Nəfs insanın daxilində bitmək bilməyən bir istəkdir. O, doymaq bilməyən bir aclığa bənzəyir: daha çox mal-dövlət, daha çox şöhrət, daha çox ləzzət arzulayır. İnsan bu istəklərin ardınca qaçdıqca elə zənn edir ki, xoşbəxtlik bir az da irəlidədir. Lakin hər əldə edilən nemətdən sonra yeni bir arzu baş qaldırır. Beləcə, nəfs insanı daim narahatlıq və çatışmazlıq hissi içində saxlayır. Bu yolun sonu isə çox vaxt peşmanlıq olur. İnsan bir gün geri dönüb baxanda görür ki, həyatının ən dəyərli anlarını – ailəsi ilə keçirdiyi vaxtı, dostluqları, mənəvi rahatlığı dünya malının arxasıyca qaçarkən itirib. Nəfsin əsiri olan kəs heç vaxt həqiqi rahatlıq tapmır. Çünki nəfsin istəkləri sonsuzdur və o, insanı daim daha artığını istəməyə sövq edir. Halbuki həqiqi zənginlik insanın sahib olduqlarına şükür etməsində və qəlb rahatlığında gizlidir.

 

Qürur isə nəfsin başqa bir təzahürüdür. Qürur insanın özünü ucaldaraq başqalarını kiçiltməsidir. Belə insan özünü digərlərindən üstün görür, başqalarının uğurunu qəbul etməkdə çətinlik çəkir və tənqidi qəbul edə bilmir. Nəticədə isə getdikcə tək qalır. Çünki heç kim özünü dəyərsiz hiss etdiyi bir mühitdə qalmaq istəmir. Qürur insanı həm mənəvi, həm də sosial baxımdan zəiflədir. O, insanın qəlbini sərtləşdirir, münasibətlərini korlayır və daxili sükunətini əlindən alır. Əsl güc başqalarını alçaltmaqda deyil, onları dəyərləndirməkdədir. Həqiqi böyüklük təvazökarlıqda, başqalarına hörmətlə yanaşmaqda və öz qüsurlarını görüb düzəltmək cəhdindədir.

 

Nəfsə hakim olmaq və qüruru cilovlamaq insanın ən böyük daxili mübarizəsidir. Bu mübarizədə qalib gələn insan həm dünyada, həm də axirətdə rahatlıq tapar. Çünki o zaman insanın qəlbi maddi ehtirasların və süni üstünlük hissinin deyil, iman, şükür və təvazökarlığın təsiri altında olar.

 

Bu daxili mübarizənin ən gözəl məktəblərindən biri Ramazandır. Ramazan ayı sadəcə aclıq və susuzluq deyil, nəfsin tərbiyə olunduğu, qürurun sındırıldığı ilahi dərsdir. Oruc insanın içindəki “istəyirəm” səsini zəiflədir, “səbir edirəm” iradəsini gücləndirir. Gün boyu halal olan nemətlərdən belə uzaq qalmaq insana göstərir ki, o, nəfsinin qulu deyil, əksinə, nəfsinə hökm edə bilən bir varlıqdır.

 

Nəfs daim rahatlıq, ləzzət və bolluq axtarır. Oruc isə ona sərhəd qoyur. Aclıq insanın zəifliyini xatırladır, onu təkəbbürdən uzaqlaşdırır. Günün sonunda bir tikə çörəyin, bir udum suyun nə qədər böyük nemət olduğunu dərk edən insan artıq israfdan uzaq durur. Bu, nəfsin qırılması, qəlbin yumşalması deməkdir.

 

Ramazan süfrələri də qürurun əridiyi məkanlardır. İftar vaxtı varlı-kasıb, vəzifəli-vəzifəsiz, tanınmış-tanınmamış eyni süfrə ətrafında oturur. O an hər kəs eyni aclığı yaşamış, eyni susuzluğu hiss etmiş olur. Süfrədə üstünlük nə mala, nə ada, nə də vəzifəyə görədir. Hər kəs bir xurma ilə orucunu açır və eyni şükür sözlərini deyir. Bu mənzərə insana xatırladır ki, insanı ucaldan dünyəvi mövqeyi deyil, Allah qarşısındakı halıdır.

 

Təravih namazında isə bu bərabərlik daha aydın görünür. Hamı eyni səfdə çiyin-çiyinə dayanır. Orada nə vəzifə fərqi var, nə də maddi imkan üstünlüyü. Hamı eyni qibləyə yönəlir, eyni ayələri dinləyir, eyni səcdəyə qapanır. Səcdə insanın qürurunu sındıran ən böyük həqiqətdir. Çünki insan alnını yerə qoyduğu anda anlayır ki, əsl böyüklük yalnız Allaha məxsusdur.

 

Ramazan bizə öyrədir ki, nəfsə qalib gəlmək mümkündür. Qüruru tərk edib təvazökarlığı seçmək mümkündür. Oruc sadəcə maddi aclıq deyil, mənəvi yüksəlişdir. Əgər Ramazan ayı bitdikdən sonra insanın nəfsi bir qədər sakitləşmiş, qəlbi bir qədər yumşalmış, qüruru bir qədər azalmışdırsa, demək ki, oruc öz məqsədinə çatmışdır.

 

Beləliklə, Ramazan nəfsin susdurulduğu, qürurun sındırıldığı və insanın öz həqiqi dəyərini dərk etdiyi bir aya çevrilir. Bu ayı doğru yaşayan insan isə yalnız aclıq çəkmir – o, dəyişir, saflaşır və daxilən güclənir.

 

Hər birinizə mənəvi bolluqla keçən bir Ramazan ayı diləyi ilə...

 

Hacı Bəkiroğlu