NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK

(Türk folklorunun estetikası və mənəvi əqidəsi)

 

 Elizbar CAVELİDZE

 

 

Gətirilən epizodda oğuzlar tərəfindən ənənəvi olaraq qəbul edilən qadın tipi daha aydın şəkildə özünü büruzə verir: O, igid oğuz kimi cıdıra çıxmalı, onun səviyyəsində ox atmalı və ən başlıcası, igidi yıxmağa gücü də çatmalıdır. Ərindən erkən qalxan, ondan öncə atın belinə atılan və ərinə düşməninin vurulmuş başını gətirən həmfikir və dostu tapmaq həyat yoldaşı kimi bəyəniləsidir. Müəyyən olunduğu kimi, qadının estetik-əxlaqi dəyərləndirilməsi bir o boyda gözəlliyi ilə və sədaqətliliyi ilə deyil, eləcə də oğuz bəylərinin şəksiz, qabiliyyət və xüsusiyyətinin olduğu cəngavərlik, igidlik xüsusiyyətləri ilə baş verirdi. Amazonka qadınlarının döyüş qabiliyyəti ilə və istedadı ilə bəzənmiş qadınlar qədim oğuz ənənələrinə uyğun olaraq estetik qavrayışın ideal və praktiki həyatın şah dirəyini təşkil edirlər.

 

İndi, yenə süjetin inkişafına qayıdaq. Bu dəfə nikaha Banuçiçəyin qardaşı – Dəli Qarçarın maneçilik törətdiyini görürük. Qızı istəməyə gedənləri Dəli Qarçar öldürür. Yardım üçün və vasitəçilik üçün Dədə Qorquda müraciət edirlər. O da razılaşır, amma iki at: keçi başlı Keçər ayğırı, toğlu başlı Turlı ayğırı gətirin, -deyir. İş qaçmağa gələndə birinə minər, birisini də yedəkləyər. Bu kiçik cizgi də yenə qədim oğuz atçapma ənənəsinə işarə edir.

 

Dədə Qorqud ağzı köpüklənən Dəli Qarçar ilə qısa söhbətdən sonra durmadı, oradan uzaqlaşdı. Dəli Qarçar onun arxasınca düşdü. Qorqud bir atı yorulanda o biri ata sıçrayıb mindi. Lakin Dəli Qarçar ona çatdı. Qılıncını sıyırdı və onun başını yarmaq istəyirdi. Qorqud: “Çalırsan, əlün qurısun!” - dedi. Doğrudan da onun qılınc tutduğu əli yuxarıdan asılı qaldı. Bu zaman o, Dədə Qorquda yalvararaq əlimi sağalt və bacımı Bamsı Beyrəyə verərəm, - dedi. Dədə Qorqud üç dəfə dua eylətdi, günahına tövbə eylətdi. Dəlinin əli sağaldı. Lakin Dəli öz bacısının əvəzinə min maya görməmiş buğra, min qısrağa sıçramayan ayğır, min qoyun görməmiş qoç, min quyruqsuz-qulaqsız köpək və min yetkinləşmiş birə istədi.

 

Yerinə yetirilməsi demək olar ki, mümkün olmayan bu cür satınalma ayıblı niyyət idi. Halbuki Dədə Qorqud  Bayındır xanı Dəlinin tələbi ilə tanış edəndə bu sadalama yenə təkrar olunur, bu da onu göstərir ki, bu sadalama süjetin inkişafı üçün mühüm cizgidir.

 

Xan Dəli Qarçarın dediklərinə əməl etməyə məcburdur. İlk üçünün yerinə yetirilməsini öz üzərinə götürür, son ikisini isə Dədə Qorqudun yerinə yetirməsini hesab edir. Bu bir daha ondan xəbər verir ki, Dədə Qorqud yalnız ozan deyildir. Doğrudan da, bu epizoda uyğun olaraq o, möcüzə yaradandır, eyni zamanda bacarıq və hiyləgərliyin böyük qabiliyyətini göstərir. Ona qılıncla qalxan əli qurudur və dua ilə onu sağaldır. Lakin bu dəfə mənim üçün o əhəmiyyətlidir ki, onun quyruqsuz-qulaqsız köpəklərin və birələrin toplanılması ilə bəyan olunan üzdəniraq “möcüzəsi” bir növ komik və gülməli mənzərə ilə təsvir olunur.

 

Aydındır ki, ozan bunu bilərəkdən yaradır, Dəli Qarçarı kinayə ilə acılamaq oxucuda, istərsə də dinləyicidə gülüş doğurur. Qeyd etmək lazımdır ki, bu rəvayətdə başqa yerdə də fəaliyyətdə olan qəhrəman gülüşün gücünə müraciət edir – bu barədə aşağıda danışacağam.

 

Qısası, Dəli Qarçar Bayındır xanın ayğırlarını, buğralarını və qoçlarını görəndə xoşuna gəlir, lakin itlərə baxanda qəh-qəhə ilə gülür və sonra birələri soruşur. Dədə Qorqud onu birələrin olduğu bir yerə aparır və deyir: “Kökləri özün seç, arıqları su apardı”. Sonra Dəli Qarçarı çılpaqladı, ağıla atdı və qapını bağladı. “Birələr Dəli Qarçara üşdilər. Gördi bacarı bilməz, aydır: Mədəd, Dədə! Kərəm eylə, Allah eşqinə qapuyı aç, çıqayın!” - dedi.

 

Dədə Qorqud rahatca cavab verir: “Qarçar, nə qarğaşa edərsən? Götür, bu ismarladuğın nəsnədir. Noldun, böylə bunaldın? Simüzin al, aruğın qo!”.

 

Dəli Qançar acışmış halda deyirdi: “Hay Dədə Sultan, Tanrı bunun simüzin də alsun, aruğın da alsun! Haman bəni qapudan tışarı eylə, mədəd!”. Dədə qapuyı açdı. Dəlü Qarçar çıqdı. Dədə gördi kim, Dəlünin canına keçmiş başı qopusı olmuş, gövdəsi birədən görünməz. Yüzi-gözi bəlürməz. Dədənin ayağına düşdi: “Allah eşqinə, bəni qurtar - dedi. Dədə Qorqud “Var, oğul, kəndün suya ur” - dedi. (D.D.K., səh. 71; D.D.K., səh. 40; O.D.D.K.K., səh. 80).

 

Çılpaqlaşdırılmış Dəli Qarçarın birələrin acışdırdığı bu gətirilən epizod, ələlxüsus isə işgəncə verilmiş Dəlinin yalvar-yaxışı və Dədə Qorqudun dinc, rahat, kinayə qarışıq cavabları ən yaxşı komik effekt yaradır ki, bunun da türkdilli qəhrəmanlıq eposunda tayı-bərabərini bilmirəm. Demək olar ki, dolğun kinayə ilə dolu olan bu mənzərənin bənzəri dünya xalqları folklorunda da nadir hallarda rast gəlinir.

 

Nəhayət, Dəli Qarçar yenə Dədənin sayəsində suya yollanır və birələrdən özünü xilas edir.

 

Bundan sonra xəyanət və satqınlığı önə çəkən yeni motiv gəlir. Bu epizod oğuzların evlənməsinin qədim adətinin xatırlanması ilə başlayır: “Oğuz zamanında bir yigit ki, evlənsə, ox atardı. Oxu nə yerdə düşsə, anda gərdək dikərdi” (D.D.K., səh .82; D.D.K., səh. 52; O.D.D.K.K., səh. 93).

 

Bu oğuz adəti evlənmə zamanı ox atmaq və bu oxatmadan sonra evlənmək, müəyyən olunduğu kimi,  ümumiyyətlə, Şərqin, eləcə də Qərbin xalq folklorunda geniş yayılmışdır.

 

Bamsı Beyrək də bu cür davranır. Onun atdığı oxun düşdüyü yerdə gərdək qurdurdu. Təminat və nişanə olaraq adaxlısı ərgənlik bir qırmızı qaftan göndərdi ki, bunu da Beyrək geyindi. Yoldaşlarına bu xoş gəlmədi və hirsləndilər. Özlərinin hirslənmək səbəbini də söylədilər: Sən qırmızı qaftan geyərsən, biz isə ağ qaftanda gəzək. Onların hirslənməsi məntiqi olaraq bəraət qazandırıcı deyildir. Qırmızı qaftan nişanlanmaq əlamətidir və buna görə yoldaşları niyə hirslənməli idilər. Lakin göründüyü kimi, burada onların hirslənməsi davranış məntiqi ilə deyil, eləcə də insan üçün adi xüsusiyyət kimi izah olunur ki, bunu da həsəd adlandırmaq olar – “Başqasının sevinci səni kədərləndirirsə, bu həsəddir”. Məhz elə bu paxıllığa görə Beyrək xəyanətin qurbanı oldu.

 

Burada Beyrək necə bir ləyaqətli cəngavərin siması olaraq özünü büruzə verir. O, yoldaşlarını sakitləşdirir və təklif edir: Bu gün mən geyinərəm qırmızı qaftanı, sonra naib və sonra qırx gün ərzində sıra ilə geyərsiniz və nəhayət, qərib dərvişə verək, - dedi.

 

Lakin tale üzüdönükdür, kafirlərin cəsusu bunları cəsusladı və Bayburd qalasının bəyinə xəbər verdilər ki, Baybicən bəy öz qızını Beyrəyə verir və bu gün gərdəyə girir. Bu lənətə gəlmiş də yubanmadan yeddi yüz kafirlə qəflətən gərdəyə hücun etdi və 39 igidlə bərabər Beyrəyi dustaq edərək apardılar.

 

İşıqlandı, günəş doğdu. Beyrəyin ata-anası gördülər ki, onların oğlu daha görünmür və gərdək də yerlə yeksan edilib. Ah-nalə etdilər, yasa batdılar, Beyrəyin yeddi bacısı “ağ çıqardılar, qara donlar geydilər”.

 

Beyrəyin nişanlısı da bu xəbəri eşitdi, ağ qaftanını soyundu, qara qaftanı geyindi və üzünü çıraraq acı-acı ümidinə ağladı. Qısası, oğuz bəyləri yasa batdılar.

 

16 il keçdi. Beyrəyin ölüsünü-dirisini bilmədilər. Nəhayət, Dəli Qarçar Bayındır xanın divanına gəldi və diz çökərək dedi: On altı il keçdi. Beyrək sağ olsa idi ya özü gələrdi, ya da bir xəbər verərdi. Hansı igid onun diri xəbərini gətirsə, qızılla bəzənmiş paltar-çuxa, altun-aqça verərdim, ölü xəbərini gətirənə bacımı verərdim. Bunu lənətə gəlmiş Yalançı oğlu Yırtacuq eşitdi, Beyrəyin bağışladığı köynəyi qana batırdı və xanın önünə qoydu: Beyrəyi Qara Dərbənddə öldürüblər, bu da onun ölümünün subutu. Köynəyin Beyrəyə mənsub olduğunu Banuçiçəyin yanında yoxladılar. O, köynəyi tanıdı. Payız alması kimi qırmızı yanaqlarını cırdı. Hamı Beyrəyin qayıtması ümidini itirdi. Yırtacuq kiçik düyün eylədi. Böyük toyun da vaxtını təyin etdilər. Yenə bəzirganlar işə qarışırlar və kafirlərin  kef məclisi qurduğu, Beyrəyə də qopuz çaldırdıqları Bayburt qalasına gedirlər. Beyrək bəzirganları tanıyır və bəylərin, valideynlərin, öz nişanlısının halını soruşur. Bəzirganlar elə mahnı ilə cavab verirlər. Hamı yaxşdır, deyirlər. Yalnız sənin Banuçiçəyin kiçik düyün  eylədi. Böyük düyünün vədəsini müəyyən edib və əgər vaxtında getməsən Yalançı oğlu Yırtacuq aparacaq.

 

Beyrək arvad alacağına and içdiyi kafirlərin bəyinin qızının yardımı ilə qaladan çıxdı və yolda otlayan boz ayğırı gördü. O, öz sahibini tanıdı və şaxə qalxaraq kişnədi. Ona minən igid geri qayıtdı. Qalanın qapısına gəldi və qala qoruyucularına öz otuz doqquz igidini əmanət etdi və hədələdi: “Birin əskik bulsam yerinə on öldürəyim, onın əskik bulsam, yerinə yüzin öldürəyim, mərə kafir!”-  dedi və atını mahmızladı. Qırx nəfər kafir onun arxasınca düşdü, lakin ona çata bilmədilər. Bu dəfə də Beyrək həqiqi igidə yaraşan hərəkət edir – dostlarını ümidsiz qoymur.

 

Yolda ona əvvəlcə toya tələsən ozan rast gəlir. Qopuzun əvəzinə atını ona verir. Sonra görür ki, yolda bir neçə çoban ağlayır və durmadan daş yığırlar. Onun gözünə sataşır. Soruşur və məlum olur ki, onlar onun düşmənini daş-qalaq etmək istəyirlər. Onlara xeyir-dua verir və yoluna davan edir. Bu dəfə də çobanların  sədaqətli, xəyanət etməyən və etibarlı insanların tipik siması olaraq özünü büruzə verir.

 

Sonra Beyrək bacılarına baş çəkir və ozan libasında düyünə gəlir. Ənənəyə görə, düyündən öncə oğuz bəyləri bir-birilə oxatma üzrə yarışırdılar. Ox atana Beyrək əlin var olsun deyirdi, lakin kürəkən atanda, əlin qurusun, barmaqların çürüsün, hey, donuz oğlu, donuz, - deyirdi. Sənə düşərmi bu cür sözləri söyləmək? Gəl, mənim yayımı çək, yoxsa başını vuraram, - dedi. Beyrək yayı aldı, çəkdi. Qəbzəsindən yay iki para oldu. Götürüb önünə tulladı. Yalançı oğlu Yırtacuq daha da hirsləndi və gedin, Beyrəyin yayını gətirin, - dedi. Beyrək yayı görəndə, yoldaşlarını andı, ağladı. Nişangah olaraq kürəkənin üzüyünü qoyun, - dedi. Qoydular, nişan aldı, üzüyü ortadan iki böldü. Oğuz bəyləri bunu görəndə əl çalaraq gülüşdülər. Bunu görən Qazan bəy ozanı çağırdı, o da gəldi, Qazanı tərif etdi və şərəfləndirdi. Qazana onun tərifi xoş gəldi və soruşdu ki, məndən nə diləyirsən? Beyrək yeməklər hazırlanan yerə getdi. Özü yaxşıca doyunca yeyəndən sonra oraları alt-üst etdi.

 

Beyrək zurnaçıları, nağaraçıları qovdu. Bəzisini döydü, bəzisinin başını yardı.

 

Qazan bəyin xatunu əvvəlcə onun ədəbsizliyini gördü və sonra ondan nə istədiyini soruşdu. Beyrək tələb edir ki, ərə gedən qız qalxsın, oynasın, mən də qopuz çalım.

 

Burada “Dəli ozanı” məsxərəyə qoymaq istədikləri səhnə yaranır. Onlar ozanın Banuçiçəyi tanımaması ümidi ilə bir xatun, Qısırca yengəni onun əvəzinə buraxırlar. Beyrək onu tanıyırdı və belə oxudu:

 

“And içmişəm qısır qısrağa bindigim yoq.

Binübəni qazavata varduğım yoq.

Eviniz ardında sarvanlar

Sana baqar onlar,

Buldır-buldır gözlərinin yaşı aqar.

Sən anlarun yanına varğıl,

Muradını anlar verər, bəllü bilgil!

Səninlə mənim işim yoq!

Ərə varan qız qalqa,

Qol saluban oynaya,

Mən qopuz çalam, - dedi” (D.D.K., səh .83; D.D.K., səh. 53; O.D.D.K.K., səh. 94).

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU