Gülüş və kədər insanı genetik olaraq özü ilə müşaiyət edir. Başqa cür desək, o insanın bioloji xüsusiyyətidir. Vaxtilə Çarlz Darvin təsdiq edirdi ki, “Gülüş ilk öncə yalnız sevinc və xoşbəxtliyin ifadəsi idi. Biz bunu sanki daim gülən, oynayan uşaqlarda aydınca hiss edirik” (Дарвин Ч., О выражении ощущения у человека и животных, СПб, 1872, стр. 163).

 

Düşündürücü haldır ki, sevinc hissi, istərsə də kədər hissi doğulduğu andaca insanda genetik miras olaraq  əhatə olunur. Bu fiziki və qeyri-mənəvi hiss heyvanları da xarakterizə edir. Məsələn, it əgər nəvaziş göstərirsənsə xoşhallandığına görə zingildəyir, əgər üstünə düşürsənsə, hirsləndirirsənsə, bədxahlıqla sənə hürüyəcək. Pişik də belədir, onu sığallayanda mırıldayır, əgər ona qarşı sırtıqcasına hərəkət edirsənsə, üst-başını cırmaqlayacaq və sair. Nümunələri çox gətirmək olar. Bu isə, bir baxışla, sadə bir şeydən xəbər verir: İnsan öz bədəni etibarı ilə heyvandır və onu heyvandan təkcə ucalan şüurla zənginləşən ruhu fərqləndirir. 

 

Heyranedicidir, lakin faktdır ki, hərdənbir heyvanın instinki insanın hissi ilə bərabərləşir. Üstəlik, daha da mükəmməldir də. Böyük yunan filosofu Aristotelin bizə söylədiyi bir daha diqqətə layiq və heyranedici fakt bundan aydınca xəbər verir: Deyilənə görə, İskit padşahının nəcib madyanı olub ki, bu da bir növ yaxşı ulaqlar dünyaya gətirib. Padşah ən yaxşı cinsin nəslinə sahib olmaq istədiyi ilə ulaqların ən yaxşısını çarpazlaşdırmaq üçün dişi madyanın yanına gətirdi, lakin ulaq ona yaxınlıq vermədi. Halbuki madyanın üstünü keçə ilə örtəndə, ulaq dərhal onun belinə sıçradı və olası şey oldu. Lakin bundan sonra madyanın başından örtüyü çıxaranda, ulaq onu görüb qaçaraq yarğandan özünü atdı (IX kitab, f. 47) (Bax: Латышев В.В., Сведения древних писателей о Скифии и Кавказе, т. I, вып. 2, СПб, 1806, стр. 378). Üzdəniraq azad cəmiyyətdə baş verən faktları xatırlayanda bu fakt daha çox üzücüdür: ana öz gənc oğluna ərə gedir; ata zorakılıq edir, öz qızı ilə cinsi əlaqəyə girir və uşaqlar doğuzdurur, lakin bir çox il keçəndən sonra zorakılığa məruz qalmış qızı azad olmağa nail olur və yardım üçün qardaşına müraciət edir, qardaşı da onu zorlayır. Həyəcan doğurucu və dəhşətli hal odur ki, insanlar cəmiyyəti bunu normal hal kimi hesab edir, bu da şəksiz bir faktdan xəbər verir: insan heyvandan aşağı səviyyədədir!

 

İndi bu normal insan üçün heyranedici faktın başını buraxaq və yenə uşaqların aləminə qayıdaq. Uşaq aləmə gəlişini qışqırıqla-ağlamaqla qarşılayır. Sonra ana döşündən yapışaraq həzz almaq hissini yaşayır. O, tədricən dolğunlaşır və bir insan olaraq formalaşır. Lakin o, hələ uşaq yaşlarında, oynayanda, sərbəst hərəkət edəndə və güləndə, əgər istədiyinə çata bilməyəndə, ağlayır. Müəyyən yaş həddinə çatanda, böyüklər güləndə, o da  təhriklə gülür, halbuki daha sonralar şüur cəhətdən yetkinləşərək ətraf mühiti dərk edəndə artıq gülüş obyektini anlayır və bu hadisənin və əşyanın onu niyə güldürdüyünü ayırd etməyə cəhd göstərir.

 

Ümumiyyətlə, yeniyetmənin öz “mən”ini ətraf aləmdən ayrılmış kimi hesab edəndə onun şüurunun bu pilləsinə yüksəlməsinin konkret olaraq nə zaman baş verdiyini müəyyən etmək çətinləşir, lakin bu dəfə verilən kontekstdə bunun bir əhəmiyyəti yoxdur.

 

Uşağın inkişafının bu ümumi olaraq məlum olan sxemini ona görə nümunə gətirdim ki, o, bəşəriyyətin inkişafını: uşaqlıq yaşlarından həddi-büluğa çatana kimi olan dövrü, ümumiyyətlə, bizə xatırladır.

 

Qısası, insanlar nəslinin əcdadları yenə bioloji səviyyədə, demək mümkündür ki, instinkt olaraq gülürdülər və ağlayırdılar. Lakin sonralar, yenə də ən qədim zamanlarda, insan hələ öz “mən”ini, istərsə də “biz”in əhəmiyyətini dərk edəndə, başqa cür, o dərk edəndə ki, heyvanlardan fərqlənən varlıqdır, bu da təkcə bu böyüklükdə fiziki varlığı təmin etmək və qorumaq iqtidarında deyil, həm də mənəvi səadəti dərk etmək və duymaq istedadına və qabiliyyətinə malikdir. Mənim fikrimcə, budur, bu zaman o, onun o tərəfində qüsurlu və bədxah olaraq mövcud olan qüvvə ilə qarşı-qarşıya gəldi. Onu məğlub etmək üçün daş balta ilə yanaşı gülüşün gücünü də özününkü hesab etdi və ona inandı.

 

Düşünüldüyünə görə, bu ictimaiyyətin inkişafının ilkin primitiv pilləsində baş verməli idi. A.Lunaçarski bu barədə yazır: “Etnoqrafiya bizə öyrədir ki, inkişafın və mədəniyyətin hələ yenə ən primitiv pilləsində mütəşəkkil gülüş mövcud idi ki, bu da onda onunla ifadə olunurdu ki, cins cins ilə qarşı-qarşıya gəlirdi, bir  tayfa o biri tayfa ilə: iki tayfa bir-birlərini gülüş arenasına dəvət edirdi” (“Mnatobi”, 1958-ci il, №5, səh.11).

 

Əgər insanların həyatını ümumi spektrdə təsəvvür etsək, onda onun sadəcə olaraq iki əks anlayışla – narahatlıq və sevinclə mövcud olduğu fikrinə gələ bilərik. Yəni tezis və antitezis arasındakı əlaqə insan həyatının adi gözlə dərk edilən mahiyyətini yaradır. Gəlin müdrik Sokratın bizə nə dediyini xatırlayaq: “Nə qəribə şeydir, insan, bizim ona zidd olduğunu düşündüyümüz şey – kədər. İnsanda hər ikisi bir-birinə sığmaz, amma birinə can atıb qəbul edərsə, o birini də qəbul etməyə məcbur olur, sanki birinin başı doğrudan da digərinə bağlıdır. Və mən hesab edirəm ki, Ezop bu haqda düşünsəydi, belə bir şeir yaradardı: Tanrı bu iki ziddiyyət hissini sülhlə bağlamaq istəyirdi, ancaq onları uclarından bağlaya bildi. Buna görə də birindən sonra labüd olaraq o birisi gəlir. “Göründüyü kimi, içimdə də bu indi baş verir”, – deyə o davam etdi, – “Bayaq ayaqlarımı qandallar gəmirirdi və məni narahat edirdi, indi isə sevinc kədəri əvəz etdi” (Platon, Fedon, Qədim yunan dilindən  tərcümə və qeydləri əlavə etdi Baçana Breqvadze, Tbilisi, “Nakaduli”, 1966, səh.8).

 

Odur ki, insan təbiəti-xarakteri əhval-ruhiyyəyə uyğun olaraq dəyişkəndir ki, bunu da əsasən obyektiv olaraq  mövcud olan amillər əmələ gətirir, o ya gülür, ya ağlayır. Əgər məntiqin zəncirinin arxasına düşsək və ümumiləşdirsək, o nəticəyə gələrik ki, həyat-yaşayışın strukturu-tezis-antitezisin bir-birini əvəz etməsi ilə yaradılmışdır. Elə bunu Platonsayağı həyat tərzinin modelinin mifoloji planda əmələ gəlməsi də təsdiqləyir ki, bu da həyatı bizə təsvir edir, daim hərəkət edən top formalı dəyirmi disk kimi, iki göz – biri gülən və o biri ağlayan, elə ki, gözəlləşdirir və hərəkət edən zaman gah biri yüksəlir, özünü göstərir, gah da o birisi.

 

Elə burada unutmamalıyıq ki, “Fedon” əsərində ölümün neqativ duyğusuna xitam verməyə və onun müsbət çalarlarını üzərə çıxartmağa cəhd göstərəndə, fəlsəfi düşüncənin təkamül yüksəlişi ideya, ilahi aləmə doğru yönəldiyindən, bu təəccüblü deyildir. Buna görə də elə həmin “Fedon” əsərində Platon bizə nəql edir: “Kişilər üçün... bütün həyatı boyu fəlsəfəyə təmənnasız xidmət edən kəslər ölüm və ölümə hazırlıqdan başqa heç nədir” (Elə orada, səh. 15).

 

Platon gülüş  və kədərin (ağlamağın), insanların bu bioloji özünü biruzə verməsinin köklərini ümumiləşdirilmiş səviyyədə həyat və ölüm kateqoriyaları ilə: tezis-antitezis struktur qarşılıqlı münasibət ilə əlaqələndirir. Nəhayət, onun məqsədi, ən başlıcası, cismani həzzə əsaslanan həyatın ikonasını ucuzlaşdırmaq, onun vaxtında da bədəndən ayrılan ruhun dolğun səfa xoşbəxtliyə çatan ölüm anlayışını ucaltmaqdır. Bir sözlə, həyat gülüş və ağlamağın qarışığıdır və bu iki modus, gülüş və ağlamaq daim bir-birini əvəz edir.

 

(davamı burada)

Müəllif: Elizbar CAVELİDZE

Gürcü dilindən tərcümə etdi:

Mirzə MƏMMƏDOĞLU