NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK

(Türk folklorunun estetikası və mənəvi əqidəsi)

 

 Elizbar CAVELİDZE

 

 

Boyu uzun Burla xatunun sarsılmaz xarakteri və böyük döyüş həvəsi barədə bir-iki kəlmə söyləməli olacağam. O, oğlunu axtarmağa və xilas etmək üçün külünglə dağları yerlə-yeksan etməyə, çayları qurutmağa, qoşun toplamağa, düşmənləri doğram-doğram etməyə, oğlundan bir xəbər duyunca belə mübarizə aparmağa hazırdır. Bəli, onun sözləri boşa deyilən sözlər deyildir və aşağıda bunu əməli ilə də təsdiqləyir.

 

Qazan bunu eşidəndə vahiməyə düşmüş halda oğlunu axtarmağa başladı və kafirlərə Qara Dərbənd dərəsi ağzında vardı. Kafirlər bunu görəndə ürkdülər, hay-küy qopartdılar. Onu tutmaq istədilər. Uruz atasının gəldiyini eşidəndə ona aman verilməsini dilədi və qopuz istədi. Burada ata-oğul arasında qarşılıqlı mahnı ilə deyişmə başlayır. Oğul atasına anladır ki, kafirlər onu da tutmaq və hər ikisini birlikdə məhv etmək istəyirlər. Eyni zamanda xatırladır ki, “Oğul üçün atanın ölməyi ayıb olur”.  Buna görə də geri qayıtmasını, ağbirçəkli anasını və bacılarını gözü yaşlı qoymamasını xahiş edir. Əgər o qayıdarsa, xeyirxahlıq hökm sürər və qana boyanmış çaylar saflaşar, atlar qulun, dəvələr köşək verər, qoyun quzu doğar və “Sən əsən ol, anam əsən olsun. Məndən yegrək Qadir sizə oğul verə”, - dedi. Lakin ata rədd cavabı verir, onu itirdiyinə görə, qoşunda baş verəcək fəlakətdən danışır və həm də vurğulayır: “Qaytabanlar qarısa, kürüm verməz. Qaraquclar qarısa, qulun verməz. Ər yigitlər qarısa, oğlı doğmaz. Baban qarı, anan qarı, səndən yegrək Qadir bizə oğul verməz” - dedi. Belə ki, “Asmanlu gögdə qara bulut oluban kafirin üzərinə gurlayayım. Ağ yıldırım olup şaqıyayım. Kafiri qamış kibi od oluban yandırayım” - dedi. Belə də etdi. Kafirlərə qarşı şiddətli hücuma keçdi, lakin sonda onu yaraladılar, qara qan şorladı və Qazan da dik bir yerə yollandı.

 

Lakin boyu uzun Burla xatun rahatlıq tapa bilmir, qılıncı belinə qurşadı, qırx incə belli qızla yola düzəldi və Qazanın olduğu yerə çatdı. Qazan öz arvadını tanıya bilmir və igid olaraq bilir. Burla xatun belə deyir: “Qarşım ala, yigit, məni nə mənlərsən? Keçmiş mənim günümi nə andırarsan? Qalqubanı yerindən duran Qazan! Qaragöz atın belinə yatan Qazan! İlğiyuban qara dağım yıqan Qazan! Kölgəsicə qaba ağacım  kəsən Qazan! Bıçaq alub, qanadlarım qıran Qazan! Yalnuzca oğlum Uruza qıyan Qazan! At üstində əglənməyüb  yortan, Qazan, sənin belin olmuş. Üzəngiyə dərmiyən dizin olmuş, Xan qızı halalını tanımayan gözün olmuş! Bunalmışsan, sana nolmuş? Çal qılıcın, yetdim, Qazan!” - dedi.

 

Bu epizodda Boyu uzun Burla xatun fədakar, ləyaqətli bir ana kimi bizə təqdim olunur ki, həmçinin qəhrəmandır, döyüşçüdür. Oğuz bəylərinin savaşında onun tayı-bərabəri yoxdur və oğlunu xilas etmək üçün pələng kimi mübarizəyə atılır. Belə ki, yenə də təkrar edirəm, qədim oğuzların qızlarının gözəlliyi yalnız onların incəbelliyi ilə və boyunun uzun olması ilə deyil, eləcə də onların fiziki gücü ilə və savaş qabiliyyəti ilə müəyyən edilir. Fiziki qüvvə də gözəlləşdirəndə qadın, xatun dolğun, gözəl və qəşəng olur. Bu o deməkdir ki, estetik-əxlaqi səviyyədə fiziki qüvvə və döyüş bacarıcı gözəlliyin dolğunlaşdırılmasının komponentlərindən biridir.

 

Növbəti epizodda Oğuz bəylərinin gəlişi və onların xüsusiyyətləri verilib, bunu da ki, artıq yuxarıda müzakirə etdim və bir daha təkrarlamayacağam. Həmçinin elə burada ənənəvi döyüş mənzərəsi təsvir olunmuşdur ki, burada da yenə kafirlərin qara ələmini qılıncla bölən və yerə salan Burla xatunun qəhrəmancasına döyüşən ideal xanım siması özünü büruzə vermişdir.

 

Bu boyun sonu da xeyirlə bitir. Pislik aradan götürülüb, xeyirxahlıq qalib gəlir, Dədə Qorqud gələrək şadlıq edir. Bu oğuznaməni düzüb-qoşur. Fani dünyanı pisləyir, xana və oğuzlara dua edir.

 

                                                        * * *

 

İndi beşinci boy – “Duxa Qoca oğlu Dəli Domrul boyu” barədə bir neçə söz deyək. Burada verilən bir quru çay üzərində bir körpü saldıran, üzərindən keçənlərdən 35 aqça alan, keçməyəndən də döyə-döyə qırx aqça da alan Dəli Domrulun hadisəsidir. Ondan soruşanda niyə belə edirsən, cavab verərdi: Məndən dəli, məndən güclü heç kim yoxdur, əgər varsa, çıxsın mənimlə savaşsın.

 

Bir dəfə də körpünün yamacında bir bölük naməlum adamlar çadır qurdular və onların layiqli igidi ölmüşdü və ucadan ağlayırdılar. Dəli Domrul soruşanda ki, sizin igidi kim öldürüb. Onlar cavab verirlər ki, Allahın al qanadlı Əzraili onun canını aldı. Dəli Domrul Allahdan xahiş edir ki, o Əzraili göstərsin, savaşım, məğlub edim, o igidin canını qurtarım. Tanrıya onun sözləri xoş gəlmədi və Əzrailə dedi, get, o dəli pozğunun gözünə görün, bənizini saralt, canını al.

 

Bundan sonra Əzrail ilə Dəli Domrulun görüşü gəlir. Nəhayət, qorxmuş, vahiməyə düşmüş Dəli Əzrailə yalvarır, canımı alma deyir. O isə cavab verir ki, canı verən də, canı alan da yalnız uca Allahdır. Bunu eşidən Dəli Domrul Allaha fəryad edir:

 

“Yucalardan yucasan,

Kimsə bilməz necəsən.

Görklü Tanrı,

Neçə cahillər səni gögdə arar,

yerdə istər.

Sən xud möminlər könlindəsən.

Daim duran cabbar Tanrı,

Baqi qalan səttar Tanrı,

Mənim canımı alur olsan,

sən alğıl!

Əzrayilə almağa qoymağıl! – dedi(D.D.K., səh. 109; D.D.K., səh. 81; O.D.D.K.K., səh. 128).

 

Təsdiq və inkar forması ilə Tanrının bu obrazı islam təlimində daha geniş yayılmışdır. Tanrının möminin ürəyində onun bərqərar olunması isə sufi təlimində xüsusilə qəbul olunmuşdur.

 

Qısası, bu müraciətdən sonra Tanrı Əzrailə səda göndərdi, çünki Domrul onun birliyini tanıdı, öz canı yerinə başqa can tapmalı və onun canına yaxın gəlməməlidir.

 

Dəli Domrul əvvəlcə öz atasından can istədi, lakin ata cavab verir ki, hər şey verərəm, lakin canımı qıya bilmərəm. Sonra anasına üz tutur, ana da eyni şeyi deyir ki, dünya şirin, can əziz, canımı qıya bilmərəm. Sonra o yad qızı olan  həyat yoldaşına üz tutur. Bu sonuncu isə belə cavab verir:

 

“…Səndən sonra bir yigidi sevib varsam,

bilə yatsam,

Ala yılan olub, məni soqsun!

Sənin ol müxənnət anan-baban

Bir canda nə var ki, sana qıymamışlar?

Ərş tanığ olsun, kürsi tanığ olsun,

Yer tanığ olsun, gög tanığ olsun,

Qadir Tanrı tanığ olsun,

Mənim canım sənin canına qurban olsun, - dedi, razı oldı” (D.D.K., səh. 121-122).

 

Həyat yoldaşının fədakarlığından və sədaqətliliyindən vəcdə gəlmiş Domrul Tanrıya yalvarır: “Alursan, ikimüzün canın bilə alğıl! Qorsan, ikimüzün canın bilə qoğil! Kərəmi çoq Qadir Tanrı!” - dedi. Tanrı da onun yalvarışını eşitdi və Əzrailə onun valideynlərinin canını almağı həvalə etdi, Dəli Domrul isə həyat yoldaşı ilə yüz qırx il yaşadı.

 

Bu boy da belə sona yetir. Müəyyən olunur ki, aşiqlik rifahını öz həyatlarından daha yüksəkdə tutanda valideyn sevgisindən ər-arvad sədaqəti, onların qarşılıqlı həqiqi sevgisi daha yüksəkdə dayanır ki, bu da Orta əsrlərin qəhrəmanlıq eposu üçün adi və tipik hal idi.

 

Yuxarıda müzakirə olunan boy ilə Dədə Qorqud eposunun ümumi və özünün qəhrəmanlıq mənəvi axınını yaratdığı semantiklə və süjetlə sxematik çərçivədən kənara çıxmışdır. Birincisi, burada, ümumiyyətlə, oğuzların vüqarlı cəngavərləri xatırlanmamış, oğuzların möhkəm ənənələri, ata-oğul, ana-oğul arasında möhkəm formalaşmış qarşılıqlı hörmət və məhəbbət inkar edilmiş, igidlik və qəhrəmanlıq savaşlarının kölgəsi belə göz qabağına gəlmir. Burada yürüdülən əsas fikir odur ki, yad tayfanın qızı olan, ərinə sədaqəti ilə, canını qurban verməklə təkcə ərinə deyil, eləcə də Tanrının özünə xoş getdiyi həyat yoldaşı valideyndən daha artıq sədaqətlidir. Bu sonuncu isə bu sədaqətlilik və canını qurban vermək səbəbi ilə Dəli Domrula və onun həyat yoldaşına uzun ömür bəxş edir, ata-ananın isə ömrünü gödəldir. Bu cür baxış dairəsi oğuzlar üçün, deyildiyi kimi, məqbul deyildir. Bu boyun baş qəhrəmanı Dəli (gic) Domrul da məqbul deyildir. Bütün yuxarıda deyilənlər şəxsən məni düşündürür ki, bu boy Tanrı ilə Əzrailin əlaqələrini verdiyinə, Tanrının məğzi və məkanı barədə maraqlı məlumar verməsinə baxmayaraq sonralar eposa daxil edilmişdir.

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU