insan travma içində yaşayır. Qorxu, itki, qəzəb, ümidsizlik – bu duyğular artıq həyatın bir hissəsinə çevrilib. Yalnız bir neçə min nəfərə yardım göstərilə bilib, halbuki yardıma ehtiyacı olanların sayı yüz minlərlədir.
Çünki bu torpaq təkcə bombaların dağıtdığı evləri deyil, insan ruhunu da dağıdıb. Uşaq səsi eşidiləndə insanlar qorxur, çünki Qəzzada hətta gülməyə belə tərəddüd var. Bu reallıqda sülhdən danışmaq, əlbəttə, asandır, yaşamaq isə çətin.
Dünya üçün sülh razılaşma sənədi fiziki sərhədləri əhatə edə bilər, amma sülh bir uşağın qorxmadan gülməsi, bir ananın ocağında çörək bişirməsidir. Əgər bu baş vermirsə heç bir atəşkəs real sülh deyil. Sülh o vaxt gələcək ki, yardım göydən düşməyəcək, yer üzündə bərabərlik, mərhəmət və ədalət hökm sürəcək.
Bu gün Qəzza hələ də acdır, susuzdur, yaralıdır. Amma hələ də oradakı məsum insanlar yaşayır, yaşamağa çalışır. Hələ də insanlar o torpaqda uşaq səslərinin bir gün yenidən gülüşə çevriləcəyinə inanır. Sülh üçün, mərhəmət üçün, bir daha heç vaxt belə ağrı yaşanmaması üçün dualar edilir. Qəzza azad ola bilər, amma insanlıq azad olmayınca bu ağrı heç vaxt tam bitməyəcək.
Bir daha heç bir torpaqda uşaq səsi güllə səsinə qarışmasın. Heç bir ana övladını tabutda tanımasın. Heç bir şəhər aclıqla, qorxu ilə tanınmasın.
Aytən FƏTULLAYEVA