Şair Məmməd Həsənlinin “Açın bu qapını” adlı şeirlər kitabı işıq üzü görüb. Kitabda Məmməd Həsənlinin seçmə şeirləri toplanıb. Məmməd Həsənli imzası 80-ci illərdən müxtəlif ədəbi mətbuat orqanlarından oxuculara tanış olsa da indiyədək şairin şeirləri kitab şəklində nəşr olunmamışdı. “Açın bu qapını” şairin ilk şeirlər toplusudur.
“Yeni Yol” xəbər verir ki, kitab Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin seriyasından olaraq Tbilisidə “Mtsiqnobari” nəşriyyatında çap olunub. 150 səhifədən ibarət toplunun redaktoru Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin sədri Allahverdi Təkləlidir.
Xatırladaq ki, Məmməd Həsənli 1952-ci ildə Qardabani (Qarayazı) şəhərində anadan olub. 1974-cü ildə Bakı Politexnik Texnikumunu bitirib. Qardabani şəhər 47 saylı texniki peşə məktəbində müəllim işləyib.
Məmməd Həsənli 80-ci illər nəslinin istedadlı nümayəndələrindəndir. Vaxtilə şeirləri “Ulduz” və “Azərbaycan” jurnallarında, “Ədəbiyyat və incəsənət”, “Gürcüstan” və “Samqori” qəzetlərində, həmçinin “Çeşmə” və “Dan ulduzu” ədəbi toplularında işıq üzü görüb.