(əvvəli burada)

 

1919-cu ildə Qalaktionun ikinci toplusu olan “Bədii çiçəklər” nəşr olundu. Buraya “Mən və gecə”, “Qəbirqazan”, “Mavi atlar”, “Meri”, “Mtatsminda gecəsi” və “Quriya dağları” şeirləri daxil idi. Cəmi səksən altı şeir. Qalaktionun şah əsərləri bir nəfəsə yazılmışlara bənzəyirdi. Sanki Tanrı şairə qafiyələri diktə edirdi və onun etməli olduğu tək şey şeiri kağıza köçürmək idi. Qalaktionun kitablarının redaktoru Nodar Cavaxadzeyə görə, Qalaktion bu kitabın nəşrindən dərhal sonra dünyasını dəyişsə idi, yenə də böyük şair olaraq qalardı, çünki bu dövrün əsərləri ilə o, gürcü poeziyasında yeni bir istiqamət müəyyən etmiş və şeirin yenilənməsi prosesini tamamlamışdı. “1926-cı il də daxil olmaqla Qalaktioninin yaradıcılığı gürcü poeziyasının ikinci intibah dövrü hesab edilə bilər. Bu dövrdə o, yalnız şah əsərlər yazıb, nadir hallarda zəif şeir yazıb”.

 

Qalaktion şeirləri evdə qaranlıqda yazırdı. Otağın qapısı örtülür, pəncərə qapaqları diqqətlə bağlanırdı. Nəhəng iş masası yalnız köhnə bir çilçırağa bərkidilmiş mum şamları ilə işıqlandırılırdı. Adi qələmlə kağıza yazılmış qeyri-adi qafiyələr ortaya çıxırdı. O həmişə yazmağa hazır idi. O hər yerdə və hər şeydə yazırdı: maşında, yolda, salfetlərdə, siqaret qutularında.

 

1921-ci ilin yanvarında gürcü şairlərinin bir hissəsi Qalaktioniyə kral titulu verib. Halbuki Tabidze başqalarının köməyi olmadan 1915-ci ildə poeziya tacını özü başına qoyub. “Mtatsminda Ayı” şeirində o, birbaşa kral olduğunu bəyan edir:

 

Mən kral, nəğməkaram ki,

Mahnı ilə ölürəm.

Əsrlər boyu sizi müşayiət edəcək mənim arfam.

Heç vaxt Ay doğmamışdı

Bu qədər dinc.

 

Qalaktionun kölgəsində olmaq bir çox şair üçün dözülməz idi. Buna görə də bəziləri Tabidzenin yaradıcılığına həsədlə baxırdılar. O, lağa qoyulur və tez-tez təhqir edilirdi də. “Bədii çiçəklər” sadə şeirlər toplusu, “Mavi atlar” isə əyalət gitara romansı adlandırıldı. Onun dahiliyini kiçiltmək üçün paxıllar hətta Qalaktionu (kuxarkaların (kuxarka – rusca, mətbəx qadını) şairi adlandırdılar.

 

Lənətlər və təhqirlər Tabidzenin depressiv təbiətini daha da şiddətləndirirdi. Lağa qoyulmaqdan yaxasını qurtarmaq üçün Qalaktion içməyə başladı. Onu praktiki olaraq, heç kim böyük ziyafətlərdə xatırlamır. O, əsasən yad adamlarla yeyib-içirdi. Seçdiyi ictimaiyyətdə daha çox sadə insanları və kasıb süfrəni üstün tuturdu. Ən çox vaxt isə tək içirdi. Belə bir vəziyyətdə o, özünü xarici dünyadan ayırır və özü ilə tək qalırdı. Yayılan stereotipin əksinə olaraq, Tabidze sərxoş olarkən nə gündəlik, nə də şeir yazırdı.

 

Ölkədəki vəziyyətlə əlaqədar olaraq şairin mənəvi vəziyyəti daha da çətinləşdi. Tezliklə paxılların təhqir və boğmasına siyasi problemlər də əlavə olundu. Doğrudur, Qalaktion heç vaxt hər hansı bir partiyanın üzvü olmayıb, lakin siyasətlə kifayət qədər sıx əlaqədə idi. 1920-ci ildə Sosial Demokratların mətbuat orqanı olan “Xalq qvardiyaçısı”nın redaktoru idi. İki il əvvəl isə o, Noe Jordaniyanın dəftərxanasında katib işləmişdi. Qalaktioninin kommunistlərlə ailəvi əlaqələri var idi. Həyat yoldaşı Olqa Okucava məşhur bolşevik, Gürcüstan Mərkəzi Komitəsinin birinci katibi Mixail Okucavanın bacısı idi. Onlar hətta inqilabdan əvvəl də evli idilər. Şair məşhur “Biçin ayının Günəşi” şeirini Olqaya həsr etmişdi. Qalaktion bu şeirlə 1917-ci ildə Olqanı Moskvaya yola saldı. Şair biçin ayının Günəşindən həyat yoldaşını qorumasını istəyirdi.

 

Biçin ayının Günəşi, biçin ayının Günəşi,

Müqəddəs kasa qarşısında dua edərək diz çökürəm,

Yalvarıram,

Böyük sevgi ilə sevdiyimi,

Qanadlarının altına al onu, yalvarıram.

 

İlk günlərdə heç kim Gürcüstan MK-nın rəhbərinin kürəkənini narahat etmirdi. Lakin Qalaktion 1924-cü il üsyanı haqqında anti-inqilabi bir şeir (“Şimşək çaxan günlərin xatirələri”) həsr etdikdə, o, hər halda həbs edildi. Qalaktion ilə birlikdə “Mnatobi” jurnalının 5-ci sayında dərc olunan poema da həbs edildi. MK çapa hazırlanan bütün sayını ələ keçirdi.

 

Poemadan bir parça:

 

Qaliblər qəddar əlləri ilə

Əsirləri boğurlar,

Onları doğrayır, güllələyirlər,

Xalqın adından günləri məhv edirlər...

Və bütün həftə

Vağzaldan o yana

Dayandı qatar

Ölülər sıra ilə sərilib bir örtük olmadan.

 

***

Şair Metexi həbsxanasında üç gün keçirdi. Tabidze həbsxanadan dəyişmiş şəkildə çıxdı. Tabidzenin müasirlərinin dediyi kimi, Qalaktion həbsxanadan sonra bir daha öz əsl səsi ilə danışmadı. Bu dəyişmə ilə bağlı yazıçı Rezi Tvaradze xatırlayırdı: “Həbsxanadan çıxdıqdan sonra o, fərqli bir səslə danışmağa başladı. Nazik, qeyri-təbii bir səslə danışırdı. Sanki hansısa rol oynayırdı. Qalaktionun əsl səsini heç eşitməmiş insanlarla tanış olmuşam, amma belə insanlar mində bir idi. Əsasən, o, hər kəslə qeyri-təbii bir səslə danışırdı. Səsinin incəliyi elə nəzərdə tutulmuşdu ki, o, hansısa bir rol oynamağa başlasın və bunun vasitəsilə əsl üzünü gizlədə bilsin”.

 

Həbsxanadan sonra şair fikirlərini və baxışlarını ictimailəşdirməkdən çəkinirdi. Bu dövrdə Qalaktion həddindən artıq çətinliklərlə üzləşirdi. O, hətta tez-tez ac qalırdı. Qızıl üzüklər və Qalaktionun şəxsi əşyaları lombardda tapılırdı. Şair qonorar ümidi ilə redaksiyalardan və nəşriyyatlardan borclar yığırdı. Daha sonra borcu şeirlərlə örtürdü. Evdən satıla bilən hər şey satılırdı. Qoca Tabidzenin ailəsinə köhnə şeylər toplayan, antikvar tez-tez qonaq olurdu.

 

Olqa Okucavanın məktubundan: “Küçədən bir qoca gətirdim. Ona butulkaları 14 rubl 28 qəpiyə satdım. Kartofu 2 rubla aldım, qalanını isə qayıdanda sənə verəcəyəm. Olqa”.

 

***

Ac və pulu olmayan şair tez-tez Yazıçılar Birliyinə müraciət edirdi. Qalaktion o qədər çətin vəziyyətdə idi ki, hətta paltarı belə yox idi və bu səbəbdən evdən çıxa bilmirdi.

 

Qalaktionun Yazıçılar Birliyinə məktubu:

 

“Mənim paltom yoxdur və evdən çıxa bilmirəm. Xahiş edirəm mənə birtəhər palto sifariş edin. Palto qapalı paylama mərkəzimizdədir, amma icazəsiz mənə vermirlər. Və mən belə bir vəziyyətdəyəm. Çox xahiş edirəm”.

 

***

Qalaktion halı pis olub xəstəxanaya gedəndə həkim ona dedi ki, yerimiz yoxdur. Qalaktion bir ay əvvəl orada xəstəxanaya yerləşdirilmişdi, ona görə də harada, hansı palata olduğunu dəqiq bilirdi və konkret bir palatanı göstərdi – Ora bağlıdır. Aldığı cavab bu oldu – Boşdur. Bəs, Mərkəzi Komitə katibinin qohumlarından biri xəstələnsə necə olacaq?.. Və ona dəhlizdə yatırmağı təklif etdi... Onu mərhəmətlə dəhlizdə yatırdılar...

(davamı var)

 

Topladı və gürcü dilindən tərcümə etdi:

Mirzə Məmmədoğlu