Elizbar CAVELİDZE

(əvvəli burada)

İndi Koroğlunun fiziki bünyəsi barəsində bir neçə söz. O, uşaqlıqdanca fiziki qüvvəsi ilə fərqlənirdi: “Rövşən Rüstəm kimi igid, yeniyetmə cavan bir oğlan idi. On beş, on altı yaşı ya ola, ya olmayaydı. Amma elə güclü, elə qüvvətli idi ki, ağacın budağından yapışsa kökündən çıxardar, öküzün buynuzundan yapışsa yerindən dik qaldırardı” (Bax: “Koroğlu”, səh. 9; “ქოროღლი”, səh. 19). Yaşa dolmuş Koroğlunun zahiri görünüşünü görəndə isə insanın canına qorxu salırdı... Bir oğlandı, bir oğlandı ki, adam üzünə baxmağa ürək eləmir. Boy-buxun, qol-bilək. Süysünün əti qat-qat tökülüb, qara bığlar kəl buynuzu kimi “deşərəm, ha deşərəm” deyir.  Gözlər tərlan gözü kimi oyur-oyur oynayır. Belində bir qılınc var ki, Allah göstərməsin!” (Bax: “Koroğlu”, səh. 282; “ქოროღლი”, səh. 321).

 

Müəyyən olunduğu kimi, Koroğlunun bu cür qorxu yaradan zahiri görünüşü, ümumiyyətlə, qəhrəmanlıq eposunun üslubu üçün xarakterikdir. Çünki o vaxtlar igidin fiziki zahiri görünüşü özünün gücü, qüvvəti ilə uyğun gəlməli idi. Daha doğrusu, qəhrəmanın hədsiz güc potensiyası onun gözəl obrazına uyğun gəlirdi ki, bu da oxucunun əxlaqi-estetik inancı və zövqü üçün məqbul idi. Qısası, cəngavərin cəngavərlik siması olmalı idi, trubadurun müvafiq zahiri görünüşü. Bu cür obraz sxemini Qərbin, eləcə də Şərqin xalq və istərsə də, klassik ədəbiyyatı tanıyır. Bu baxımdan aşıq paltarı geymiş Koroğlunun portreti də diqqət çəkir ki, yuxarıda gətirilən onun zahiri görünüşünün təsvirinin demək olar ki, eynisidir, bu da məhz elə onun aşıqlığına şübhə oyadır: “Bəli, eşitdilər ki, aşıq gəlib, hamı sevindi. Koroğlunu çəkib məclisə apardılar. Amma baxdılar ki, bu aşıq heç onlar görən aşıqlardan deyil. Boy uca, kürəklər enli, süysün elədi ki, kəl süysünü kimi... boynunun əti girdim-girdim, bığlar kəl buynuzu kimi. Sirindən-sifətindən zəhm tökülür” (Bax: “Koroğlu”, səh. 300; “ქოროღლი”, səh. 342).

 

Bir sözlə, təhlil olunan əsərin qəhrəmanının zahiri görünüşünün mənzərəsi bu cürdür. Lakin növbəti vəziyyət daha diqqətə layiqdir: Koroğlunun yenilməzliyini və ideal igidin formalaşmasının mistik-kosmik qüvvələrin şərtləndirməsinə baxmayaraq, eposda təkmilləşdirilmiş olaraq, ideya sxem-sima heç də təqdim edilməmişdir; eləcə də əksər hallarda adi insan olaraq bizə göstərilir ki, bu da bir çox layiqli əlamət-xüsusiyyətlərlə yanaşı  zəiflik və qüsurluluqla özünü büruzə verir. Mənim fikrimcə, bu, Koroğlunun şəxsiyyətini daha artıq təəssüratoyadıcı edir və oxucu üçün daha məqbul qəhrəmana çevirir.

 

Hələ Koroğlunun uydurma olmayan, qeyri-təbii yenilməzliyi təsəvvürünə kölgə salması barədə deyək. Giziroğlu Mustafa bəylə onun vuruşmasını xatırlayaq: “Koroğlu qanrılıb geriyə baxdı ki, Giziroğlu uzaqdadır, yoxsa, yaxında, bir də onu gördü ki, təpəsinə bir əmud dəydi. Koroğlu özünü atın üstündə saxlaya bilməyib, təpəsi üstə yerə gəldi, yumbalanıb çaya düşdü. Doğrudur, Koroğlu öz rəqibini nəhayət məğlub edir və onun başını da kəsmək istəyir. Giziroğlu onu əmin edir ki, onunla düşmənçiliyi yox idi, sadəcə, kimin güclü olduğunu ayırd etmək istəyirdi. Koroğlu onu əfv etdi və əl verib, görüşüb, öpüşdülər, dost olub ayrıldılar. Çənlibelə qayıdan Koroğludan isə ziyafət zamanı Nigar xanım soruşdu: “Ay Koroğlu, sən ki, belə iş üzü bilənsən, igidsən, görəsən, bu dünyada sənin kimi ikinci bir adam da var, ya elə anan səni tək doğub?”. Koroğlu sazı əlinə götürür, Giziroğlu Mustafa bəyi tərif edir. Bu dünyaya tək gəlib, hay deyəndə haya basar, huy deyəndə huya basar, Koroğlunu çaya basar, deyə oxuyur” (Bax: “Koroğlu”, səh. 249-250; “ქოროღლი”, səh. 274-275).

 

Bu epizoda uyğun olaraq Koroğlu əvvəlcə məğlub olur, sonra isə qalib gəlir, lakin o, etiraf edir ki, ona üstün gələ bilən Giziroğlu ona bərabər igiddir. Bu etiraf isə Giziroğlunu gözəlləşdirir, bir igid olaraq, igidlik əxlaq məcəlləsinin müdafiəçisi və sədaqətlisi olaraq. Və bu dəfə o, təbii insan olaraq, həqiqi insani xüsusiyyətlərini, ləyaqətini itirməyən biri kimi bizə təqdim olunur.

 

İkinci epizod Koroğlunun təbiətini başqa cür bizə təqdim edir. Burada oğlu Qurdoğlu ilə vuruşması verilibdir. Bu vuruşmanın kəskinliyi və tragizmi odur ki, Koroğlu ona kimi ilk nikahdan sonra olan öz oğlunun olduğunu bilmir. Qurdoğlu isə atasını tanıya bilmir. Müəyyən olunduğu kimi, Qurdoğlu atasının genetik olaraq gücünü alıb və ona qanı qaynayır. O, vuruş zamanı iki dəfə Koroğlunu məğlub edir və onu öldürmür, ona görə ki, bu sonuncu öz adını demir, çünki onun formalaşmış bir qaydası vardı: kim olur olsun, heç bir təqdirdə öz adını deməməlidir. Sonda onun qətiyyətli tələbi ilə keçirilən üçüncü vuruş zamanı Koroğlu Qurdoğlunu məğlub edir və onun başını kəsmək istəyir. Nigar xanım xəncəri onun əlindən alır: “O, səni iki dəfə yıxıb, kəsməyib. Sən onu bir dəfə yıxcaq kəsirsən? Heç namərdlik Koroğlu adına yaraşarmı?” (Bax: “Koroğlu”, səh. 616; “ქოროღლი”, səh. 639). Nəhayət, hər şeyə aydınlıq gətirilir və ata-oğul bir-birinə sarılırlar. Lakin burada bir cizgi diqqəti cəlb edir: Koroğlu çox qəhərlənir və layiq olmayan əməli törətməyə hazırdır, bu da igidliyin sarsılmaz etik qaydasını pozmaqdır ki, onun igidlik adına palçıq atır. Halbuki ləyaqətsizliyin qabağına Nigar xanım durur. Qurdoğlu iki döyüşdə alnıaçıq şəkildə Koroğluya üstün gəlir ki, bu da yenilməzlik mifinin təməlini sarsıdır.

 

Bütün bunlardan o yana Koroğlunun nöqsanı olaraq inadkarlığı, təkəbbürlüyü və başqalarının fikrinə məhəl qoymamağıdır ki, bu da heç də az olmayan hallarda onun özünü pis duruma salır. Məsələn, hiyləgərlik məqsədi ilə Çənlibeldə, guya ki, qonaq olan Əhməd tacirbaşı ceyran kababı istəyir. Koroğlu qonağın istəyini yerinə yetirmək üçün dəliləri Bayazidə göndərir. Dəlilər və xanımlar əmin edirlər ki, ceyran ətindən ötrü bu uzaq səfərə onları göndərməyə dəyməz. Gedərlər, başlarına bir iş gələr.

 

Koroğlu əlini qaldırıb deyir: “Koroğlu sözü bir dəfə deyər. Onlar getməsələr özüm gedəcəyəm. Mən qonağa verdiyim sözdən dönmərəm”. Dəlilər də, xanımlar da gördülər yox, Koroğlunu sözündən döndərmək olmayacaq. Bir də ki, söz verib qurtarıb. Bundan sonra heç döndərmək də yaxşı düşməz. Çar-naçar razı oldular” (Bax: “Koroğlu”, səh. 414; “ქოროღლი”, səh. 436).

 

Təhlil olunan eposun əxlaqi inancına uyğun olaraq, sözü, illah da ki, qonağa verilən sözü yerə salmamaq  bəyəniləsidir, lakin bu sözün yerə salınmaması dəlilərin tutulmasına və zindana salınmasına səbəb olur. Uzaqgörənlik və başqalarının fikirlərini nəzərə almaq yaxşıdır.

 

Daha bir epizodu gətirəcəyəm ki, bununla da Koroğlunun axmaq yerinə qoyulmasına, aldadılmasına səbəb olan onun özünə inamı və bütün yad insanlara inamı özünü yaxşı büruzə verir. Bu halda da qəhrəmanın məğlubiyyətinə səbəb yenə də başqalarının fikrini nəzərə almamasıdır. Özünü ilxıçı kimi qələmə verən, ömrünü-gününü bəy-paşa qapısında çürüdüb ilxıya getdiyini, başının keçəl olduğuna görə heç bir qapıda duruş gətirə bilmədiyini deyən Keçəl Həmzə Koroğluya özünü bəyəndirir. Koroğlu onu Çənlibelə aparır. Dəlilər Keçəl Həmzəni görən kimi Koroğluya dedilər: “Heç əməlli adama oxşamır. Rədd elə getsin. Xanımlar da dəlilərin sözlərini təsdiqlədilər. Lakin Koroğlu onların şübhəsinə, əhval-ruhiyyəsinə şərik olmadı.

 

Məhz elə bu Həmzə əvvəlcə Düratı oğurladı, sonra isə dəyirmanda Koroğlunu elə aldatdı ki, Düratın əvəzinə Qıratı da əlinə keçirdi. Koroğlunun ürəyini daha çox o ağrıtdı ki, dəlilər ondan üz döndərdilər və ona tərəf bir daha baxmadılar, ümumiyyətlə, Çənlibeli tərk etmək istəyirlər. Çünki onların sözü Koroğlunun yanında bir çürük qozdur. Söz Koroğluya acıq gəldi. Bir tərəfdən Qırat əldən getmişdi, bir tərəfdən də Həmzə kimi keçəl onu aldatmışdı. Öz dərdi özünə bəs deyildi, indi də dəlilər belə deyirdilər” (Bax: “Koroğlu”, səh. 292-293; “ქოროღლი”, səh. 333).

 

Lakin işə Nigar xanım qarışdı və sazı əlinə aldı bu sözlər ilə kəskin şəkildə istehza etdi: “Çöldə gəzən boz sərçələr, gülün qədrini nə bilir, sənin kimi başa çatan elin qədrini nə bilir?” Koroğlu öz təqsirini başa düşdü. Üç gün, üç gecə tamam ac, susuz qaldı” (Bax: “Koroğlu”, səh. 294; “ქოროღლი”, səh. 335).

 

Qısası, Koroğlu öz səhvini başa düşdü, lakin özünün özünə inamına görə tez-tez tələyə düşürdü. Bununla əlaqədar Koroğlunun Bolu bəylə sərgüzəştini xatırlamaq olar: Çənlibel qoruğunda yaraqsız-yasaqsız  Koroğlunun üstünü Bolu bəy və onun qoşunu aldırır. Koroğlu hər cür vəchlə əmin etməyə cəhd edir ki, o qoruqçudur. Lakin Koroğlunun mehtəri olan xain Mehtər Murtuz onun Koroğlu olduğunu deyir. Bolu bəy ona nə ilə işgəncə vermədi – gah döyməklə, gah da suda boğmaqla onu sındıra bilmədilər. Koroğlu isə gah mahnı ilə, gah məntiqi mühakimə ilə öz qoruqçuluğunu təsdiq edirdi. Nəhayət, məntiq qalib gəlir və Bolu bəy onu azad edir, Koroğlu getmək istəyəndə Bolu bəy deyir: “İndi  mərdi-mərdana özünü de görək, sən Koroğlusan, ya yox?” Koroğlu da cavab verir: “İndi ki, sən mərdi-mərdana soruşursan, mən də mərdi-mərdana sənə cavab verəcəyəm. Bəli, Koroğluyam”. Bundan sonra söz vermək gəlir ki, Koroğlu mütləq Bolu bəyin yanına düşüb Hasan Paşanın yanına gedir. Çünki Koroğlu igidə layiq olaraq verdiyi sözə əməl edir, lakin əvvəlcə Bolu bəyin qoşununa misri qılıncı çəkir və sonra Bolu bəyə təslim olur. Lakin Bolu bəy şeytancasına və hiyləgərcəsinə ona da nail olur ki, Koroğlunun başını qılıncla yaralayır və qılınc bir neçə barmaq işləyir. Üzü-gözü al-qana boyanmış Koroğlu ona deyir: “Ay namərd! Belə niyə etdin?” Bolu bəy cavab verir: “Elə elədim ki, inansınlar. İndi inanarlar. Mən gəlmişdim sənin ya başını aparam, ya leşini. İndi başını da aparıram, leşini də. Sən Koroğlusansa, mənə də Bolu bəy deyərlər!”

 

Koroğlu bu dəfə də öz səhvini başa düşür və Bolu bəyə belə cavab verir: “Günah səndə deyil, məndədir. Mənə bu da azdır...” Koroğlunun hər yerdən ümidi üzüldü. Bu dar vaxtında Çənlibel, dəlilər, xanımlar yadına düşdü. Qanrılıb belə baxdı, gördü uzaqdan Çənlibelin qoşa təpələri görünür. Ürəyi qubar elədi” (Bax: “Koroğlu”, səh. 510; “ქოროღლი”, səh. 533). Nəhayət, tövbə və barmağını dişləmək gecdir, özünün həddən artıq özünə inanmaqlığı axırda quyuya saldırdı.

 

Doğrudur, Koroğlu igidliyin əxlaq məcəlləsinə uyğun olaraq hər şeyi alnılaçıq yerinə yetirir, lakin bu epizoddan da onun özünə həddindən çox inanmasının ziyan vurduğu aydın görünür. Və ən başlıcası, onun kimi mübariz və təcrübəsi olan insan paşalarla və bəylərlə münasibət zamanı daha çox ehtiyat və diqqət göstərməlidir. Onun özü başa düşür ki, başına gələnlər onun cinayəti deyildir, bu dəfə də o, insani zəiflik göstərir ki, bu da onun yenilməzliyinin əfsanəvi dayağının təməlini dağıdır.

 

Bir sözlə, Koroğlu təkmilləşmiş igiddir, fiziki qüvvəsi ilə, eləcə də zəngin mənəviyyatı ilə fərqlənir. Alicənablığı, sözü yerə salmamağı, lütfkarlığı, mərhəməti ilə, ən başlıcası, səmimi və güclü məhəbbəti ilə tanınır. Eyni zamanda, o, sarsılmaz və mətin döyüşçüdür ki, paşaları, xanları, xotkarları, bəyləri qırıb batırır, yalançı tacirlərə də aman vermir və varlıların əmlakına rüsum qoyur, soyub talan edir. Lakin bu diqqətə layiqdir: Koroğlu dolğunluğun, ideal qəhrəmanın sxem modeli deyildir və adi insanın təbii xüsusiyyətlərini də aşkarlayır. Məhz elə Orta əsrlərin klassik ədəbiyyatı qəhrəmanlarının nöqsansızlığı onları sxematik simaya çevirdiyi simasından fərqləndirir. Düşünürəm ki, məhz elə bu, əsas səbəblərdən biridir ki, Koroğlu Azərbaycan, eləcə də Qafqaz və illah da ki, Orta Asiya xalqlarının sevimli və populyar qəhrəmanıdır. 

(davamı burada)

Gürcü dilindən tərcümə edən:

Mirzə Məmmədoğlu