Elizbar CAVELİDZE
(əvvəli burada)
Yuxarıda artıq qeyd etdim ki, ümumiyyətlə, folkloru və xüsusən qəhrəmanlıq eposunu stereotip ifadələrin, möhkəm struktur həcmlərinin, ifadələrinin, istərsə də formulların təkrarlanması xarakterizə edir. Bu baxımdan təhlil olunan eposda ilk növbədə süjetin ziqzaqvari inkişafının, daha doğrusu, bir epizoddan o birisinə keçmənin identik, möhkəm frazeologiyası, istərsə də ifadələri diqqət çəkir. Bu barədə artıq yuxarıda söhbət açdım və bir neçə müvafiq nümunə gətirdim. Lakin yenə də struktur kəlmələrin nümunəsini gətirmək istəyirəm, çünki təhlil olunan eposun kompozisiya məhvərinin, belə demək mümkünsə, şəbəkə nöqtəsidir; müxtəlif epizodları ki, bir növ qaydaya salır, bir epizoddan o birisinə keçilməsinin qanuniləşdirilmiş qaydasıdır. Məsələn: a) “İndi bunlar burada qalmaqda olsunlar, sənə kimdən deyim, Xoca Əzizdən” (Bax: “Koroğlu”, səh. 232; “ქოროღლი”, səh. 255). b) “Koroğlu oxumağında olsun, paşa qulaq asmağında, dəlilər də gözləməyində, sənə kimdən deyim, Giziroğlu Mustafa bəydən” (Bax: “Koroğlu”, səh. 242; “ქოროღლი”, səh. 266). c) “İndi qasid şəhərdən çıxmaqda olsun, qul da Ələmqulu xanın yanında qalmaqda, sənə kimdən deyin, Dəmirçioğlu gildən” (Bax: “Koroğlu”, səh. 452; “ქოროღლი”, səh. 468). ç) “Bunlar burada deyib-eşitməkdə olsunlar, sənə kimdən deyim, Cəfər paşadan” (Bax: səh. 106; “ქოროღლი”, səh. 140) və sair.
Eləcə də stereotipik frazeologiya məsafə gedəndə və məsafə aşanda istifadə olunur. Məsələn: a) “Sərin hava, aylı gecə. At elə bil ki, küləkdən qanad taxıb uçmağa başladı. At az getdi, üz getdi, dağ aşdı, dərə keçdi, düz getdi, üç günlük yolu bir günə kəsib, aşıq Cünunu Çənlibelə yetirdi” (Bax: “Koroğlu”, səh. 109; “ქოროღლი”, səh. 144). b) “Koroğlu Qıratın ziltəngini bərkitdi. Bir əlini atın yalmanına atıb belinə sıçradı. Dəlilər, xanımlar Koroğlunun elə Qırata sıçramasını gördülər. Qırat yel kimi əsdi, quş kimi uçdu, gədiklər keçdi, bellər aşdı, yoxuşlar çıxdı, enişlər endi, yerin damarlarını kəsib, bir neçə gündən sonra Təklə-Türkmana çatdı” (Bax: “Koroğlu”, səh. 183; “ქოროღლი”, səh. 211). c) “Keçəl Həmzə çarığını geydi, patavasını bərkitdi, dəstərxanına bir-iki çörək qoyub belinə bağladı, düşdü yolun ağına. Pay-piyadə, günə bir mənzil, təyyi-mənazil, orada ayla, illə, burada müxtəsər dillə, az getdi, çox dayandı, çox getdi az dayandı, bir axşamüstü gəlib Çardaqlı Çənlibelə çatdı” (Bax: “Koroğlu”, səh. 281; “ქოროღლი”, səh. 320-321). ç) “Qul razı oldu. Səhər tezdən almalısın aldı, götürməlisin götürdü, payi-piyada Çənlibelə tərəf yola düşdü. O, necə deyərlər, çəkdi çarığının dabanını, qırdı yerin damarını, günə bir mənzil, az getdi, üz getdi, dərə, təpə düz getdi, günlərin birisində gəlib Çənlibelə çatdı. Keşikçilər onu Çənlibelin həndəvərlərində görüb, tutub Koroğlunun yanına gətirdilər” (Bax: “Koroğlu”, səh. 407; “ქოროღლი”, səh. 428) və sair.
Qısası, gətirilən çıxarışlardan birinci və ikinci hallarda da möhkəm model strukturu yaradılıb ki, bu da söz və kəlmələrin müxtəlif dürlüyü ilə müqayisə edilib, lakin elə eyni fikrin və hədəfə çatmağın vasitəsidir, istərsə də üsuludur. Bu möhkəm, qanuniləşmiş frazeologiya strukturu, Yaxın Şərqin klassik, istərsə də divan ədəbiyyatı üçün olduğu kimi, eləcə də xalq yaradıcılığı üçün yad deyildir, illah da ki, ümumiyyətlə, Orta əsrlərin poetik sənət sahəsində təkrara necə əhəmiyyət verildiyini xatırlasaq, onda bu möhkəm “həcmliliyi” nəsr, eləcə də nəzm səviyyəsində emosiyalı inpulsun yaradılmasının mühüm ünsürü olaraq hesab etməliyik.
Bu qəhrəmanlıq eposunda insanın, qadın, istərsə də kişi olsun, bünyəsi və zahiri görünüşü böyük ustalıqla yaradılmışdır. Çünki eposun mübariz ruhuna müvafiq olaraq insanın zahiri simasını onun mənəvi aləmi də təsvir edir. Belə ki, əgər igidin mənəvi mətinliyi yoxdursa, yalnız fiziki qüvvə ilə heç nəyə nail ola bilməz və özünü bəyəndirə bilməz. Qadınların gözəlliyi də o zaman dolğundur ki, əgər o zehni açıqlığı ilə və müdrikliyi ilə müqayisə olunub. İllah da ki, ağıl gözəllikdən yüksəkdə də durur. Belə, məsələn, ilk qadın olan və məhəbbətin əsiri olaraq özünü Koroğluya təqdim edən, ona qoşulub qaçan Nigar xanım özünün dərrakəsi və təmkini ilə Çənlibelin pərəstişinə çevrildi, buna da ki, bütün dəlilər pərəstij edir, onun sözünü, istərsə də tövsiyəsini həqiqət olaraq qəbul edir və ona itaət edirlər. Nigar xanımın özünün qırılmaz xarakteri ilə fərqlənən Koroğluya böyük təsiri vardır. Lakin bu sonuncu Nigar xanımın tövsiyəsini nəzərə almayanda fəlakət və bədbəxtliyə düçar olur. Qeyd etmək lazımdır ki, Koroğlunun tayı-bərabəri olan Nigar xanımın yüksək nüfuzu sanki bütün boylarda özünü büruzə verir. Eləcə də bu iki insanın nəcib və zərif hissləri obrazlı şəkildə verilmişdir. Belə ki, onların yüksək əxlaqi məhəbbəti bundan xəbər verir. Elə burada əlahiddə şəkildə qeyd etməliyəm ki, Nigar xanım yumor hissi ilə də mükafatlandırılıb. Bu, ələlxüsus, Koroğlunun qüsurunu açıqlayanda və sir-sifətdən çox qara olduğunu deyəndə aşkarlanır. Qısası, Nigar xanımın xarakteri, ağlı və düşüncəsi bu qəhrəmanlıq eposunun inkişafının bir həkk olunmuş istinad nöqtəsidir, lakin oxucunu bir şey hər halda təəccübləndirə bilər – başqa xanımlardan fərqli olaraq onun gözəllik obrazı heç yerdə üzərə çıxarılmamışdır. Bunun səbəbi isə, mənim müşahidəmə görə, bunlardır: birincisi, Koroğlunun ən sevimli xanımı öz-özlüyündə gözəldir və ona obrazlılıq lazım deyil və ikincisi də, əxlaqlılıq və dərrakəlilik öz-özlüyündə fiziki heyrətliliyin heç nə ilə doldura bilmədiyi və əksildə bilmədiyi yüksəldilmiş gözəllikdir.
Bir şey şəksizdir ki, bu eposda təqdim olunan qadınların simaları gözəlliyi ilə, güclü sevgi hissləri ilə, ağıl-dərrakəsi ilə fərqlənir ki, ən başlıcası, sədaqəti ilə, qorxulu və təhlükəli durumda silahlanmağa və öz ömür-gün yoldaşları ilə birgə mübarizə aparmağa hazırdırlar. Bax, dastan söyləyicisi nə deyir: “İşi belə görəndə xanımlar da qalxdılar ayağa, qılınc götürdülər, qalxan götürdülər, altdan geyinib, üstdən qıfıllandılar, üstdən geyinib altdan qıfıllandılar, Eyvaza qoşulub bəndərgahlara çıxdılar” (Bax: “Koroğlu”, səh. 644; “ქოროღლი”, səh. 657).
Onu da qeyd etməyi məqsədə uyğun hesab edirəm ki, əsərin qəhrəmanı olan bütün xanımlar ya xotkar, ya paşa, ya da bəy qızıdır. Doğrudur, onları qaçırırlar, lakin bu qaçırılma elə onlar tərəfindən təşkil olunmuş və onlar tərəfindən buna imkan yaradılmışdır. Mühümü, hər halda, odur ki, bu qaçırılan qızların ataları və yaxınları məqsədi bu yüksək məqama malik təbəqənin kökünü kəsmək olan Koroğlu ilə birlikdə amansızcasına mübarizə aparır. Lakin müəyyən olunduğu kimi, bu fakt ilə birincisi, sosial qeyri-bərabərliyin qanuniləşdirilmiş ştampı açıqlanır və zənginliklə əldə olunan və genetik olaraq əmələ gələn təkəbbürlü baxış dairəsindən igidliyin üstünlüyü bir növ göstərilir; ikincisi də, xanımların hərəkətlərini Koroğlunun, necə ki, müqayisə olunmaz igidin üzünü və dəliləri görməklə böyük əyanların törəmələrinin baş qaldıran məhəbbətin güclü duyğusu şərtləndirir. Məhz elə Məhbub xanımın Koroğlunun oradan buraya gətirən hansı sirrin olduğu sualına cavabı bundan xəbər verir.
“Koroğlu, bizi buraya gətirən o sirdi, hansı ki, Nigar xanımı İstanbuldan, Telli xanımı Ərzurumdan, o biri xanımları da öz yerlərindən buraya gətirib”.
Yuxarıda qeyd olunan o demək deyildir ki, eposda gözəl qızların gözəlliyinin obrazına rast gəlmirik. Xeyr, cənablar, rast gəlirik, lakin onun gözəlliyini təsvir edərkən müxtəlif üsul və forma ilə bəyan edilib ki, onların ağıl və düşüncə primatı sanki həmişə qeyd olunub. Onlardan bəziləri: “Aşıq Cünun Telli xanımı heç görməmişdi. İçəriyə girib gördü, vallah, bu elə bir gözəldi, elə bir gözəldi ki, aya deyir sən çıxma, mən çıxım, suya deyir, sən axma, mən axım” (Bax: “Koroğlu”, səh. 104; “ქოროღლი”, səh. 139). Gətirilən çıxarış onunla diqqətə layiqdir ki, qadının portreti fırça ilə deyil, sadəcə xalq arasında ayaq tutan təbiət ilə deyişmə yolu ilə yaradılır. Qeyt etmək lazımdır ki, Telli xanım qolu-qüvvəti ilə fərqlənirdi, igid, pəhləvan qız idi, bir çox pəhləvanın öhdəsindən gəlirdi (Bax: “Koroğlu”, səh. 104; “ქოროღლი”, səh. 138).
(davamı burada)
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU