ALEKSANDRE ORBELİANİ
O birisi gün, şənbə gününün günorta çağı çar İrakli özünün azsaylı qoşunu ilə Soğanlıq daracaqlarına gəldi. Yenə ümidvar oldu: Şəhərə getsəm böyük qoşun rastlaşacaq. Lakin qoşun əvəzinə şəhərin yarısının tərk etdiyini ona dedilər. Bədbəxtlik bədbəxtliyin arxasınca gəlirdi. Bax, necə bədbəxtlik:
Kizixin mouravisi Zaxariya Andronikaşvilini (Çar İraklinin qızı Yelena onun həyat yoldaşı idi, dul qadın, çar Solomonun anası, şahzadə Arçilin keçmiş həyat yoldaşı) seçmə iki min tavad və məşhur Kizix döyüşçüləri müşayiət edirdi (O zamanlar Kaxetinin hakimi, sonralar çar olan şahzadə Georgi idi). Həmin şənbə gecəsi Revaz Andronikaşvili öz müqabilində tavadları (Mən başqalarından da eşitmişəm bu əhvalatı və Niniya Zaalın oğlu Andronikaşvilinin özü 1824-cü ildə Kodala kəndində qohumum Tamaz Andronikaşvilinin toyunda mənə söylədi, Niniya da o qədər o hadisələrin içində iştirak edib. Halbuki mənə söyləyirdi, lakin ora-bura boylanırdı: Heç kim duymasın. Bu Niniya mənim qohumum idi), bəli, gizlicə yanına çağırtdırdı və İrakliyə qarşı onlara and içdirdib deyib ki, Ağa Məhəmməd şah Qacar müharibəsində vuruşa bilməyəcəyik; Yenə daha yaxşı olar ki, Siqnaxidə bizim şahzadə Georgiyə yaxınlaşaraq öz arvad-uşaqlarımızı qoruyaq, yoxsa, qızılbaşlar Kürü keçəcəklər və bütövlükdə bizim üstümüzə yeriyəcəklər. Çoxlu bu cür söhbətlərlə çar İraklinin fədakar sədaqətlilərini özünə çəkdi. O iki min nəfər yaxşı igid elə həmin gecə sevimli çarlarından xəlvəti aralanıb aradan çıxdılar. Onlar kimi Niniya Andronikaşvili də onlarla idi və Soğanlığın Kür mənzərəsinə keçdilər (dedilər: Onlar Tiflis şəhərini dolanıb Kürün körpüsünü keçərək Kaxetiyə tərəf getdilər. Amma yox, onlar düz Soğanlığın Kür mənzərəsinə doğru getdilər (Bəziləri deyirdilər: Tiflis şəhərini dolandılar, Kürün üzərindəki körpüdən keçərək Kaxetiyə doğru yönəldilər, lakin yox, Soğanlığın Kür mənzərəsinə keçdilər). O tərəfdə Şəmşəddilin üç qoyun sürüsü meşəyə doğru gəlirdi ki, onu da oğurladılar və qabaqlarına qatıb Kizixə apardılar.
Lap elə əvvəllərdən Revaz Andronikaşvili Kizixin mouravisi idi. O, şahzadə Georginin birinci həyat yoldaşının qardaşı idi. Çar İrakli onu mouravilikdən məhrum etdi, sədaqətsizliyi ilə bağlı iradını bildirdiyinə görə (Başqa yerdə kimin onu aldırdığını ətraflı yazacağam) və öz kürəkəni Zəkəriyyə Andronikaşviliyə öz qohumlarından və iyirmi nəfər qulluqçudan başqa iki min nəfərlik ordudan bir dənə də olsun döyüşçüsü qalmayan Kizik mouraviliyini verdi. O biri günün səhərisi bu xəbəri çara bildirdilər, onların qaçıb gizləndiyini söylədilər. Halbuki çox incidi, amma hər halda qorxmadı və öz ləyaqəti ilə mətinləşmişdi (Bunu əvvəllər deyə bilmədim və hamısını burada deyəcəm: Qarabağ xanı İbrahim xan çar İrakli ilə böyük ittifaq yaratmışdı və əlaqəsi var idi, buna görə Şuşa qalasını möhkəmləndirdi və Ağa Məhəmməd şah Qacara boyun əymədi. Ağa Məhəmməd şah Qacarın ikinci gəlişində tərpənib Cara getdi (Car-Balakən camaatlığı – Azərbaycanın şimal-qərbində qan qohumluğuna əsaslanan sosial-siyasi qurum.).
Çar İrakli o beşminlik qoşunu belə bölüşdürdü. Çar İrakli iki min kartlilini və iki min imerelini çar Solomanla birlikdə yanında saxladı, qalan min nəfərlik İmereti qoşununu isə toplarla şəhərin yaxınlığına, “tamojniya” olan yerdən bir az aralı, dərənin yaxınlığına yola saldı.
