ALEKSANDRE ORBELİANİ

 

(əvvəli)

 

Cənab David Rusiyadan gələndə nəsə qəribə xasiyyətlər mənimsədi. Bazar ertəsi axşamı kiməsə xəlvəti məlumat verdi, bəlkə də qəsdən idi, o da xəyanət etsin; Ona kimi, sən demə, dayısı Revaz Andronikaşvilinin xəyanətini gizlədirlərmiş. Sizin dayınız çar İrakliyə xəyanət etdi və bununla yanaşı keçmişdə eşitdiyimizi  hamıya demək lazımdır, – deyirdilər. Daha düşünmədi, daha ürəyi də istəmədi və yerindən hirsli atıldı. O, döyüşçülərinə qoşulub yüksək səslə qışqırdı: “Mənim yazıq babam, çar İrakliyə hamı xəyanət etdi; Biz burada tək nə edə bilərik?”

 

O, qəzəblənmiş halda dörd topu dərəyə atdırdı, özü Mtsğneti yolu ilə getdi və Kaxetiyə tərəf yollandı: Çox hirsləndiyindən səsi titrəyirdi, danışığı çətinliklə başa düşülürdü. Şahzadə Georgi (Davidin atası) onun Kaxetiyə keçdiyini eşidəndə dərhal yanına çağırtdırdı, amma getdiyinə görə çoxlu pis söz dedi. Xeyli vaxt keçdi onu görə bilmədi, görsə də nadir hallarda, az bir müddətə görürdü. Bundan sonra elə nifrət edirdi ki, Davidin yanında atasının adını çəkməyə bəzən çətinliklə cəsarət edirdilər. Şahzadə Georgi (sonralar çar oldu)  günahkar deyildi, o, xəstə və böyük Tanrı sevdalısı idi. Səbəbkar kimlər idi, vaxt çoxdur.

 

Qızılbaşların qoşunu dağa çıxanda buradan sürətlə bəri çəkildilər və yüksəkliklərdə topların üstünə çıxdılar. Yuxarıda dediyim kimi, duman çəkiləndə, topları görən kimi dərhal gəlib Krtsanisi bağlarına çıxdılar, oradan yaxşı axtarış apardılar, gördülər ki, topların qoşunu yoxdur – böyük tərəddüddən sonra hücuma keçmək üçün gələn topsuz topçulardan başqa.

 

Şəhərin qalan camaatı təəccübləndi: İmerelilər bizə xəyanət etdi. Bu zaman toplar işə düşdü, nə düşdü. Bunun səsi fəlakət xəbərini şəhər əhalisinə çatdırdı və hamı fəlakət barədə həyəcan təbilinə qərq oldu.

 

Topların rəisi mayor tavad Georgi Quramişvili (Çar İrakli tərəfindən xaç suyuna çəkilmişdi) elə bir ehtiyac içində oldu ki, əcəlin gəlməsini istəyirdi. Bu anda o, hündürdən hamıya qışqırdı: “Qardaş gürcülər, əcəlimizin yetdiyini aydınca görürük, lakin namussuz şəkildə qızılbaşlara tabe də ola bilərik. Hansını istəyirsiniz: Vətən uğrunda və yaxşı çar uğrunda şərəfli ölümü, yoxsa namussuz həyatı?

 

Hamı bir ağızdan dedi: “Bizim ata-babalarımız namussuzluq etməyib və biz də onların övladlarıyıq. Namussuz həyatdan ölüm bizim üçün daha üstündür”.

 

– “Təşəkkürlər, qardaşlar, sizin kişiliyiniz nə rəva görürsə, məhz elə ürəyiniz vardır. Amma gəlin üç barmaqla hamımız yerdən bir çimdik torpaq götürək, yeyək, bu, müqəddəs sirrin əvəzi olsun. Sonra şərəflə cənnətə gedək”.

 

Hamı üç barmağı ilə yerdən torpaq götürdü və Tanrını yad edərək yedi: İlahi, bizə rəhm et.

 

Qızılbaşlar hücuma hazırlaşarkən qurulmuş toplar onları pərən-pərən elədi, ara vermədən topların sapandlarını onların üzərinə yağdırdılar. Bu zaman çar İrakli öz gürcüləri ilə Soğanlığın daracaqlarına yollanırdı. Topların gurultusunu eşidəndə daha da tələsdilər və  bacardıqları qədər bəri gəldilər. Topların sapandı qızılbaşları ora-bura səpələdi. Bu zaman baxdılar, gördülər ki, gürcülər daracaqlarda üzü bəri gəlirlər və elə bil ildırım çaxdı, qəti olaraq dedilər: “Əgər o gürcülər topların yanına özlərini yetirsələr, şəksiz, işimizi korlayacaqlar. Nə olur olsun hücuma keçməliyik”. Bu zaman  hücuma keçdilər, topların üzərinə dörd tərəfdən atları yeritdilər. Bu vaxt ora-bura bir dəfə də atəş açdılar, amma yenə də içəri varıb qılınc oynatdılar. Əgər topların yanında, o möhkəm yerlərdə tüfəngli qoşunları olsaydı, tüfəng güllələri ilə Qızılbaş ordusuna zərər verə bilərdilər. Bu zaman topları doldurmağa nail olardılar və qızılbaşları bir daha içəri buraxmazdılar. Bu ərəfədə çar İrakli də öz ordusu ilə köməyə gəlirdi və gürcülərin işləri həll olunacaqdı. Lakin qızılbaşlar yaxşıca ayırd etdilər, son vaxtlar topçular arasına qətiyyətlə qarışdılar və elə həmin an gürcülər dərhal qılınclarını götürüb hərəsi bir qızılbaşı yerə sərdi, lakin sonda kimlərsə qaldısa, bəli, az, bir təhər, təsadüfən  onları da qırdılar. Həmin mayor Quramişvili isə igid kimi dayandı və qılıncı ilə üç qızılbaşı yerə sərdi və dördüncünü şil-küt etdi, elə həmi an çevrilib bu sözlərlə topa sarıldı: “İlahi, çar İraklini bu dəhşətin içindən əmin-amanlıqla çıxart və Vətənin bəlasına mən çarə olum”.

 

Dəliləşmiş qızılbaşlar ölümdən qorxmayan, yurdsevər, İrakliyə sədaqətli, öz borcunu yerinə yetirən, ardıcıllığı qoruyan, namuslu və ruhən böyük xeyirxah olan Quramişvilini topun üzərində doğram-doğram etdilər. Çar İrakli və onun ordusu topların səsini daha eşidə bilməyəndə, təsdiq etdilər: Toplar çıxarılıb, əks halda onların səsi kəsilməyəcəkdi. Bunun üzərinə onlar hamısı and içdilər: Ya namusla canımızı qurtaraq, ya da namusla birlikdə ölək. Bu vəziyyətdə onlar irəli gəldilər.

 

Qızılbaşlar topları məhv edəndə qaçıb gizlənən xan dərhal yolu bilən, öz qulluqçusunun başçılığı ilə min qızılbaşı Sololaka doğru göndərdi və bu ordu geri şəhərə doğru qərb tərəfə qayıtdı. Məhz elə bu vaxt çar İrakli öz gürcüləri ilə Kürün körpüsündən Avlabara keçdi, lakin min nəfər qızılbaş göndərildikdən sonra görüblər ki, gürcülər də Soğanlıq daracaqlıqlarına girirlər və əvvəllər onlardan qorxmuşdular, çünki elə bilirdilər ki, əvvəlki günlərdəki döyüşlərdə olduğu qədər qoşun olacaq. Bundan yenə çox qorxdular, özlərinin Qızılbaş qoşunu onların arxasınca getmədi, ona görə də onlardan xeylisi çəkinərək qaçıb yoxuşa çıxdılar, gürcülər onlardan uzaqlaşaraq qara yolu keçib Seyidabad bağlarının çəpərlərinə doğru getdilər, əks halda bu dörd min qızılbaş öndə qarşıya çıxsaydı yarıya enmiş və bu qədər cəfalardan yorulmuş, haldan düşmüş gürcülər onların əlləri ilə məhv olacaqdılar. Ad naminə və namus naminə, bu belə olsaydı, çox yaxşı olardı!.. Bu da çar İraklinin bədbəxtliyidir.

 

Ağa Məhəmməd şah Qacar qoşunları ilə Soğanlıq kəndinə gələndə ətrafı yenə çox duman bürüdü ki, onlara orada dayanmağı əmr etdi, yenə daracıqlara getməyə cəsarət etmədi, gürcülər elə qorxmuşdular. Bu səbəbdən özünün adamları ilə Kür çayını keçib Naftulluğa tərəf yönəldi və bu zaman duman da çəkildi, həmin vaxtlar Kür də az daşmışdı. Bu cür təsadüfləri belə düşünürük: Guya Tanrı tərəfindən hazırlanan bədbəxtlikdir – İrakli üçün bədbəxtlik. Haradan ki, Ağa Məhəmməd şah Qacar Soğanlığın daracıqlarında və dərələrində axtarışa başladı: Çar İrakli qoşunu gizlətmir ki? – Diqqətlə araşdırdı, gördü ki, çar İraklinin artıq qoşunu heç yerdə yoxdur, belə ki, o, öz ordusu ilə dar yollarla hərəkət edirdi və bu zaman Ağa Məhəmməd şah Qacar  şəhərin girişində topların səsini eşitdi, oradan çığırdı: Tez arxasıyca düşün. Özü də cəld Kürə doğru getdi, lakin o yola atılmış daş-kəsək xeyli müddət ordunu saxladı; Onları, o tərəf-bu tərəfə atana kimi çar İrakli daracıqlardan keçdi. Burada Ağa Məhəmməd şah Qacar tərəddüd etmədən kimin bədöy atları var idisə onlardan istifadə edib sapand daşı kimi qoşunun arxasıyca saldı və özü də yavaşca onların arxasıyca getdi. 

(davamı)

 

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU