Nəbatat bağının dərinliyində Tbilisinin ən qədim qəbiristanlıqlarından biri yerləşir. Kommunist dövründən xilas olmuş panteonda görkəmli azərbaycanlı ictimai xadimlər, həmçinin Müstəqil Azərbaycan Respublikasının üzvləri dəfn olunublar.
Panteon yenilənib, mərmər daşları və dekorativ kolları görəndə qədim qəbiristanlığa baxdığını hiss etmirsən. Ancaq kim daha diqqətlə nəzərdən keçirərsə qəbir daşlarında qalmış ərəb yazılarını da görə bilər.
2007-ci ildə Britaniyanın “Chris Blandford Associates” şirkətinin sifarişi ilə sənətşünaslar Nəbatat bağının landşaftının milli planını tərtib ediblər. Bağın ərazisindəki abidələri, həmçinin qəbiristanlığı təsvir ediblər. Çox sayda mədəni abidə üçün pasport da hazırlayıblar. Pasportda oxuyuruq ki, qəbiristanlığın tarixi Çar Rostomun dövründən başlayır.
1639-cu ildə Tbilisidə seyidlərin fars icma nümayəndələrini məskunlaşdırıblar. Seyidlərin məskunlaşdığı ərazi bugünkü Hamamlar məhəlləsindən 300 Araqvelinin obeliskinə qədər olan hissəni əhatə edirdi və Seyidabad adlandırırdılar. Onların qəbiristanlığı, fars dilində gorxana da burada yaradılıb. Sonradan burada tbilisili müsəlmanları, şiə və sünniləri də dəfn edirdilər. Qəbiristanlıq 1920-ci illərə qədər demək olar ki, dəyişməz, olduğu kimi qalıb. Onun kimsəsizliyi artıq Sovet dövründən başlayır. 1950-ci illərdə qəbiristanlıqdakı kiçik məscidi də partladıblar.
1964-1965-ci illərdə tərk edilmiş qəbiristanlıq Nəbatat bağına verilir. Həmin vaxt burada hələ də 100-dən çox qəbir var idi. Nəsil nümayəndələri sağ olanlar cəsədləri başqa yerlərə köçürməyə başladılar, qalanlar isə onlara ucaldılmış memorial kimi yavaş-yavaş məhv olub getdi. Bu günə qədər qalmış qəbirlər azərbaycanlı ictimai xadimlərə və onların ailə üzvlərinə məxsusdur.
“Panteon həmin dövrün tarixi üçün çox mühümdür. Bu, o zaman Tbilisinin bütün Qafqazda hansı rol oynadığını göstərir. Burada müstəqil Azərbaycan hökuməti, azərbaycanlı şairlər, dramaturqlar xidmət göstərirdilər...” - sənətşünas Maka Bulia deyir.
Panteona sonuncu görünüş 2010-cu ildə verilib. Bu işdə Nəbatat bağına Azərbaycan səfirliyi də köməklik göstərib. Panteonu tez-tez Azərbaycandan gəlmiş heyət ziyarət edir. Adi ziyarətçilər isə panteonu tapmaqda bir az çətinlik çəkirlər. Çünki panteon Nəbatat bağının dərinliyindədir.
“Biz nişanlar yerləşdirmişik, kassada xəritələr var, girişdə lövhədə də xəritə var. Azərbaycanlılar bilirlər ki, burada panteon yerləşir və tez-tez gəlirlər. Yolu mühafizəçidən də soruşurlar”, - deyə Nəbatat bağının direktor müavini Tinatin Barblişvili bildirir.
Bu gün Nəbatat bağında ümumilikdə 11 qəbir qalıb. Birini müəyyənləşdirmək mümkün olmayıb. Panteonda dəfn olunan digərləri isə bunlardır:
Fətəli Xan Xoyski (1875-1920) – Azərbaycan Demokratik Respublikasının ilk baş naziri. Azərbaycan Milli Şurası 1918-ci ildə Zaqafqaziya Respublikası ləğv edildikdən və mayın 28-də Tbilisidə Azərbaycan Milli Şurası müstəqilliyini elan etdikdən sonra hökumətin yaradılmasını məhz ona həvalə etdi.
Həsən Bəy Ağayev (1875-1920) – Azərbaycan Demokratik Respublikasının Milli Məclisinin (Parlament) sədr müavini.
Fətəli Xan Xoyski kimi Həsən Bəy Ağayevi də erməni siyasi təşkilatı “Daşnaksütyun”un üzvləri Tbilisidə qətlə yetiriblər.
1920-ci il iyunun 22-də “Gürcüstan Respublikası” bu hadisə ilə bağlı nə yazır:
“Bu gün gecə saat 11-də bədxahlar Feodesiya küçəsində Azərbaycanın keçmiş naziri Xan-Xoylunu revolverlə ağır yaralayıblar. İstintaq aparılır, bədxahları aşkarlamaq üçün ölçülər götürülüb... Təxminən saat 12-də, şənbə günü Xan-Xoylunu Mixeilin xəstəxanasına aparıblar. O, özünə gəlməyib və 20 iyun səhər saat 4-də dünyasını dəyişib. Səhər saat 11-də, 21 iyunda dəfn olunub. Rəhmətə getmiş şəxsi müsəlman qəbiritsanlığında dəfn ediblər”.
Mirzə Şəfi Vazeh (1794-1852) – şair, mütəfəkkir və müəllim. Mirzə Şəfi Tbilisidə ədəbi-fəlsəfi dərnəyin əsasını qoyub. Həmin dərnəyi “müdriklik dərnəyi” adlandırırdılar.
Mirzə Fətəli Axundzadə (Axundov, 1812-1878) – Vazehin şagirdi, tanınmış yazıçı və maarifçi, filosof, Azərbaycan dramaturgiyasının təsisçisi. 22 yaşından Tbilisidə yaşayıb.
Ədəbi tənqidçi Levan Breqadze yazır ki, Mirzə Şəfi və Mirzə Fətəli Axundzadə bütün həyatını despotizm və dini fanatizmə qarşı mübarizədə keçiriblər. Onların əsərləri çox dillərə tərcümə olunub.
1906-cı ildə Tbilisidə əsası qoyulmuş Azərbaycan jurnalı “Molla Nəsrəddin” Mirzə Şəfinin “mənəvi davamçısı” idi. Jurnal cəmiyyətin geridə qalmışlığını tənqid edirdi.
“Əsrlər boyunca hamı bunları sakit şəkildə qəbul edirdi. Bizim Bodenştedtimiz Mirzə Şəfi kimi müdrik adamlar bunu yüngül şəkildə tənqid edərdilər, amma bunu gün işığına çıxarmağa heç kim cəsarət etmirdi... “Molla Nəsrəddin” söz və rəsmləri ilə buna hücum etdi. Həm də elə güclü və elə parlaq şəkildə hücum etdi ki, bəzisi qəhqəhə çəkir, bəziləri isə qəzəbdən zəhər saçırdılar”, - alman yazıçısı Artur Layst yazırdı.
O zamanın ruhani şəxsləri Mirzə Fətəli Axundzadənin islamı tənqid etdiyinə görə müsəlman qəbiristanlığında dəfn olunmasına da qarşı idilər. Bu, yalnız Qriqol Orbelianinin işə qarışmasından sonra mümkün olub.
Mirzə Fətəli ilə birlikdə panteonda onun həyat yoldaşı Tubu Axundzadə, onların ailə üzvləri və yaxın qohumları dəfn olunublar. Onun büstü 1985-ci ildə heykəltaraş Konstantin Merabişvili tərəfindən hazırlanıb.
Müəllif: Tea TOPURİA
Mənbə: radiotavisupleba.ge
Gürcü dilindən tərcümə etdi: Aynurə ƏLİYEVA