Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi ilə iki ölkə diaspor təşkilatlarının mövcud əməkdaşlığı daha da möhkəmləndi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən günlərdə rəsmi səfəri daxilində Ermənistanın işğalından azad olunan Dağlıq Qarabağın Şuşa şəhərinə etdiyi səfərdə iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsi diaspor təşkilatlarının mövcud əməkdaşlığını daha da gücləndirdi.
15 iyun 2021-ci ildə Azərbaycanın və türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində iki dost və qardaş ölkə olan Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi əlaqələrin müttəfiqlik səviyyəsinə çıxardılmasının elanı mənasını verir. Bəyannamə eyni zamanda iki ölkə diaspor təşkilatlarına bundan sonrakı ortaq fəaliyyətlərində beynəlxalq hüquq qaydaları çərçivəsində daha əhatəli və sıx əməkdaşlıq imkanı təmin edir.
Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı (YTB) ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlığı beynəlxalq mühitdə reallaşdırılan və reallaşdırılacaq fəaliyyətlərin yol xəritəsi ilə layihələr də Bəyannamə çərçivəsində daha da gücləndi.
ORTAQ PROBLEMLƏRİN ORTAQ HƏLLİ
Türk və Azərbaycan diasporları arasındakı əməkdaşlıq daha möhkəm şəkildə inkişaf etdirilərək ortaq problemlər qarşısında birlikdə hərəkət ediləcək. Bununla bərabər, iki ölkə diaspor təşkilatları Türkiyə ilə Azərbaycanın tanıtımına üstünlük verərək tarixi gerçəklərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayacaq. Şuşa Bəyannaməsi ayrıca Türkiyə və Azərbaycanın regional və qlobal səviyyədə fəaliyyətinin artırılmasında diasporların həyati bir mövqedə olduğunu təkrar qeyd etdi.
TƏK MİLLƏT, TƏK DİASPOR
Mövzuyla bağlı qiymətləndirmələrdə olan YTB rəhbəri Abdullah Eren Türkiyə və Azərbaycan arasındakı birliyi hər sahədə olduğu kimi diaspor sahəsində də gücləndirməyə çalışdıqlarını ifadə etdi.
“Biz bu günə qədər təhsildən tarix və mədəniyyətə qədər iki ölkənin diaspor qurumları olaraq bir çox əməkdaşlıq örnəklərini həyata keçirdik”, - deyən A.Eren Azərbaycanın işğal altındakı torpaqlarını azad etdiyi 44 günlük Vətən Müharibəsində də həm təşkilatın işləriylə, həm də xaricdəki türk vətəndaşlarıyla Azərbaycanın yanında iştirak edib, bütün dünyaya bu mübarizənin haqlılığını çatdırmağa cəhd göstərdiklərini söyləyib.
Qarabağın azaldığı uğrunda gedən savaş əsnasında Bakını ziyarət etdiyini də ifadə edən Abdullah Eren “Azərbaycana səfərimiz çərçivəsində bir daha qardaşlarımıza dəstəyimizi ifadə etmiş, Diasporla İş üzrə Dövlət Komitəsi heyəti ilə bir araya gəlmişdik. Komitə sədri, dəyərli dostum Fuad Muradovla yaxın əlaqə və əməkdaşlığımız var. Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin gözəl örnək olduqları birliyimizə, bərabərliyimizə biz də “Tək Millət, Tək Diaspor” düsturu ilə dəstək olacağıq. Şuşa Bəyannaməsi bu prosesi daha da sürətləndirən tarixi bir hadisə oldu. Xeyirli olsun!”, - deyə ifadə edib.