Kim görməyib Soğanlığın yaxınlığında qərbə doğru, Kürün yaxınlığında kiçik düzənliyi, cənubdan uzanan böyük dağı? – Bazar günü səhər tezdən Ağa Məhəmməd şah Qacarın bir neçə dəstəsinin gəldiyi məhz o yerdə həmin dörd minlik qoşunla çar İrakli dayanmışdı və həmin düzənlikdə müharibə baş verdi. Kartlili-imereli dörd min və farslar o qədər (Ağa Məhəmməd şah Qacar özünün böyük qoşunu ilə Ağstafaya yetişdi. Özü şənbə günü bu qədər qoşunla gəlməli idi. Nələr deyilmədi burada. Kimsə də deyib: Guya Ağa Məhəmməd şah Qacar gərək ki, Şavnabada qalxıb, dağın başında çadır qurub və oradan müharibə məsələsini çözsün, yalandır. Müharibənin öncəki günü Ağa Məhəmməd şah Qacar Şavnabada çıxdı, şəhəri seyr etmək üçün və nə isə elə oldu ki, atdan enən bir adam aftafa ilə kollardan birinə sığınıb. Bu gün səhər sübh çağı iyirmi-iyirmi beş silahlı oğlan şəhərdən çıxıb Şavnabad dağını dolaşmağa başladılar: Bəlkə qızılbaşlar rast gələ, tutaq. Bu zaman qəfildən Ağa Məhəmməd şah Qacarın üstünə çıxdılar ki, elə həmin an ona tüfəngdən atəş açdılar. Ağa Məhəmməd şah Qacar tezcə tərpənib atına mindi, aftafanı üzünə tutaraq elə qaçdı. Bu tüfənglərin səsinə və bu olaya görə yuxarıdan qızılbaşlar özlərini yetirdilər. Bəzilərini öldürdülər, bəzilərini tutub apardılar. Ağa Məhəmməd şah Qacar elə qorxdu ki, elə həmin an aşağıya endi və orada əsgər qoya bilmədi ki, oradan şəhər tərəfi müşahidə edəydi).
İlkin olaraq farslar kartlili-imerelilərə qarşı bir az cürətləndilər. Elə bilirdilər ki, yağlı kökəni qapacaqlar. Lakin kartlili-imerelilər tələsmirdilər və çar İrakli də bu sözü buyurdu: “Mənim sevimli övladlarım, qoçaq kartlili-imerelilərim! Sizin şücaətinizdən bildiyim kimi, qızılbaşlara elə şücaət göstərdiniz ki, biz tərəfə daha baxa bilməsinlər. Eyni zamanda, mən onu da sizə deyirəm, nə qədər ki, sizin üçün çətin olmayacaq, mən sizə kömək etməyəcəyəm, indi siz bilirsiniz və sizin kişiliyiniz bilir”.
Çar İrakli o gün səhər tezdən həmin dörd min süvarini o dar yolun istehkamı yaxınlığında elə yerləşdirdi ki, ilk minlik qoşunla bir dəfə döyüşməli, ikinci minlik qoşunla, üçüncü minlik qoşunla, ondan sonra dördüncü minlik qoşunu ehtiyac üçün saxladı. Özü və çar Soloman da beş yüz-beş yüz kartlili-imerelinin birgə dayandıqlarının, dörd dəstə olaraq bir-birilərinə həyan olduqlarının başında dayandılar.
Müharibə olan yerin həndəvərinin o qədər məkanı yoxdur, lakin hər halda dörd min süvari döyüşçü, yaxud az-çox, Kürün sahilindən, qayanın yaxınlığına qədər dar istehkama yönəlir. Bu bizim qoşun arxasını dar istehkama söykəyərək cərgə ilə düzülüb dayanmışdılar və könülsüz hücuma keçən qızılbaşlara baxırdılar.
Yaxın gəlməyənə kimi səs vermədilər və elə ki, yaxınlaşanda birlikdə tüfəngin gülləsini atıb, qılınclarını çıxarıb qızılbaşların ordusuna hücum çəkdilər, beləcə öndə, arxada olanları geri döndərdilər və yolun enişində olan təpəyə dirədilər. Bu birinci min kartlili-imereli dönüb ehtiyatla öz yerinə gəldilər. Kim deyib ki, guya Ağa Məhəmməd şah Qacarın topları varmış, yox, yalandır, zamburakları (Köhnə az kalibrli top – Tərcüməçi) isə çox idi.
Qızılbaşlar kartlili-imerelilərin şücaətini görəndə daha hücuma ərk edə bilmədilər, çıxdılar və kartlili- imerelilərin üzərinə zamburaklardan və tüfənglərdən atəş yağdırdılar. Halbuki çar İraklinin zamburakları yox idi, lakin kartlili-imerelilərin tüfəngi tərifə layiq idi. O zaman bu yerdə onları üstələyib, həm də biabır etdilər. Bu vaxt Ağa Məhəmməd şah Qacar enişli yolun təpəsində dayandı. Kartlili-imerelilərə baxanda gözləri “buksovat” etdi (səyridi) və gülərək çığırdı: “Bu yazıqlar bizim döyüşçülərdirmi?” Bir böyük kişi xəbər verdi: “Onlardırlar” və başqa daha heç nə.
Ağa Məhəmməd şah Qacar yeni dəstələrə hücuma keçməyi əmr etdi və ondan sonra özündən razılıqla həmin xana dedi: “O yazıqları Kürə atacaqlar”.
Çar İrakli o minliyə bir az geri çəkilməsini, dəstə halında dayanmalarını dedi. Minliyə yenə yüz döyüşçü göndərib bu sözlərlə müraciət etdi: “Kartlililər-imerelilər! Ağa Məhəmməd şah Qacar gəlib təpəyə düşüb, görünür, özünü diri tutdurmaq istəyir. Di, sizin cürətinizdən bildiyim kimi Ağa Məhəmməd şah Qacara elə igidlik göstərin”.
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU