NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK
(Türk folklorunun estetikası və mənəvi əqidəsi)
Elizbar CAVELİDZE
Növbəti “Qanlı Qoca oğlu Qanturalı boyu” yenə eposun geniş yayılmış mövzusuna – oğlan və qızın evlənməsinə aiddir.
Qanlı Qoca qərara gəldi ki, nə qədər canı sağdır oğlunu evləndirsin. Oğul atanın sözünə baxdı. Lakin oğlu elə bir qız istədi ki, o yerindən durmadan o durmuş olsun, o qaraquc atına minmədən o minmiş olsun, o qanlı kafir elinə getməmiş, o gedib ona baş gətirmiş olsun. Burada oğlanın bu tələbi onunla diqqətə layiqdir ki, o sözbəsöz Baybörə bəyin oğlu Bamsı Beyrəyin əhvalatında bəyan edilib və bunun barəsində atanın da cavabı bir az dəyişikliklərlə verilib: “Oğul, sən qız istəməzmişsən, bir cilasun-bahadır istərmişsən, anun arqasında yeyəsən, içəsən, xoş keçəsən”. Bu ondan xəbər verir ki, bizim işimiz bədii qanunla və odövrkü ictimaiyyətin etik baxışı ilə bəyənilmiş işlənib hazırlanmış tipik model ilədir. Elə burada vurğulayacağam ki, bu cür möhkəm növ obrazların və dəyişməz mənzərələrin təkrarı, dəfələrlə qeyd etdiyim kimi, Dədə Qorqudun bədii quruluş və srtukturunun əsaslarının əsasıdır.
Qısası, əvvəlcə oğlu qız axtarmağa getdi. İç Oğuzu gəzdi və layiq olanı tapa bilmədi. Sonra ata axtarır gəlini, İç Oğuzu, Daş Oğuzu dolaşdı və nəhayət Trabzona tərəf üz tutdu. Tarixçilərin verdiyi məlumata görə, bu yerlər, qeyd etmək lazımdır ki, kralın gözəl qızları ilə məşhur idi. Onların gözəlliyi barədə əfsanələr də dolaşırdı. Bununla əlaqədar V.Bartold qeyd edir ki, çərkəz, gürcü, erməni və türkmən cəngavərlər və şahzadələr dağlarda tikilən qalalar şəhərinə məmnuniyyətlə tez-tez gedirdilər və böyük Komnen krallığına qonaq olurdular. Müsibətlərdən sovuşmaq üçün Trabzon feodallarının gözəl qızları ilə evlənirdilər. Məhz elə bu epizod da bu gerçəkliyin gərək ki, əks-sədasıdır.
Trabzon təkurunun bir gözəl-göyçək, yaraşıqlı qızı varmış. Gözəlliyindən başqa bir növ püxtələşmiş oxatan və atçapan döyüşçü idi. Lakin atası kim quduz aslanla, qara buğa və qara dəvə ilə vuruşsa, məğlub etsə, öldürsə qızını ona verəcəyini vəd etmişdir. Məğlub edə bilməyənin başını vururdu.
Bütün bunları ata oğluna danışır. Oğlu da bu üç vəhşi heyvanla savaşmaqla öz istəyinə nail olmaq qərarına gəlir. Ata oğlunun başına nəsə gəlməsindən qorxur və “yaramazlıqlar krallığına” getməməyi məsləhət görür. Məsləhət görür ki, geri qayıtsın, ağsaqqal atasını, ağbirçək anasını kədərləndirməsin. Lakin oğlan atasının məsləhətinə təəccüb edir və odur ki, cavab verir: “Baba, bu sözi sən mana diməmək gərək idin. Çünki dedin, əlbəttə varsam gərək. Başıma qaxınc, yüzümə toxınc olmasın. Qadın ana, bəğ baba, əsən qalun!” O, özünün qırx igidini yanına alıb yola düzəldi. Kafirlər yeddi ağac məsafədə irəli gəldilər və ondan soruşdular: “İgid, de görək niyə gəlmisiz?”. “Verişməğə-alışmağa gəldik”, - dedilər. Hörmət-izzət elədilər. Ağ çadır qurdular, iri xalı döşədilər, ağ qoyunlar kəsdilər, yeddiillik al şərab içirdilər”...
Qız meydanda tikilən bir köşkdən arenaya baxırdı. Qanturalı gözəl və dolğun igid idi. Oğuzlar arasında dörd igid niqab gəzdirirdi, onlardan biri Qanturalı idi. O niqabı üzündən götürəndə qızın “daraqlığı boşaldı, kedisi mavladı, avsal olmuş dana kibi ağzının suyu axdı”...
Savaş məqamı yetişdi. Onun dostları ağlayırdılar. Qanturalı deyir ki, ağlamaqdan qopuzu gətirməyiniz yaxşıdır, tərifləyin, gümrahlandırın məni. Doğrudan da hər üç savaşdan öncə dostlar mahnılarla öz qəhrəmanını gümrahlandırırdılar. Bu tamamilə yeni baxışla qəhrəmanla onun dostlarının əlaqələrini büruzə verir. Burada savaşdan öncə mahnı ilə onun savaş qabiliyyətini artıran ürəkləndirmə onu göstərir ki, bədii söz, mahnı, istərsə də musiqi döyüşçünün əhval-ruhiyyəsini yüksəltmək üçün mühüm rol oynayırdı. Bu əhval-ruhiyyə isə bir tərəfdən qəhrəmanın özünə, ikinci tərəfdən isə, mənəvi ucalığa, yüksəlişinə səbəb olması üçün oxucuya, istərsə də dinləyiciyə qarşı yönəldilmişdir (Bax: Fallmeyer J.Ph., “Gesshichte des Kaisertums von Ttapezunt”, München, s.100).
Qısası, dostların bu mahnısı ilə döyüşən Qanturalı üç heyvanı məğlubiyyətə uğradır və onların dərisini qızın atasının qabağına gətirir. Ata da kişi kimi sözünün üstündə duraraq qızı Selcan xatunu böyük təmtəraqla Qanturalının gərdəyinə apararaq yanına salır. Lakin Oğuz igidi dedi: “Yer kimi çatlayım, torpaq kimi sovrulum, qılıncımla doğranım, oxuma sancılım, oğlum doğulmasın, doğularsa on günlük olmasın, əgər bəy atamın və xanım anamın üzünü görməmiş bu otağa girib yatsam”. Göründüyü kimi, oğuzların ənənəsi belə idi: əvvəlcə ata-ana oğlanlarının xeyir-duasını verməli idi, yalnız bundan sonra onun gərdəyə girmək ixtiyarı var idi. Bu cür qayda bir daha ondan xəbər verir ki, oğuzlarda valideynlərə qarşı böyük hörmət-izzət hökm sürürdü. Ümumiyyətlə, gərdəyə girmək etik baxışdan olduqca böyük dəyər idi. Beyrəyin hərəkətini xarıtlayaq. O, öz dostlarını əsirlikdən xilas etməyincə gərdəyə girmir. Və yaxud da Beyrəyə nişanlısı “gəl murada yetişək, irəli baxmaq lazım deyil” deyəndə Beyrək rədd cavabı verir, “kim bilir bizi hansı tale gözləyir” deyir. Bu isə taleyin nəzərə alınmasından və onların əlaqələrinin çətin durumda sınağından başqa artıq bir bir şey demək deyildir.
Elə burada Qanturalının əhdi-andı diqqət çəkir ki, bu da oğuzlarda geniş yayılan və qaydaya düşmüş formanı daşımasıyla özünü göstərir.
Qısası, Qanturalı Selcan xatunun müşayiəti ilə valideynlərini sevindirmək üçün hərəkətə keçir. Yolda gözəl bir çəmənlikdə, gül-çiçəkli bir yerdə dincəlmək üçün dayandılar. Yedilər, içdilər. Qanturalının yuxusu gəldi. Dədə Qorqud qeyd edir ki, “o zamanlar Oğuz igidlərinə nə bəla gəlirdisə, yuxudan, yatmaqdan gəlirdi”. Qeyd etmək lazımdır ki, bir bədbəxtlik səbəbi olaraq ta qədimdən üzü bu yana müxtəlif xalqların şüurunda müxtəlif interpretasiya ilə dərk edilib və bərqərar olunub. Selcan xatunu şübhə bürüdü: “Mənim aşiqlərim çoxdur. Birdən xəlvətcə gəlib, igidimi tutub öldürərlər. Ağ üzlü mən gəlini tutub yenə ata-anamın evinə apararlar!” Buna görə də Qanturalının atını gizlicə yəhərlədi. Özü də altdan yaraqlanıb üstdən geyindi. Süngüsünü əlinə aldı, bir yüksək yerə çıxıb gözlədi.
Doğrudan da onun atası deyəsən peşman olmuşdu. “Elə üç heyvan öldürdüyü üçün təkcə, bircə qızcığazımı aldı getdi”, - deyə fikirləşdi. Gizlincə qara donlu, göy dəmir qılınclı, altı yüz kafir seçdi. Qız anladı ki, onlar hücum etməlidirlər. Baxdı, lap irəli gəlmişdilər. Atını oynadıb, Qanturalının üstünə gəldi. Ona dedi: “Qafil olma, qara başını qaldır, igid! Ala-qıyma, gözəl gözünü aç, dur, igid! Qolların və ağ əllərin bağlanmadan…” O da oyandı. Hər ikisi mübarizəyə qoşuldular. Xatun düşmənə hücuma keçdi. Onlar da qaçdılar. Düşündü ki, düşmən məğlub olub. Çadıra qayıtdı. Lakin Qanturalını heç yerdə görə bilmədi... Bu zaman Qanturalının valideynləri də gəldi. Oğullarını görməyəndə ağlamağa başladılar. Selcan xatun yüksək bir yerə gəldi. Gördü ki, Qanturalının atını oxlamışlar, özü də ki, yaralanmışdır. Kafirlər qılınc siyirib üstünə toplaşır, o isə onları qabağına qatıb qovur. Bir bölük qaza şahin girən kimi kafirlərin üstünə at saldı. Qanturalı baxdı gördü ki, kim isə düşməni qabağına qatıb qovur. Selcan olduğunu bilmədi, qəzəbləndi. Burada onlar arasında deyişmə baş verir. Oğlan ondan soruşur, kimsən sən, mənim düşmənimin üstünə məndən heç nə soruşmadam hücum etdin.
“Qalxıb yerindən duran igid, nə igidsən? Qarayallı Qazlıq ata minən igid, nə igidsən? Qəfildən başlar kəsən, izinsiz döyüşə girən igid, nə igidsən. İzinsiz döyüşə girmək bizim eldə eyibdir. Çıx, get! Qızılquş olaraq uçummu?” Qanturalı anladı ki, bu düşməni basıb-dağıdan Selcan xanımdır. Hər ikisi birlikdə düşmənə qarşı hücuma keçdi və düşmən məğlun oldu. Selcan xanım Qanturalını ata mindirib, yedəyinə aldı, geri qayıtdı. Yolda gedərkən Qanturalı öz-özünə fikirləşdi: Selcan xanım, yerindən qalxıb-durub, Qarayallı Qazlıq atıma minib, atamın ev-eşiyinə gələndə, Oğuzun ala gözlü qız-gəlini biləndə, ətrafına yığışaraq güləndə, hər kəs öz sözünü söyləyəndə, sən də durub öyünəsən, “Qanturalı yaralıydı, at belinə aldım, çıxdım” deyəsən! Gözüm doydu, könlüm döndü, öldürürəm səni! - dedi.
Selcan xanım işin nə yerdə olduğunu bilib, söyləmiş, görək, xanım, nə söyləmişdir:
“Bəy igid, ögünərsə, ər ögünsün, aslandır!
Ögünməklik övrətlərə böhtandır.
Ögünməklə övrət ər olmaz .
Ala yorğan içində səninlə dolaşmadım.
Datlu damaq tutubanı soruşmadım.
Al duvağım altından söyləşmədim.
Tez sevdin, tez usandın, qavat oğlu, qavat!
Qadir Allah bilür ki, mən sana munisəm, yaram, qıyma mana! (D.D.K., səh. 123; D.D.K., səh. 95; O.D.D.K.K., səh. 145).
Oğlan öz sözündən dönməyir. Qız da hirslənir və deyir: “Ay əbləh oğlu, əbləh! Mən aşağı qulpa yapışıram, sən yuxarı qulpa yapışırsan. Ay əbləh oğlu, oxla ya qılıncla vuruşursan? Bəri gəl, danışaq!”. Atını sürüb bir yüksək yerə çıxdı. Oxqabından doxsan oxunu yerə tökdü. İki ox seçib, dəmir ucluqlarını çıxardı. Birini gizlətdi, birini əlinə götürdü. Dəmir ucluqlu oxla atmağa ürəyi gəlmədi. Dedi: “İgid, oxunu at!” Qanturalı dedi: “Qızların yolu birincidir, əvvəlcə sən at!”. Qız bir oxu elə atdı ki, Qanturalının başındakı bit ayağına yıxıldı. Qanturalı ox atmadı, irəli gəlib Selcan xanımı qucaqlayıb barışdı, öpüşdülər. Qanturalı onu mədh etməyə başladı:
“Yalab-yalab yalabıyan incə donlum!
Yer basmayıb yürüyən
Qar üzərinə qan dammış
kibi qızıl yanaqlım!
Qoşa badam dar ağızlum!
Qələmçilər çaldığı qara qaşlım!
Qurması qırq tutam qara saçlım!
Aslan uruği, sultan qızı,
öldürməyə mən səni qıyarmıdım?!
Öz canıma qıyam, mən sana qıymayam;
Mən səni sınardım”, -dedi.
Bu o portretdir ki, bununla da az-çox fərq ilə Oğuz xalq aşiqanə poeziyasında və ələlxüsus Dədə Qorqud boylarında bizə təqdim olunur. Sonra Selcan xatun da bir neçə sözlə mahir oxatan və ovçu olaraq öz-özünün portretini çəkir...
Nəhayət, hər ikisi – oğlan da, qız da bəyan edirlər ki, onlar yalnız sınaq üçün döyüşdülər və bir-birlərini öldürməyi özlərinə rəva görə bilməzdilər.
Bu boy da xeyirxahlıqla bitir. Böyük toy edilir. Yenə Dədə Qorqud gəlir, bu dünyanın faniliyini, ölümün labüdlüyünü xatırladır, onlara xeyir-dua verir, şərəfləndirir və boy boylayır, soy soylayır.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU