GÜRCÜSTANIN ÜRƏYİ
Əgər Mamadavid (Mtatsminda dağı, soydaşlarımızın təbirincə Sənan dağı-M.M.) dağına çıxsanız və Tiflisə nəzər salsanız, Narınqalanın ətəkləri boyu sizin gözünüz önündə bizim paytaxtın qədim Tiflis adlanan hissəsi sərgilənəcəkdir. Qədim qalanın yarısı dağılmış divarları dağın yüksəkliyindən aşağıya doğru baş alıb gedir, lakin yolun ortasında kəsilir. Əgər bu dağıntılara ağlın gözü ilə baxmağı davam etdirsək, xətt Kürə doğru uzanar və Metexi qalası ilə üzbəüz olan yerə çıxar. Bu, o biri tərəfdir. Bu tərəfin barısı isə təxminən qədim seminariyanın yanından enişə doğru gedir. Bu Narınqalanın məhlulu da Kürə tökülürdü. (“Narınqala” son vaxtlar adlanıb, güman ki, hansısa fars xanının (Narının) şərəfinə. Köhnə vaxtlar yalnız qala adlanıb. “Qala yüksək qayanın üstündə inşa olunan qəsrdir və Salalak dərəsi boyu Kürə qədər hasar çəkilmişdir” (Vaxuştinin coğrafiyası, 1904-cü il, səh.70). “Kartlis tsxovreba”nın (“Gürcüstan həyatı”nın) nəql etdiyinə görə, bu qalanı (Narınqalanı) farslar Mtsxeta istehkamına qarşı inşa ediblər. Sonralar çoxlu döyüşlər üzündən bu qala da öz ilkin simasını itirmişdir. Bu xarabalıqlar, bugünkü öz siması ilə və taktikası ilə XVII-XVIII əsrlərin tikilisini təşkil edir.
Qədim Tiflis bu qövsdə yerləşdirilmişdir, bu barının bu tərəfində qalan yer isə “qaretubani” adlanırdı. Köhnə vaxtlar qaretubaninin ətrafında bağlar və yaylaq yeri olan çöllük idi. İndiki Aleksandr bağı əvvəllər qəbiristanlığı təşkil edirdi. Kukiya körpüsü ilə körpü arasında cala var idi. Nazirbağ yaxınlığında isə sal körpüsü. “Kartlis tsxovreba”nın (“Gürcüstan həyatı”nın) sözlərinə görə, “Qədim vaxtlarda Tiflis kənd idi”. Şəhəri Vaxtanq Qorqasali salıb. Tiflis şərq ekzotikasının əsas damarı olaraq Gürcüstanın həyatında böyük rol oynayırdı. O, Gürcüstanın ürəyi idi. “Farslar Gürcüstanı viran qoymağa gələndə öncə Tiflisdə qədəmlərini bərkitməyə cəhd edirdilər”. Tiflis heyrətləndirici tövsiyə ilə, onun əsasını qoyanın dərrakəsi ilə məharətlə inşa olunub. Bir diqqət yetirin: Tiflis eyni bir vaxtda Kaxeti cinahını, Kartli cəbhəsini və Mtsxeta sıra dağlarını qoruyur”.
Lakin bizim diqqətimiz Tiflisi müəyyən edən hissəyə doğru yönəlib. Ərazi: Tatar meydanı, Kldisubani (Qaya məhəlləsi), Abanaant dərəsi, Əncirlər dərəsi (Nəbatat bağı), İsani boğazı, kiçik və böyük siracxananın həndəvərləri, Metexinin hər iki körpüsünün hüdudları – Kürün qıjovundan baqqalxanaya qədər və hamamların həndəvərləri, Seyidabad, Ortacala, Xarpux və onun hüdudu – Gəncə qapısı.
Tatar meydanından başlayaq.
Tiflis bir ticarət mərkəzi olaraq tanınmışdır. Bu ticarət mərkəzi olaraq Tatar meydanı hesab olunurdu. Bura hər cür mal və ərzaq-azuqə gəlirdi.
Şorayeldən, Marneuldan və Durnukdan bura un, taxıl, Qarayazıdan düyü, Ağdaşdan qarpız, Zaqataladan ləzgi armudu, Şıxlıdan pendir, Duşetdən və Qarabağdan qoyun, yun, kərə yağı, Hamamlıdan yumurta, Cəlaloğludan və Məngilisdən kartof, Ləmbəlidən yağ, Culfadan və Kağızmandan duz, Borçalıdan soğan, badımcan və sair gətirilirdi.
Tatar meydanının ortasında böyük tərəzi – qapan tərəzisi qoyulmuşdur. Buradan da mal əhaliyə və alverçilərə paylanırdı.
Bax, bu indiki kənar meydan kəndin öz məhsulunu gətirdiyi Tiflisin ürəyi idi.
Kiçik bir cizgi:
Kənddən gətirilən mal ilk növbədə şəhər sakinlərinə, sonra isə alverçilərə satılmalı idi. Qapan tərəzisində bayraq ucaldılan zaman əhali, sonra isə alverçilər almalı idi. Saat 12 tamam olanda bayraq endirilirdi və bu, onu göstərirdi ki, bundan sonra alverçilərlə kəndlilər arasında alış-veriş başlamalı idi. (Bu qapanın bayrağı barədə M.Çodrişvili öz xatirələrində bizə belə nəql edir: “...1866-cı ildə Tiflisə gəldim... Budur, yenə meydanın ortasında yüksək alabəzək dirək gördüm ki, bunun da üzərində qırmızı bayraq asılmışdır. Bu dirəyin dibində böyük qapan var idi ki, burda da camaat milçək kimi var-gəl edirdi. Bəzisi unun pərakəndəsini ölçürdü, bəzisi duz və sair. Bu meydanda uzun müddət gəzib dolaşırdım. Günortanın topu da atıldı və meydanın bayrağını da götürdülər” (“İnqilabın salnaməsi”, 1924-cü il, №2-3, səh.312, 313).
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU