Elizbar CAVELİDZE
(əvvəli burada)
Səkkizinci boy. Bu dastanın kifayət qədər geniş süjetini bir neçə epizoda ayıra bilərik.
İlk epizod adlı-sanlı paşaların, sərkərdələrin, pəhləvanların, qoşun başçılarının iştirak etdiyi, Koroğlunun ələ keçirilməsi və onun yer üzündən silinməsi məsələsinin müzakirə olunduğu məclisdən söhbət açır. Xotkarın fikrincə, “nə qədər ki, bu Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindəganlıq onlara haram olacaq”. Buna görə də xotkar Koroğlunun qoşun yığıb şəhərlərini, kəndlərini alana kimi, vahid bir qüvvə ilə ona hücum etməyə çağırmışdır. Bu məqsədə nail olmaq üçün bir-birinə zidd müxtəlif fikirlər səsləndi. Lakin xotkar Hasan paşanı seçdi və bütün paşaların, qoşun böyüklərinin ixtiyarını ona verdi. Bu, o Hasan paşadır ki, atların üstündə Koroğlunun atası Alı kişinin gözlərinin çıxarılmasını məsləhət görmüşdü.
İkinci epizod nəql edir ki, Hasan paşa Toqata qayıdanda bir məclis təşkil etdi və işi həll etmək üçün strateji planı irəlicədən işləyib hazırladı – Koroğlunu mühasirəyə alıb üç tərəfdən hücum etmək. Lakin aydın oldu ki, Koroğlu ilə savaşdan hamı qaçır və tərəddüd edir. Axırda çox hiyləgər, necə deyərlər, şeytana papış tikən ərzincanlı Bolu bəy bir şərtlə razılığını bildirdi: Toqat paşalığı ona tapşırılacaq, paşanın böyük qızını alacaq; təkcə pəhləvan Qəcəralını və Koroğlunun yanında mehtərlik etmiş mehtər Murtuzu özü ilə götürəcək. Hasan paşa bu şərtlə razılaşdı.
Bu müzakirə-mühakimə zamanı qasid özünü Hasan paşanın yanına yetirdi və Ərəb Reyhanın naməsini ona verdi. Namədə Ərəb Reyhan bu hücumda iştirak etmək istəyində olduğunu ifadə edirdi. Hasan paşanı bu namə bir növ sevindirdi, lakin mehtər Murtuz Hasan paşaya bildirdi, nə qədər ki Koroğlu Qıratın üstündədir, ona heç nə edə bilmərik. Qıratı oğurlamaq da mümkün deyil. Bu məsələnin həll edilməsini məclisin lap başmaq çıxanından cındırından cin ürkən keçəl Həmzə ayağa qalxıb öz öhdəsinə götürdü. O şərtlə ki, paşa kiçik qızını ona verməlidir. Hasan paşa buna da razı oldu.
Üçüncü epizod keçəl Həmzənin Çənlibelə çatdığını, Koroğlu ilə görüşünü, ona özünü hədsiz dərəcədə bədbəxt, ümidsiz göstərməsini və özünü yazıqlamağını nəql edir. Koroğlu da ehtiyac içində olanlara, fəqir-füqəraya biganəlik göstərmirdi və keçəl Həmzəni də sığındırır. Dəlilər onu görən kimi onun gözlərini bəyənmədilər. Bunu haradan tapıb gətirdin? Bunun gözləri üçtəpə sağsağanının gözləri kimi qayır-qayır qaynayır. Məsləhət gördülər ki, rədd eləsin. Xanımlar da dəlilərin sözlərini təsdiqlədilər.
Lakin Koroğlu onlara qulaq vermədi. Keçəl Həmzə də öz zirəkliyini göstərdi, xanımların və dəlilərin dediklərini, getdiyi işi yaxşıca yarıdırdı. Ona nail oldu ki, Dürata baxılması ona həvalə olundu. Bu işə görə xanımlar və dəlilər Koroğlunu məzəmmət etdilər: Tanımadığın, bilmədiyin adama etibar eləyib Düratın buxov açarını niyə verirsən? Koroğlu bu məzəmməti də heçə saydı. Qısası, keçəl Həmzə Düratı qaçırtdı və yola düşdü. Dəlilər və xanımlar Koroğlunun üstünə düşdülər, başladılar onu məzəmmət etməyə: Gör iş nə yerə gəldi ki, keçəl gədənin birisi gəlib buradan at apardı.
Koroğlu özünü günahkar olaraq hiss edir və heç nə demir. Nəhayət, atı yəhərlətdi, atını minib yola düşdü.
Koroğlu yolda keçəl Həmzəyə yetişir. Qorxuya düşmüş keçəl Həmzə yenə hiyləgərliyə əl atır və tüpürcəyi qurumuş halda özünü tez dəyirmana salır, dəyirmançını qorxudur ki, bax, o yol ilə gələn Koroğludur. İlxısına qotur düşüb, həkim kimyagər dəyirmançı beyni buyurub... Soyun paltarını, al mənim paltarımı geyin. Get dəyirmanın donuzluğunda gizlən. Bu ərəfədə Koroğlu da özünü dəyirmanın qapısına yetirdi və çığırdı: Ay dəyirmançı, çölə çıx! Keçəl Həmzə dəyirmançı paltarında üz-gözü una bulaşmış halda qapıya çıxdı. O, axtardığı adamın hara gizləndiyini işarə etdi. Koroğlu da atdan düşdü, yüyəni keçəl Həmzəyə etibar etdi və dəyirmana cumdu. Dəyirmançı gizlənməyə çalışırdı, Koroğlu isə onu çəkib çıxarmaq istəyirdi. Bu ərəfədə keçəl Həmzə Qırata minir və özünü artıq qalib kimi hiss edir.
Burada Koroğlu ilə keçəl Həmzə arasında dialoq baş verir. Bu dialoqdan müəyyən olunur ki, Həmzəni Hasan paşa göndərib. Koroğlu keçəl Həmzəyə nə təklif etmədi, amma bir şey alınmadı. Onda Koroğlu keçəl Həmzəyə tapşırdı ki, mən gəlincə, ata yaxşı bax, qoyma incitsinlər.
Əliboş və ac Koroğlu rastına çıxan bir kişinin öküzünü əlindən aldı, kabab bişirdi, yedi. Sahibinə onun dəyərini ikiqat ödədi.
Dəlilər eşitdilər ki, Koroğlu Qıratı da itirdi və hansısa yaramaz quldura aldandı. Onların sözləri Koroğlunun yanında “çürük qoz” olmadığından oraları tərk etmək qərarına gəldilər və getməyə hazırlaşdılar. Nigar xanım da üzünü o yana çevirdi və hətta məzəmmət də etdi. Koroğlu getdi və öz təqsirini başa düşdü, yaşıl çəməndə üç gün, üç gecə tamam ac, susuz yatdı. Koroğlu yuxuda gördü ki, Toqatda Hasan paşanın qabağındadır və Qırat da altında. Diksinib yuxudan oyandı. Nəhayət, dəlilər də, xanımlar da onunla barışdılar və məclis qurdular. Koroğlu əməlli-başlı silahlandı və dava libasının üstündən bir kürk geyindi, çiyninə də bir saz keçirib pay-piyada Toqata tərəfə yola düşdü.
Dastanın bu epizodu Koroğlunun Toqata necə getdiyini, ona naz satmağa başlayan, Koroğluda da yumor hissini oyadan və sazda oxudan bir dişsiz qarının evində məskunlaşdığını bizə nəql edir.
Sonda Koroğlu aşıq paltarında Hasan paşanın imarətinə getdi və Koroğlunu bir aşıq olaraq çəkib məclisə apardılar. Koroğlu müxtəlif mahnılar oxuyur və Qırat barəsində dinləyiciyə məlumat verir ki, at çox yaxşı atdı, lakin hərdənbir dəliliyi tutur və onu yalnız aşıq sazla rahatlaya bilər. Bir sözlə, o, Qıratın belinə minməyə nail olur, Hasan paşa öz məiyyəti ilə bürcə dırmaşır.
Axırda Koroğlunun yollarını kəsirlər və o da böyük savaşla həddindən çox döyüşçü qırıb-batırır və Çənlibelə qayıda bilir. Hamı sevinclə onun qarşısına çıxır. Nigar xanım onunla zarafat edir: “Koroğlu, biz sənin Koroğlu olmağını bilirdik. Əgər bilməsəydik sənin başına yığılmazdıq. Düzdü, igidsən, qoçaqsan, iş üzü bilirsən. Amma sir-sifətdən çox qarasan ey!.. Dəlilər hamısı gülüşdü” (Bax: “Koroğlu”, səh. 356).
Nigar xanımın Koroğlunu sir-sifətdən qara olaraq xatırlaması bu iki insanın səmimi məhəbbəti barədə fəryad edir. Oxucu hiss edir ki, bütün bunlar bu yumorun çaları ilə bəzənib. Bu isə onu göstərir ki, epos real məişətdən və həyatdan üzülməmişdir, onu yaradıcısı yaxşı anlayır və yumorun qədrini dərk etmişdir, oxucuya təsir emosiyasının potensialına malikdir. Koroğlu ilə dişi tökülmüş qarı arasındakı münasibətin komik şəkildə təsvir olunduğu başqa epizodda da bundan xəbər verir. Misilsiz zahiri görünüşünə necə heyran qalması, ona necə naz eyləməsi, ona qarı deməməsini qadağan etməsi, “mənə niyə qarı deyirsən” deməsi, öz dövləti ilə özünü bəyənməsi, Koroğluya arvad olmaqdan imtina etməmək niyyətində olduğu gülüş doğurur. Bu durumda da Koroğlunun yumor hissi xəyanət etmir, sazı sinəsinə basıb deyir:
Bir qarıya qonaq oldum,
Nə yaman çamxanası var.
Dövlətini xəbər aldın,
Bir inək, bir danası var.
Qarı gəlir bizə yavuq,
Elə bil ki, tutub soyuq.
Çeşdəliyə bircə toyuq,
Axşama qayğanası var (Qayqanağı- M.M).
Koroğlunun hədyan işi,
Qovğadan açılmır başı.
Düşüb otuz iki dişi,
Bir kötük nişanəsi var (Bax: “Koroğlu”, səh. 300; 341).
Bu şeir də bizi əmin edir ki, Koroğlu yumor hissi ilə dolu insandır!
Lakin elə bu boydan anlayırıq ki, onu aldatmaq asandır və hiyləgər keçəl Həmzə onu iki dəfə həriflədi. Eyni zamanda Koroğlu inadkardır və sözünün yiyəsi olan adamdır, başqasının tövsiyəsinə qulaq vermir. Buna görə də Qıratı itirdi, xanımların və dəlilərin narazılığına və narahatlığına səbəb oldu. Lakin o öz səhvini dərk edir və çox əzab çəkir.
Dastanın sonunda Koroğlu ağlı ilə, zəkası ilə fərqlənir. O, özünün sazı ilə, oxuduğu aşıq mahnıları ilə Hasan paşanın və onun ərafındakıların ağlını çaşdırır, Qıratın dəliliyinə tərif qoşur və bu vasitə ilə onu ələ keçirir. Lakin estetik baxış dairəsi ilə onun Qıratı təriflədiyi, şöhrətləndirdiyi mahnılar diqqəti cəlb edir. Halbuki onun Qırat ilə görüşü və bir-birinə nəvaziş göstərməsi daha güclü emosiyalı hissin oyadıcısıdır. Burada təkcə at ilə onun sahibinin qarşılıqlı əlaqəsi deyil, eləcə də iki bərabər dostun görüşü ilə doğan hiss verilmişdir ki, bu da təəccüblü deyildir. Çünki Koroğlu ilə Qıratın əlaqəsi, xeyirdə, şərdə ideal səviyyəyə qaldırılmış və bu qəhrəmanlıq eposunun fikirlərinin məntiqi inkişafını tamamilə izləyir. Oğuz, azərbaycanlı igidi üçün atını itirmək, illah da ki döyüşdə, təcrübəli, sədaqətli həyat yoldaşını və dostunu itirməyə bərabərdi. Və nəhayət, əlahiddə şəkildə qeyd etmək lazımdır ki, bu dastanda nəqli həddindən artıq tez-tez dialoq əvəz edir, bu da, yuxarıda dəfələrlə qeyd etdim, nəqlin gedişini canlandırır, stimullaşdırır və hadisələrin verilməsinə reallıq effekti gətirir.
Doqquzuncu boy. Bu dastanda aşıq Cünunun kənd-kənd, şəhər-şəhər necə gəzdiyi, Koroğlunu tərif və məşhuri-cahan etməsi nəq edilir.
Gözəl günlərin birində o, gəzə-gəzə Ruma çıxdı. Rum paşasının qızı Məhbub xanım onu yanına çağırtdırdı. Koroğlu və Çənlibel barədə ondan ətraflı soruşdu və sonra ona dedi ki, Koroğlunun yanına gedərsən və ona deyərsən ki, Rum paşasının qızı Məhbub xanım deyir, ona deməli bir sirrim var, amma gərək özünə deyəm.
Aşıq hər şeyi Koroğluya danışdı, Koroğlu elə həmin an Qıratı yəhərlətdi və getməyə hazırlaşdı. Lakin Nigar xanım keçəl Həmzəni xatırlatdı, məsləhər gördü ki, Ruma uşaqlardan biri getsin. Dəlilər də bu fikri bəyəndilər. Koroğlu razılaşdı, Rum diyarına yaxşı bələd olduğundan Bəlli Əhmədi göndərdi. Bəlli Əhməd də saz çiynində Rum küçələrində gəzir. Sonra Məhbub xanımın yanında görünür və ona bir müştəri gözüylə baxır: Gördü ki, elə doğrudan da Məhbub ki, Məhbub. Bəlli Əhməd də başdan Məhbub xanımın xoşuna gəlmişdi və hələ bir sataşdı da: “Hər çalana qulaq asmaq olmur, aşıq, bəlkə heç sənin çalmağın, oxumağın bizim xoşumuza gəlməyəcək”. Bəlli Əhməd də gecənin bir aləminə kimi çalıb-oxuyurdu. Nəhayət, Məhbub xanım “Bəsdir, aşıq, yoruldum” dedi və hamı dağılışdı.
O, gecəyarısı Bəlli Əhmədin yatdığı otağa daxil oldu və ona dedi: “De dur, atı hazırla, gedək! Gecə keçir!” Lakin Bəlli Əhməd yox dedi, aşığın birini sındırmışan, aşıq Cünuna bu halda qaytara bilmərəm dedi. Məhbub gördü ki, bu dediyindən dönən deyil, axırda əlacsız qalıb razılaşdı. Bəlli Əhməd bir sazbənd yanına getdi. Ustaya dedi, başına dönüm, bunu tez qayır, yol adamıyam, gedəsiyəm. Bu sazbənd dili acı, tərs, kobud, qanacaqsız adam imiş. Bəlli Əhməd nə qədər yalvardı, nələr vəd etdi, bir şey çıxmadı. Axırda Koroğlunun da adını xatırladı. O, Koroğlunun adını eşidən kimi söyüşə-təhqirə keçdi. Onu qovmaq istədi. Buna Bəlli Əhməd dözə bilmədi. Sazı onun təpəsinə elə vurdu ki, saz parça-parca oldu, ustanın da başı yarıldı. Usta özünü birtəhər bayıra saldı, hay-küy qopardı, “Kömək edin, Koroğlu məni öldürdü” dedi. Bütün Rum sakinləri axışıb bura gəldilər. Bəlli Əhməd dükandakı sazlardan birini seçdi. Pulunu da piştaxtanın üstünə qoydu. Sazı çiyninə alıb bayıra çıxdı. Bir də gördü ki, qoşun ətrafını bürüyüb. Sazı çiynindən bir tərəfə atdı. Misri qılıncı çəkib, özünü verdi qoşuna. Qoşundan o qədər qırdı ki, meydanda leş-leşin üstündə dayandı. Lakin axırda döyüşə-döyüşə onu geriyə getməyə məcbur etdilər və bizim bu dəlimiz guppultu ilə quyuya düşdü, paşa onun daş-qalaq edilməsi əmrini də verdi.
Lakin işə Məhbub xanım qarışdı, atasını əmin etdi ki, bu, Koroğlu deyildir və onun dəlisidir. Onu daş-qalaq etmək Koroğlunun qəzəbinə və hücumuna səbəb ola bilər. Xotkar indiyə kimi hansı paşanın harayına gedib ki, sənin də harayına gəlsin. Onu da xatırlatdı ki, Koroğlu öz dəlisini xilas etməyə gələcək. Onun üçün tələ quraq və elə tutaq. Onun qoşunu üçün isə quyular qazılsın, daşlar yığsınlar, ağızlarını həmin quyuya salarıq, başlarına da daşları tökərik.
Bu ərəfədə Məhbub xanım öz qarabaşını Koroğlunun yanına göndərdi və həm də ona namə yazdı. Qarabaş Düratın köməkliyi ilə tezcə Çənlibelə çatdı və hər şeyi Koroğluya danışdı. Koroğlu atı yəhərlətdi və getməyə hazırlaşdı, lakin yenə Nigar xanımın tövsiyəsi ilə getməkdən imtina etdi. Tanrıtanımazı və Tüpdağıdanı silahdaşlarını xilas etmək üçün göndərdi. Dəlilər Ruma çatanda gecə idi və gördülər ki, meydanın bir tərəfində beş-altı nəfər keşik çəkir. Bir neçə keşikçinin öhdəsindən gəlmək onlara çətin olmadı. Dustağı quyudan çıxartdılar, atlara mindilər, getməyə hazırlaşdılar. Lakin aydın oldu ki, Məhbub xanım və onun əmisi qızı Şirin xanım onlarla birlikdə Çənlibelə qaçmaq istəyirdilər və onlarla birlikdə səhər tezdən, gün yeni çıxan zaman Çənlibelə çatdılar. Sonluq yaxşılıqla bitir. Bəlli Əhmədin Məhbub xanıma, Tüpdağıdanın Şirin xanıma, Dəli Mehtərin qarabaşa könlü var. Koroğlu yeddu gün, yedi gecə toy elədi.
Bu dastanın əsas fəaliyyətdə olan personajı, gözəlliyi ilə, ağlı və kamalı ilə fərqlənən Rum paşasının qızı Məhbub xanım, bir sözlə, “necə deyərlər, deyəsən lap xoş gündə dünyaya gəlmişdir” (Bax: Elə orada, səh. 358). Məhz elə bu gözəl, ağıllı və kamallı qıza asılmaqdan xilas etdiyinə görə Bəlli Əhməd minnətdar olmalıdır. Məhbub xanım əsir düşmüş dəliləri asdırmaq fikrindən atasını daşındırdı. Sonra onları xilas etdirmək üçün öz qarabaşını Koroğlunun yanına göndərdi. Və nəhayət, Bəlli Əhmədi xilas edən dəlilərdən Tanrıtanımaz və Tüpdağıdanla birlikdə o, eləcə də gözəlliyi və ağlı-kamalı ilə fərqlənən onun əmisi qızı Şirin xanım Çənlibelə qaçıb getdilər.
Bu dastanda həmçinin Bəlli Əhmədlə sazbənd arasında olan, ustanın başının yarılması və Bəlli Əhmədin dustaq düşməsi ilə bitən epizod diqqət çəkir. Bu epizodda Bəlli Əhmədin xarakteri aydınca özünü büruzə verir, onu səbrli bir insan kimi göstərir. Lakin Koroğlunun məzəmmət edilməsini eşitməklə bu qabiliyyəti itirir.
Bu baxımdan, həmçinin, quyuya salınmış Bəlli Əhmədlə Rum paşası arasında olan dialoq maraqlıdır. Rum paşası özünü öyür və lovğalanır: “Hə... Mənə də Rum paşası deyərlər. Sənin o Koroğlunu bir Koroğlu eləyim ki, biri də yanından çıxsın”. Bəlli Əhməd aşağıdan deyir: “Paşa, Koroğluya kələ-kələlər nə eləyib ki, sənin kimi kərtənkələlər nə eləsin?” Və bu avazda onların deyişməsi davam edir, bu zaman da Bəlli Əhməd sakitliyi qoruyub saxlayır və qəzəblənmiş, nə edəcəyini bilməyən rəqibini kinayə ilə sancır.
Bu dialoqdan görünür ki, Koroğlunun nüfuzu dəlilər və ümumiyyətlə, camaat arasında toxunulmazdır. Məhz elə bu, xotkarı, paşaları, bəyləri özündən çıxardır, onlara rahatlıq vermir. Bu görüş dairəsinin yayılması və bərqərar olunması bu qəhrəmanlıq eposunun ən başlıca motivi və yaradıcının əsas məqsədidir.
(davamı burada)
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU